Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-447/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış binasından məcburi qaydada çıxarılması, obyektin qapısının açılması, onlara məxsus əşyaları ilə birlikdə onlara təhvil verilməsi, cavabdehin ona məxsus qeyri-yaşayış binasının işlədilməsi ilə ona ödəmədiyi 10.000 manat icarə həqqı tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri- yaşayış binasından məcburi qaydada çıxarılması, obyektin qapısının açılması, ona məxsus əşyaları ilə birlikdə onlara təhvil verilməsi, cavabdehin ona məxsus qeyri- yaşayış binasının işlədilməsi ilə bağlı ödəməli olduğu 10000 manat icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehdən tələb etdikləri 10.000 manat pulu icarə haqqı kimi deyil, obyektin qapısını bağlayıb onları obyektə buraxmadığı üçün 10000 manat zərəri tələb etdiklərini bildirmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddiaya dəqiqləşmə verildiyi kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən, əsas sahəsi 220 kv.m olan "Oznura" kafesini 2022-ci ilin aprel ayında 2 ay sınaq müddəti ilə cavabdehin icarəsinə vermişdir. Mərhum ərinə məxsus qeyri-yaşayış sahəsinin hər ayına görə 3000 manat pul almağa razılaşmışdır. Cavabdeh ilk olaraq ona 2000 manat pul vermişdir. 900 manatı isə qaza-işığa görə verməli idi. İyun ayının 10-da cavabdeh ona icarə haqqı verməli idi. O, ayın 10-da icarə haqqını istəmişdir. Cavabdeh bildirmişdir ki, ayın axırı gəlsin. O, isə Bakıya gedəcəyini və pulu kartına vurmasını demişdir. 29 iyunda yenə cavabdehə zəng edib pulu istədikdə cavabdeh pulu poçtla göndərdiyini demişdir. O, poçta gedib pulun 900 manatının göndərildiyini görmüşdür. Niyə pulun hamısını göndərmədiyini soruşmuş cavabdeh isə pulu 2-3 günə göndərəcəyini demişdir. Bundan sonra cavabdeh onun telefonunu götürməmişdir. O, obyektə getdikdə ona müxtəlif bəhanələr gətirib ondan gizlənmişlər. Ən nəhayət o, yenə obyektə getdikdə obyektin qapısının qıfılını dəyişdiklərini görmüşdür. Artıq 5 aydır ki, cavabdehlər obyekti istifadə edib icarə haqqı vermirlər. Obyektin istifadə edilməsinə görə işığa, qaza, suya görə borc yaranmışdır. Bu pul da ödənilməmişdir. Bir sözlə özünə məxsus obyektə onu buraxmamışdırlar. Onlara görə obyektə baxış keçirib ərazi idarəsi çıxarış verə bilmir. Ona görə də cavabdeh ona məxsus obyektdən məhkəmə qaydası ilə çıxarılmalı, obyektin qapısı açılmalı, obyekt ona məxsus əşyalarla birlikdə ona təhvil verilməli, obyekti istifadə etməyə görə icarə haqqı kimi 10.000 manat pul cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təkrar olaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyət başçısının xx.xx.2014-cü il tarixli, 760 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən 220,0 kv.m torpaq sahəsində X10 tərəfindən iaşə obyektinin yerləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X2 Ekspertiza Baş idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 19173 nömrəli rəyin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, dəmir yolu mədəniyyət evinin şərq tərəfində iaşə üzrə bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı müraciəti əsasında vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsəlik işi açılmışdır. X7 vərəsəsi İddiaçıdır. Bununla əlaqədar Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində (220.0 kv metr torpaq sahəsində) yerləşən iaşə obyektinə dair Çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli, 1 nömrəli icarə müqaviləsinin surətində qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kvm olan “Öznura” kafesini xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hər il üçün 500 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/486 nömrəli rəyindən görünür ki,xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin “İcarəyə verən” qrafasında “M.Y” yazılarının üst hissəsindəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kv.m olan iaşə obyekti iddiaçının əri X5 miras qalaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı iddia etmişdir ki, qeyd olunan iaşə obyektini öz aralarında olan şifahi razılıaşmaya əsasən cavabdehə 2 ay sınaq müddəti ilə icarəyə vermişdir. İcarə haqqını hər aya görə 3000 manata razılaşmışlar. Cavabdeh 2000 manat və 900 manat qaza-işığa görə ödəniş etdikdən sonra razılaşdıqları qaydada pulu ödəməmişdir. Həmçinin sözügedən iaşə obyektinə çıxarış əldə etmək üçün səlahiyyətli şəxslər tərəfindən obyektə baxış keçirilməsinə şərait yaratmaması və qapının qıfılını dəyişərək özünə məxsus obyektə buraxmaması nəticəsində məcburi qaydada qeyd edilən obyektdən çıxarılması və əldən çıxmış fayda olaraq 10000 manat zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək mübahisəli iaşə obyektinə dair onunla iddiaçı arasında icarə müqaviləsi bağlandığını və müqavilənin şərtlərinə görə ildə 500 manat icarə haqqı ödəməsi barədə razılığa gəldiklərini ondan 2000 manatını ödədiyini yerdə qalan pulu obyekt işləmədiyinə görə ödəmədiyini göstərmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi mübahisəli iaşə obyekti onun sahibliyində və istifadəsində olmaqla, həmin hal məhkəmə araşdırması zamanı da mübahisələndirilməmişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı qeyd olunan obyekti cavabdehə aylıq 3000 manat ödəmək şərti ilə icarəyə vermişdir. Lakin cavabdeh aralarında olan razılaşmanın şərtlərinə əməl etmədiyi üçün iddiaçı keçən müddət ərzində obyektin boşaldılmasını tələb etsə də, cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncunun sahibliyində və istifadəsində olan obyekti əsassız istifadəsində saxladığı üçün iddiaçı 10000 manat zərərin ödənilməsini və ona məxsus obyektin boşaldılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı ilə aralarında icarə müqaviləsi bağlandığını və həmin müqaviləyə əsasən ildə 500 manat icarə haqqı ödəməli olduğuna dair göstərdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, ekspert rəyi ilə müəyyən olmuşdur ki, cavabdehin iddia etdiyi icarə müqaviləsindəki imza iddiaçı tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-in 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. MM-in 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq iddiaçının tələbi ilə onun sahibliyində və istifadəsində olan iaşə obyektindən çıxmamış, hüquqi əsas olmadan istifadə etməklə iddiaçıya əldən çıxmış fayda olaraq zərər vurmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılmalı, həmin obyektin qapısı acılaraq əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməli və əldən çıxmış fayda olmaqla 10.000 (on min) manat məbləğində zərər (əldən çıxmış fayda) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılsın, həmin obyektin qapısı acılaraq əşyaları ilə birlikdə İddiaçı təhvil verilsin. Cavabdeh əldən çıxmış fayda olmaqla 10.000 (on min) manat məbləğində zərər alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-447/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-447/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver