Məhkəmə qərarları › İş №2(125)-4531/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4531/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4531/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Q Forfarist, BY sahə 51 ünvanda yerləşən mülkdən Cavabdeh istifadə hüququna xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Q Forfarist, BY sahə 51 ünvanda yerləşən ev onun tam pay hüququ ilə xüsusi mülkiyyətindədir. Həmin ev ona atası tərəfindən bağışlanılmışdır. Evdə qeydiyyatda olan, ancaq faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış və iddia tələbi təmin edilmişdir. Ancaq hazırki iş üzrə Cavabdeh münasibətdə iddia tələbinə Gəncə Şəhər Məhkəməsində baxılmalı olması ona izah edilmişdir. Belə ki, hazırki iş üzrə Cavabdeh onun doğma bacısıdır. O, 2015-ci ildə ailə qurmuş və onun yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evdən bir qədər aralıda yerləşən ər evində yaşayır. Yaşadığı ər evinin də müvafiq çıxarışı vardır. Ancaq 9 ildən artıqdır ki, bacısı daimi yaşamaq üçün ər evinə köçsə də, hələ də hazırda onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qalmaqdadır. Cavabdehin onun mülkiyyətində pasport qeydiyyatında qalması səbəbindən o, əlavə kommunal xərclər ödəmək məcburiyyətindədir. Odur ki, Cavabdeh mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi haqqında qərar çıxarılmasını iddia edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 2023-cü ildən həmin evdə yaşayır. Ailəsi dağılandan sonra 100 manat alimentlə uşağın saxlanılmasında da çətinlik çəkdiyindən həmin evdə yaşamağa başlamışdır. Yaşlı anası, xəstə qardaşı vardır. Onlara özü qulluq edir. Hazırki iş üzrə Cavabdeh özü də ailələidir, öz evləri vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1993cü ildən bəri həmin evdə yaşamışdırlar. 2007-ci ildə qeydiyyata düşmüşdür. 2014-cü ildə ailə qurub gəlin köçmüş, 2015-ci ildə həmin evə qayıtmışdır. Kommunal xərcləri ödəmişdir. 2020-ci ildə bacısı Aybəniz onu evdən çıxarmışdır. Hal-hazırda qeydiyyatda düşməsi üçün başqa yer yoxdur, ailəsi ilə birlikdə Məhsəti qəsəbəsində kirayədə qalır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********56-11301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, “Farforist” bağçılıq yoldaşlığı sahə 51 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən Gəncə şəhəri, Məhsəti Gəncəvi qəsəbəsi, 11-ci küçədə yaşamır, ailə qurub başqa ünvanda yaşayır və pasport qeydiyyatı 11-ci küçədədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Sevinc qəsəbəsi, Farforist BY sahə 51 ünvanda qeydiyyatdadır. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Sevinc qəsəbəsi, “Farforist” bağçılıq yoldaşlığı sahə 51 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1157/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə iddia qismən təmin edilmiş, üçüncü şəxslər X10, X4, X2, X6 və X5 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi,“Farforist” bağçılıq yoldaşlığı, sahə 51 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmuş, iddia üçüncü şəxslər Cavabdeh, X1 və X3 münasibətdə təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Mənzil Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan bağ evi tərəflərin ata evi olmuş, Cavabdeh 1993-cü ildən həmin evdə yaşamaqla 2007-ci ildə qeydiyyata alınmışdır. Cavabdeh 2014-cü ildə ailə quraraq ər evinə gəlin köçmüş, 2015-ci ildə yenidən ata evinə hazırki mübahisələndirilən evə köçərək 2020-ci ilə qədər əri və uşaqları ilə həmin evdə yaşamışdır. Ailələrində olan münaqişəyə görə cavabdeh 2020-ci ildə ailəsi ilə birlikdə köçərək kirayədə yaşamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamasının səbəbini qeydiyyata düşməsi üçün başqa yeri olmaması ilə əlaqələndirmişdir. Göründüyü kimi, Cavabdeh 4 ildir ki, ailəsi ilə birlikdə başqa ünvanda kirayədə yaşamışdır. Bacısı (iddiaçı) tərəfindən onun mənzildən çıxarılmasını iddia etsə də, keçən müddət ərzində iddiaçının hərəkətlərinə qarşı tədbir görməmiş, həmin ünvana köçürülməsini tələb etməmişdir. Halbuki, yuxarıda qeyd olunun qanunvericiliyin tələbindən görünür ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi bağ evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə onun adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, “Farforist” bağçılıq yoldaşlığı sahə 51 ünvanında yerləşən bağ evindən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar