Məhkəmə qərarları › İş №2(125)-441/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-441/2025

15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-441/2025 15.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X28 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər - Maraqlı şəxs və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “şəxsin doğum faktının müəyyən edilməsi və hüquqmüəyyən edici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər - Maraqlı şəxs və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “şəxsin doğum faktının müəyyən edilməsi və hüquqmüəyyən edici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının xx.xx.1938-ci il tarixdə doğulması və Gəncə şəhəri X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi - X2nun anası, Əliyeva (Binnətova) Rahilə İlyas qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Nənəsinin doğum haqqında şəhadətnaməsi nə qeydiyyat şöbəsində, nə də arxivdə aşkar olunmamışdır. Nənəsinin soyadı X2nun doğum haqqında arayışda və əmisi (hər ikisi nənəsinin uşaqlarıdır) X9 doğum haqqında şəhadətnamədə “Əliyeva” kimi göstərilmişdir. Amma digər sənədlərdə - nənəsinin ölüm haqqında şəhadətnaməsində və nənəsinin adına verilmiş mülkə dair qeydiyyat vəsiqəsində onun soyadı “Binnətova” kimi göstərilmişdir. Nənəsinin doğum haqqında sənədi olmadığı üçün onun adına olan ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsində problem yarandığı üçün nəvə olaraq nənəsinin xx.xx.1938-ci il tarixdə anadan olma faktının müəyyən olunması və ünvan 1 ünvanında olan mənzilə dair verilmiş xx.xx.2003-cü il tarixli 19439 nömrəli Qeydiyyat vəsiqəsinin nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olma faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, ərizəçinin nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızı xx.xx.1938-ci il tarixdə anadan olmuş, lakin onun doğumu nədənsə qeydə alınmamışdır. Lakin həmin faktı şahidlər təsdiq edə bilər. Belə ki, Əliyeva (Binnətova) Rahilə İlyas qızı sağ ikən doğum tarixini öz qohumlarına demişdir. Hazırda onun adında ünvan 1 ünvanında olan mənzil vardır. Şəxsin doğum faktı və xx.xx.2003-cü il tarixli, 19439 nömrəli Qeydiyyat vəsiqəsinin Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olması müəyyən edilmədiyindən ərizəçi nə vərəsəlik qaydasında həmin əmlaka miras payını müəyyən edə bilir, nə də ünvan 1 ünvanında olan mənzilin mirasqoyana məxsusluğu müəyyən edilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə müraciət etməyi tövsiyə edir. Odur ki, ərizəçinin doğma nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının xx.xx.1938-ci il tarixdə doğulması və Gəncə şəhəri X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X4 mərhum Əliyeva (Binnətova) Rahilə İlyas qızının xx.xx.1938-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasına hər hansı etirazlarının olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, o, xx.xx.1949-cu ildə anadan olmuşdur. Ərizəçi onun dayısı Nurəddinin nəvəsidir. X17 dayısının arvadı olmuşdur. X17 özünün deməsinə görə 15 avqust 1938-ci il təvəllüddür. Onların toyu Samux rayonunda olmuş, toydan sonra ərinin soyadı olan Binnətova soyadını daşımışdır. Bildiyinə görə dayısı arvadı Əliyeva (Binnətova) Rahilə İlyas qızının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində evi miras qalmışdır. Əliyeva (Binnətova) Rahilə İlyas qızı bir neçə il olar ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, Ərizəçi onun xalası nəvəsidir. Xalası Əliyeva (Binnətova) Rahilə İlyas qızı özünün deməsinə görə 15 avqust 1938-ci ildə anadan olmuşdur. Onun qızlıq soyadı Əliyeva olmuşdur. Bildiyinə görə xalası Əliyeva (Binnətova) Rahilə İlyas qızının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində evi miras qalmışdır. X17 bir neçə il olar ölmüşdür. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; XİV-JQ 441143 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X13r. Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında 06 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X12 16 fevral 1958-ci il tarixdə Samux rayonu, Qovlarsarı kəndində anadan olmuşdur. Bu barədə 31 mart 1958-ci il tarixdə Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyində 48 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atalığı müəyyən olunmamış, anası X14r. AZ- 132690 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 26 sentyabr 1959-cu ildə Samux rayonu, Qovlarsarı kəndində anadan olmuşdur. Atalığı müəyyən olunmamış, anası X14r. AZ-İİ 438834 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 iyul 2024-cü il tarixdə “ürək dayanmasından” qəfləti ölmüşdür. AZ-İ 930657 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 10 fevral 2018-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş işemik xəstəliyindən” ölmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux Rayon Dövlət Arxivinin 04 sentyabr 2024-cü il tarixli, 3-48-39RA/2-Ə-256/1/2024 nömrəli məktubundan görünür ki, mərhum Əliyeva (Binnətova) Rahilə İlyas qızının Samux rayon Kolayır kəndi 1938-ci il doğum haqqında akt qeydi mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Maraqlı şəxs 01 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13/34 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr xidməti və Maraqlı şəxs arxiv məlumatları üzrə yoxlama aparılmış və Binnətova (Əliyeva) Rahilə İlyas qızı barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, ərizənin təmin olunması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 15 yanvar 2025-ci il tarixli, 3-16-5/8-Ə-12-xx/xx/2025 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Binnətova (Əliyeva) Rahilə İlyas qızı barəsində “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində nikah haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxs arxivində saxlanılan 1956-2018-ci illər üzrə nikah haqqında akt qeydləri yoxlanılmışdır. Gəncə şəhəri X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi bina 7, mənzil 5-də yerləşən 29,2 kvadratmetrdən yaşayış otağından ibarət yaşayış evi X6 adına mülkiyyət hüququ əsasında 09 dekabr 2003-cü ildə qeydə alınmışdır. Bu barədə 28 nömrə ilə reyestr kitabına yazılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 02 may 2025-ci il tarixli, 3-21-3-33/2-7-0072- 8/2025 nömrəli məktubdan görünür ki, mərhum X12 və X6 vərəsəsi olmaq barədə müvafiq sənədin əlavə edilmədiyi, həmçinin hüquq sahibinin soyadında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin apraılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının müraciətə əlavə edilmədiyi müəyyənləşmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas onun nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini Ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızı 15 avqust 1938-ci ildə doğulmuşdur. Bu fakt məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X7 izahatları ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X10 və X7 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə həmçinin, qeyd edir ki, Ərizəçi lazımi sənədləri alması üçün mərhum nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Əliyeva (Binnətova) Rahilə İlyas qızının doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin mərhum nənəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsi Əliyeva (Binnətova) Rahilə İlyas qızının doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi nənəsinin adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Əliyeva (Binnətova) Rahilə İlyas qızının xx.xx.1938-ci ildə doğulması ərizəçinin nümayəndəsinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Bundan başqa ərizəçi hazırkı ərizəsində həm də Gəncə şəhəri X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsinin Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə qeyd edir ki, həmin hissədə də ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, və işdə olan Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsi surətini əlaqəli təhlil etdikdə qeyd olunan sənədin Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olması müəyyən etmək olur. Lakin ərizəçi qeyd edilən uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də ona sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Odur ki, məhkəmənin yekun qənaətinə əsasən Ərizəçi ərizəsi təmin edilməli: - 10 fevral 2018-ci ildə ölmüş Əliyeva (Binnətova) Rahilə İlyas qızının xx.xx.1938-ci ildə doğulması faktı müəyyən edilməlidir. - Gəncə şəhəri X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsinin Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 10 fevral 2018-ci ildə ölmüş Əliyeva (Binnətova) Rahilə İlyas qızının xx.xx.1938-ci ildə doğulması faktı müəyyən edilsin. Gəncə şəhəri X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 19439 nömrəli qeydiyyat vəsiqəsinin Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar