Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4544/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X1 işləməsi və 70 yaşdan çox yaşı olan anası xx.xx.2022-ci il tarixdən vəfat etdiyi xx.xx.2006-cı il tarixədək qulluq etdiyi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi tərəfindən təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X1 işləməsi və xəstə anasına qulluq edilməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmiş, X1 işləməsi faktının müəyyən olunması tələbini həmin Texnikumda xx.xx.1997-ci ildə yanğın olması və əmək kitabçasının yanması ilə əsaslandırmışdır. Halbuki, əmək kitabçasının dublikatının verilmə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları»nda təsbit edilmiş, həmin Qaydalarda əmək kitabçasının dublikatının verilməsi işəgötürənin vəzifəsi kimi müəyyənləşdirilmişdir. Həmin Qaydaların 5-ci bəndinə görə Əmək kitabçası (əlavə içlik) itirildikdə, oğurlandıqda və ya yararsız hala düşdükdə, işçi işə bərpa edildikdə işçinin xahişi ilə ona əmək kitabçasının (əlavə içliyin) dublikatı verilməlidir. Bu halda işçi sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməlidir. İşəgötürən 15 (on beş) gün müddətində bu müraciətə baxıb onu həll etməlidir. İşçiyə verilən yeni əmək kitabçasının (əlavə içliyin) birinci səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «dublikat» sözü yazılır. Əmək kitabçasının (əlavə içliyin) dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının (əlavə içliyin) dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq sənədlərə əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Bundan başqa, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əmək kitabçasının dublikatının əldə olunması üçün işəgötürənə, işəgötürənin qərarlarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyini mübahisələndirdiyi halda isə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» tələbinə dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4544/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4544/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver