Məhkəmə qərarları › İş №2(125)-440/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-440/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-440/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 ata qrafasında X7 və ana qrafasında X10 yazılmaqla xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, rəhmətlik atası X11 xx.xx.1959-cu ildə valideynləri X7 ilə X5 birgə nikahlarından Ermənistan Respublikasının Yerevan şəhərində doğulmuşdur. Atasının doğum haqqında şəhadətnaməsi olmuş, doğumu qeydə alınmışdır. Lakin təəssüf ki, şəhadətnaməni tapa bilmirlər. Belə ki, atası pasport almış, nikaha daxil olmuş, bütün sənədləri qaydasında olmuşdur. Atasıgil 5 uşaq olmuşlar, iki qardaş və üç bacı. Atası xx.xx.2024-cü il tarixdə, anası X8 isə xx.xx.2023-cü il tarixdə rəhmətə getmişlər. Rəhmətlik atasından ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Lakin 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində onlara bildirmişlər ki, atasının doğum haqqında şəhadətnaməsi lazımdır. Lakin atasının doğum haqqında şəhadətnaməsini tapa bilməmişlər. Bununla əlaqədar Gəncə şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin imtina məktubu vermişdirlər. Atasının ata qrafasında babasının və nənəsinin adı yazılmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsi zəruridir, çünki vərəsəlik əməliyyatı üçün atasının vərəsələri olan valideynləri haqqında məlumatlar zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, atasından miras qalmış evi adına keçirmək istəyir, ancaq atasının doğum haqqında şəhadətnaməsi olmadığından vərəsəlik işi açılması mümkün deyildir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilərək, qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dinlənilən X9 ifadəsində göstərdi ki, Ərizəçi qardaşının nəvəsidir. Raufun atası Tofiq isə qardaşı Cabbarın oğludur. Qardaşı oğlu Tofiq Ermənistanın Kutayski rayonu Kapitan kəndində anadan olmuşdur. Qardaşı oğlu Tofiqin doğumu Ermənistanda qedə alınmışdır və şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamə ilə pasport almışdır. Tofiq 1977ci ildə Gəncə şəhərində evlənib, xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Tofiqin doğum haqqında şəhadətnaməsi olmuşdur, ancaq ölümündən sonra sənəd tapılmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dinlənilən X12 ifadəsində göstərdi ki, ərizəçi Raufun bibisidir. Qardaşı Tofiq 1959-cu ildə Ermənistanda doğulmuş, hərbi xidmətə getməmiş evlənmişdir. Tofiq öləndən sonra bilmişlər ki, doğum haqqında şəhadətnaməsi tapılmır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Vİİ-JQ 411272 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1981-ci ildə anadan olmuş Ərizəçi ata qrafasında X11, ana qrafasında isə X1 qeyd edilmişdir. İİ-JQ 264729 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X6 nikahları xx.xx.1978-ci ildə Azərbaycan SSR Kirovabad şəhər VVAQ şöbəsində qeydə alınmış, X4 24 may 1959-cu ildə Ermənistan SSR Yerevan şəhərində doğulduğu qeyd edilmişdir. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci ildə anadan olmuş X3 ata qrafasında X7, ana qrafasında isə X2 qeyd edilmişdir. AZ-İİ 377825 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü ildə ölmüşdür. AZ-İİ 443135 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 Ermənistan Respublikası Yerevan şəhərində doğulmasını təsdiq edəcək sənədlər təqdim olunmadığına görə doğum haqqında akt qeydinin bərpa olunması mümkün olmamışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhər Qeydiyyat şöbəsinin arxivində xx.xx.1959-cu ildə Ermənistan Respublikası Yerevan şəhərində anadan olmuş X4 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə, habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi atası mərhum X11 xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş və bu barədə doğumu qeydə alınaraq atası X7, anası X2 qeyd olunmuşdur. Ərizəçi mərhum atası X4 doğum haqqında şəhadətnaməsi itdiyi üçün doğum akt qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəçi tərəfindən kifayət qədər sənəd təqdim edilmədiyi üçün doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də ərizəçi atasından miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik məsələlərini həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, X4 xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X7, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X7, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar