Məhkəmə qərarları › İş №2(125)-4467/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4467/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4467/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə görə pul” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona kompensasiya verilməklə, ümumi əmlakdakı paya hüququnun itirilməsi və ya onun tərəfindən ona kompensasiya ödənilməklə onun paya hüququnun itirilməsinə və ya avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə və ödədiyi dövlət rüsumu olaraq 100 manat pulun da cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin 19 avqust 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən ona 2000 (iki min) manat kompensasiya verməklə ümumi əmlakdakı paya hüququnun itirilməsinə və ya avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə və ödədiyi dövlət rüsumu olaraq 100 (bir yüz) manat pulun da cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq əridir. Onunla birgə nikah dövründə “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən avtomobilin ½ hissəsi üzərində onun mülkiyyəti hüququ tanınmışdır. Hazırda avtomobil cavabdehin istifadəsindədir və o, mülkiyyət hüququndan istifadə edə bilmir. Mübahisəli əmlakdan payın ayrılması açıq-aşkar mümkün deyildir, buna görə də o, avtomobildən ona düşən payın ödənilməsini tələb etmiş, cavabdeh isə razılıq verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh kompensasiya verilməsi hissəsində iddia tələbini etiraf edərək izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6501/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə X3 ilə onun arasında bağlanılmış, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Mübahisəli avtomobilin naturada bölünməsi mümkün deyil, eyni zamanda həmin avtomobilin hərracda da satılmasını istəmir. Lakin İddiaçı mübahisəli avtomobil üçün 2000 manat məbləğində kompensasiya verməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini, 2000 manat verməklə iddiaçının avtomobilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı tərəfindən Cavabdeh göndərilmiş bildirişdə bildirilmişdir ki, “Gəncə Şəhər Məhkəməsinin 2(125)-6501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi üzərində mənim mülkiyyət hüququm tanınmışdır. Həmin maşının hazırki bazar qiyməti 4000 manat təşkil edir. Odur ki, sənin payına düşən 2000 manatı sənə təklif edirəm ki, ½ payını mənə satasan. Əks təqdirdə mən payıma düşən 2000 manat pulu mənə ödəyəcəyi təqdirdə mən özümə düşən payı sənə satmağa razılıq verirəm, yaxud digər şəxsə satılsın, satışdan əldə olunmuş pul paylara uyğun bölünsün.” Gəncə Şəhər Məhkəməsinin 2(125)-6501/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X3 ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli, ƏQ-360/2024 nömrəli “daşınar əmlakın qiymətləndirilməsi” barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh ilə bağlanılmış 09 avqust 2024-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə əsasən X2 məxsus “QAZ” markalı, “3110 minik” modelli, 1998-ci il buraxılışlı, “Qara” rəngli, **-BO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilinin real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən X2 məxsus “QAZ” markalı, “3110 minik” modelli, 1998-ci il buraxılışlı, “Qara” rəngli, **-BO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli minik avtomobilinin xx.xx.2024-cü il tarixə real bazar dəyəri 2100 (iki min yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6501/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh X3 ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Lakin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan avtomobilin ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədə də razılığa gələ bilməmişlər. Mübahisəli avtomobilin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Ona görə də iddiaçı kompensasiya, əmlakın açıq hərracdan satılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə kompensasiya verilməsi hissəsində iddia tələbini etiraf edərək, mübahisəli avtomobilin satılmasını istəmədiyini, İddiaçı mübahisəli avtomobil üçün 2000 manat kompensasiya verməyə razı olduğunu bildirmiş və iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı kompensasiya tələb etməsi, bu mümkün olmaqdıqda isə əmlakın açıq hərracdan satılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan avtomobilə dair Cavabdeh tərəfindən İddiaçı 2000 (iki min) manat məbləğində kompensasiyanın ödənilməsini şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan avtomobilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı kompensasiya, əmlakın açıq hərracdan satılmasını tələb etmişdir. Cavabdeh isə iddiaçıya payının əvəzinə pul kompensasiyası verməyə razı olduğunu bildirərək həmin hissədə iddia tələbini etiraf etmişdir. Ona görə də iddiaçının tələbi əsaslı və təmin olunmalıdır. Məhkəmə həmçinin öz qənaətini həm də onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün cavabdeh tərəfindən iddiaçıya payının əvəzinə pul kompensasiyası verilməsi paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 2000 (iki min) manat məbləğində kompensasiya verilməklə İddiaçı “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüquqlarına xitam verilməlidir. Hazırkı qətnamə mübahisəli avtomobildən iddiaçının mülkiyyət hüquqlarına xitam verilməsi ilə sonuncuya cavabdeh tərəfindən kompensasiyanın verilməsi (ödənilməsi) eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 2000 (iki min) manat məbləğində kompensasiya verilməklə İddiaçı “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüquqlarına xitam verilsin. Hazırkı qətnamə mübahisəli avtomobildən mülkiyyət hüquqlarına xitam verilməsi ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar