Məhkəmə qərarları › İş №2(125)-4464/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4464/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4464/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Quliyev Camal Yusifəli oğlu Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) nəqliyyat vasitəsinin BD seriyalı, 239832 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mərhum anası X1 mülkiyyətində olmuş ** EN *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» minik markalı, 2008-ci il buraxılış ili olan avtomobildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, miras qoyan mərhum X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Qanunvericiliyin qeyd olunan normalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi xx.xx.2023cü il tarixdən sonra açılmış mirasa münasibətdə mirasın qəbul institutu deyil, imtina institutu tətbiq edilməlidir. Yəni vərəsə tərəfindən miras əmlakdan notarial qaydada imtina edilmədiyi təqdirdə vərəsə miras əmlakı qəbul edilmiş sayılır. Hazırki halda isə miras xx.xx.2023-cü il tarixdən sonrakı tarixdə xx.xx.2025-ci il tarixdə açılmışdır. Buna görə də hazırki halda «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» faktının müəyyən edilməsi hüquqi nəticəyə səbəb deyildir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Buna görə də Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, Ərizəçi mirasda payın müəyyən edilməsi barədə notariat ofisinə, notariat ofisinin hərəkətlərinin qanuniliyini mübahisələndirdiyi halda həmin qərardan ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar