Məhkəmə qərarları › İş №2(125)-4578/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4578/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4578/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Gəncə şəhəri, 1500 mənzilli Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 23 nömrəli 1 otaqlı mənzildən çıxarılması və 5/23 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. X5 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 04 aprel 2014-cü il tarixli bina 5/23 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Kəlbəcər rayonundan məcburi köçkün X10 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 5 nömrəli binada 23 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişlər. 13 sentyabr 2015-ci il tarixində X6 və 13 aprel 2024-cü il tarixdə X10 vəfat etmişlər. Əlavə olaraq bildirilmişdir ki, mənzili zəbt edən Cavabdeh məcburi köçkün kimi Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 22 saylı binada, 45 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 5/23 nömrəli mənzildə Cavabdeh qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 5/23 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmədə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tə\min edilməsini xahiş etmişdir Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun ailəsi 8 nəfərdən ibarətdir. İki oğlu da ailəlidir. Atası və anası vəfat etdikdən sonra ailəsi böyük olduğundan həmin ünvanda oğlunun həyat yoldaşı ilə yaşamasına icazə vermişdir. Hazırda gənc ailə kimi həmin mənzildə yaşayırlar. Başqa yerdə yaşamağa yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli 5/23 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS digər tərəfdən kirayəçi X2 müqaviləsi bağlamışlar və kirayəyə verən Gəncə şəhəri, Yeni qəsəbə, 5 nömrəli, evdə 23 nömrəli mənzildə ümumi sahəsi 43 kv.m., yaşayış sahəsi 32 kv.m. ibarət 1 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvü kimi X8 həyat yoldaşı X6 qeyd edilmişdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçinin üzərinə kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kəlbəcər Rayon Qeydiyyat şöbəsinin 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, X10 xx.xx.2024-cü ildə Gəncə şəhərində vəfat etmiş və xx.xx.2024-cü ildə Gəncə şəhər qeydiyyat şöbəsində 539 №-li ölüm haqqında akt qeydi açılmışdır. X6 13 09.2015-ci ildə Gəncə şəhərində vəfat etmiş və xx.xx.2015-ci ildə Kəlbəcər qeydiyyat şöbəsində 156 №-li ölüm haqqında akt qeydi açılmışdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 321 saylı məktubdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Yeni qəsəbə, 5 nömrəli evdə 23 nömrəli mənzili atası X10 vəfat etdiyi üçün müqavilə əsasında atasına verilmiş mənzili könüllü təhvil verməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə baxışında işin faktiki halları kimi müəyyən edildi ki, Əliyev X4 rayonundan məcburi köçkün düşmüşdür. Ona ailə üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 08 nömrəli binada 18 nömrəli 4 otaqlı mənzildə yaşayış sahəsi verilmişdir. 13 sentyabr 2015-ci il tarixdə X6 və 13 aprel 2024-cü il tarixdə X10 ölmüşdür. Sonradan onun ailə tərkibi 8 nəfərdən ibarət olduğundan əvvəllər atasının yaşadığı ünvanda yaşamağa başlamışlar. İddiaçı mübahisəli mənzilin xüsusi təyinatlı mənzil olduğunu və cavabdehin həmin mənzilə heç bir hüququnun olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehin mübahisəli xüsusi təyinatlı mənzildən çıxarılması ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özəgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.6-cı bəndinə əsasən, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin qaydaların 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmş yaşayış sahəsində faktiki, yaşamırsa yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uygun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla daha ox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına daxil olduğundan və mərhum X10 ilə bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayəçinin kirayayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi olduğundan və həmin mənzili başqa şəxslərin kirayəsinə və istifadəsinə vermək hüququ olmadığından və bu baxımdan iddia tələbi əsaslı oduğundan təmin edilməli və Cavabdeh Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 5 nömrəli evin 23 nömrəli 1 otaqlı mənzilindən çıxarılmalı və mənzil boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 5 nömrəli evin 23 nömrəli 1 otaqlı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar