Məhkəmə qərarları › İş №2(125)-4568/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4568/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4568/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan təlbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən (bundan sonra – mübahisəli mənzil) cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə mübahisəli mənzil - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57,4 kv.metr olan mənzil, orderdə iddiaçının ailə üzvləri kimi həyat yoldaşı, 1957-ci il təvəllüdlü Nümayəndə2, oğlu 1981-ci il təvəllüdlü Cavabdeh, oğlu 1983-cü il təvəllüdlü X1 və 1987ci il təvəllüdlü Nümayəndə1 göstərilməklə order əsasında 28 iyul 1992-ci ildə iddiaçının istifadəsinə verilmişdir. Cavabdeh hazırda mübahisəli mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Müdafiə Nazirliyinin balansında olan Gəncə şəhəri, Hərbişəhərcik DOS-38, mənzil 29-30 xidməti mənzil və baş kirayəçi kimi onun istifadəsinə verilmişdir. Həmin mənzildə cavabdeh, yəni oğlu 10 ildən artıq müddətdir ki, yaşamır, o, ailəsi ilə birgə Göygöl rayonu, Üçtəpə kəndində olan şəxsi özünəməxsus evdə yaşayır. Mənzildə isə onun qeydiyyatda olması formal xarakter daşıyır. Belə ki, kommunal və digər xərclər onun tərəfindən ödənilməkdədir, bu da əlavə xərc deməkdir, hansı ki, cavabdehin bu evlə heç bir bağlılığı, eləcə də əşyaları, əmlakı yoxdur. Bu da, onun üçün israfçılıq olan əlavə kommunal xərclərdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, 10 ildən çoxdur ki, cavabdeh mübahisəli mənzildə yaşamır, özünəməxsus Göygöl rayonu, Üçtəpə kəndində evi var. Hazırda mübahisəli mənzil Müdafiə Nazirliyinin balansındadır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ailə qurduqdan sonra 3 il ərzində həmin mənzildə yaşayıb, lakin digər qardaşlarının da ailə qurmasına şərait yaratmaq üçün mübahisəli mənzildən çıxmışdır. Hazırda mübahisəli mənzildə qeydiyyatda olsa da, 2006-cı ildə ailə qurmuş, 2007-ci ildən Gəncə şəhəri, Totanlı qəsəbəsində, 2009-cu ilin may ayından isə Göygöl rayonu, Üçtəpə kəndində yaşayır. Fəhlə işləyir, heç qaynatasının ona vermiş olduğu torpaq sahəsində evinin tikintisini başa çatdıra bilməmişdir. İddiaçıdan tələbi odur ki, ona ev almayıb, heç olmasa, Üçtəpədəki evinin tikintisini başa çatdırmağa dəstək olsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, 40 ildir ki, həmin mübahisəli mənzildə oğlu Sənan ilə birlikdə yaşayır, cavabdehin özü heç mübahisəli mənzildə yaşamır, uşaqlıq vaxtlarından bəri iddiaçı böyük oğlunu, yəni cavabdehi övladı kimi istəməyib, daim ona və oğlu Kənana işgəncələr verib. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi, 1 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 277 nömrəli arayışdan görünür ki, İddiaçı mübahisəli mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş, Göygöl rayonu İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 80 nömrəli arayışdan görünür ki, Cavabdeh Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi, 1 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 276 nömrəli arayışdan görünür ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş 120-40361M-3222 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli mənzil xx.xx.1992-ci ildən iddiaçının istifadəsindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatından məlum olur ki, Cavabdeh (iddiaçının oğlu) həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır, lakin o qeyd olunan yaşayış sahəsindən 2009-cu ilin may ayından daimi köçmüşdür və Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatsız yaşayır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehin istifadə hüququnun yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, orderdə adı qeyd edilən cavabdeh mübahisəli mənzildə əvvəllər uzun müddət yaşadığından onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Lakin Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, cavabdeh uzun müddətdir, ən azından 2009-cu ilin may ayından mübahisəli mənzildə yaşamamışdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamama səbəbini araşdıraraq hesab edir ki, onun uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması ailə qurmaqla daimi olaraq başqa yaşayış sahəsinə köçməsi ilə bağlı olmuşdur. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqələrini daimi olaraq kəsmişdir. Həmin cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması isə hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Eyni zamanda, məhkəmə iddiaçının cavabdehi mübahisəli mənzilə buraxmaması barədə cavabdeh tərəfin bildirdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin 10 ildən artıq müddətdə nmübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaması onun könüllü evdən çıxdığını göstərir. Beləliklə, cavabdehin sözügedən evdə uzun müddət yaşamaması, o cümlədən həmin yaşayış sahəsindən köçərək özünə başqa yaşayış yeri seçməsi iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatları ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində o, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişdir. Cavabdeh yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışdır və cavabdehin iddiaçıya məxsus evdə formal istifadə hüququnun saxlanılması iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarını tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamamaqla evlə bağlı bütün əlaqələrini daimi olaraq kəsməsi onun istifadə hüququnun qanunla müəyyən edilmiş müddətdən, yəni 6 aydan artıq saxlanılmasına yol vermir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin həmin evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar