Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-436/2022 16.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Müseyib qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı2 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, 1991-ci ildə X6 ilə nikaha girmiş və Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bundan sonra o, həmin ünvanda yaşamağa başlamış, X6 ilə Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığı müddətdə digər iddiaçılar anadan olmuşdur. 2021-ci ildə X4 ölmüş və bundan sonra X3 müxtəlif vasitələrlə onu, eləcə də digər iddiaçıları yaşadıqları evdən çıxartmağa çalışmışdır. Hətta Cavabdeh onların qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun, İddiaçı1 və İddiaçı3 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmişdir. Lakin onun, İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətləri əsasında Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun, İddiaçı1 və İddiaçı3 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüquqlarının olduğu müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh hazırda da onların qeyd olunan mənzildə yaşayış hüquqlarının təmin olunmasına mane yaradır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı3 İlyas oğlu hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar məhkəmə iclasında iştirak etmir. Sonda İddiaçı2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh iddiası ilə onun, İddiaçı2 və İddiaçı3 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə itirilmiş hesab edilmişdir. X10 Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun, İddiaçı2 və İddiaçı3 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüquqlarının olduğu müəyyən edilmişdir. Hazırda isə cavabdeh onları həmin mənzildə yaşamaq üçün buraxmır və qapının qıfılını dəyişdirmişdir. Buna görə də o və digər iddiaçılar Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı3 İlyas oğlu hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar məhkəmə iclasında iştirak etmir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası tərəfindən ona vəsiyyət edilmiş və onun adına sənədləşdirilmişdir. İddiaçılardan İddiaçı2 onun mərhum qardaşı X1 arvadı, İddiaçı1 və İddiaçı3 isə onun həmin qardaşının uşaqlarıdır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsalar da, 2001-ci ildən yaşamaq üçün Tovuz rayonuna getmiş və orada yaşamağa başlamışlar. Hazırda da həmin mənzildə yaşamırlar və yalnız ona maneələr yaratmaq üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. O, hətta hazırda da xəstə və ahıl yaşda olan anasına özü xidmət etsə də, İddiaçı2 gəlin kimi heç bir vaxt öz öhdəliklərini icra etməmiş və qaynanasına xidmət göstərməmişdir. Buna görə də iddia təmin edilməməlidir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ Cavabdeh məxsusdur və Cavabdeh həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində 19 yanvar 2021-ci ildə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 140314 nömrəli, 09 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 dekabr 2020-ci ildə ölmüşdür. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı2, İddiaçı1 və İddiaçı3 qarşı cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(044)-1163/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(044)- 1163/2021 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh İddiaçı2, İddiaçı1 və İddiaçı3 qarşı cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia tələb təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(102)-2901/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(104)- 890/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)- 890/2022 nömrəli qətnaməsi ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüquqları vardır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 həmin evdən istifadə hüquqları olduğundan, bu hüquq yalnız Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada, yəni müvafiq kompensasiya verilməklə xitam edilə bilər. Hazırki halda isə Cavabdeh iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 həmin evdən istifadə hüququna və onların həmin evdə yaşayış hüquqlarının həyata keçirilməsinə mane törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının olduğu müəyyən edildiyinə görə, həmin şəxslərin qeyd olunan mənzildə istifadə hüquqlarının olub-olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı münasibətlər Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. «X5rşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsinin 24 noyabr 1986-cı il tarixli Qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, cavabdehlərin müəyyən müddət ərzində başqa yerdə yaşamasına baxmayaraq, həmin mənzillə daim əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddiası təmin edilsin. İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı2, İddiaçı1 və İddiaçı3 xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-436/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-436/2022
16.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver