Məhkəmə qərarları › İş №2(125)-444/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-444/2022

20.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-444/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən mülkə (bundan sonra – mübahisəli mənzil) cavabdehlərin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk onun mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olsada, lakin həmin ünvanda yaşamırlar. Cavabdeh1 hal-hazırda həbsdədir və Cavabdeh2 Rusiya Fedarasiyası vətəndaşıdır.Həmçinin cavabdehlər qızının övladlarıdır. Cavabdehlərin həmin mülkdə onun iradəsinə zidd olaraq pasport qeydiyyatında olması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Hazırda cavabdehlərin onun evində formal olaraq pasport qeydiyyatında dururlar. Onların bu evdəki qeydiyyatı yalnız formal xarakter daşıyır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Kəpəz Rayon Xalq Deputatları Soveti tərəfindən verilmiş 60 saylı, xx.xx.1991-ci il tarixli orderin surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-mik, ev 8, 66 saylı mənzil arvadı Nazlı, oğlu Samir və qızı Arzudan ibarət tərkibdə ailəsiylə İddiaçı veilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* saylı, xx.xx.2009-cu il tarixli Çıxarışına əsasən, ünvan 1 ünvanı tam şəkildə mülkiyyət hüquqları ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-mik, ev 8, 66 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, babası İddiaçı məxsus mənzildə yaşamır. İddianı etiraf etməklə qəbul edir. İddiaçı iddiasının təmin edilməsini və həmin mənzildən onun istifadə hüququna xitam verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. “Elektron Məhkəmə” sisteminə verilmiş sorğu əsasında əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası sərhədlərindən çıxmış və daha sonra ölkəyə girişi rəsmi qeydə alınmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı məsələ həll edilərkən, əvvəlcə həmin şəxslərin qeyd olunan evdən əvvəllər istifadə hüququnun ümumiyyətlə yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının adına 1991ci ildə verilmiş, xx.xx.2009-cu ildə isə xüsusi mülkiyyət qismində qeydə alınmışdır. Həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi xahiş olunan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 doğulduğu vaxt - mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ona qarşı “mənzildən istifadə hüququnun itirilmış hesab edilməsi” tələbinə dair iddiasını etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası sərhədlərindən çıxması müəyyən edilmişdir. Beləliklə, Cavabdeh2 özünə başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzili tərk etmişdir. Cavabdeh2 mübahisəli mənzili tərk etməsinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, o, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin işin faktiki hallarından da aydın olur ki, Cavabdeh2 mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Həmin müddət ərzində mübahisəli mənzildə yaşamamış olması Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq yaşayış sahəsindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onun bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-mik, ev 8, 66 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar