Məhkəmə qərarları › İş №2(125)-4592/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4592/2025

18.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4592/2025 18.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə1, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Gəncə rayon Mənzil-istismar hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Gəncə rayon Mənzil-istismar hissəsinə qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Gəncə rayon Mənzil-istismar hissəsinə qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun və övladları – X5 və X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə ailə qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2011-ci ildə X5 və xx.xx.2013-cü ildə X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri faktiki olaraq 2024-cü ilin noyabr ayında pozulmuşdur. Hazırda cavabdehlə aralarında olan nikah pozulması tələbinə dair məhkəmədə işə baxılır. Son 14 ildə yaşadığı mənzilə cavabdeh onu buraxmır. O, mənzilin giriş qapısının qıfılını dəyişmişdir. Bu səbəbdən evə daxil ola bilmir. Bundan başqa qeyd edilən mənzildə qeydiyyatdadır və ona məxsus əşyalar həmin mənzildədir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuz olmaqla o, mənzilə köçürülməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbində qeyd edilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Gəncə rayon Mənzil-istismar hissəsinin mülkiyyətindədir. O, İddiaçı ilə 26 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuşdur. Həmin vaxt evin sahibi atası Səbuhi Bağırov olmuşdur. Lakin atası X10 06 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından hal-hazıra kimi mübahisəli mənzili nə özəlləşdirməmiş, nə də şəxsi hesab vərəqəsində mənzil sahibi kimi onun adı qeyd olunmamışdır. Cavabdeh İddiaçı ona xəyanət etdiyi üçün onunla 2024-cü ilin noyabr ayında faktiki olaraq ayrılmışdır. Aralarında olan nikah məhkəmə qaydasında artıq pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar anasının yanında saxlanılmışdır. Hesab edir ki, cavabdeh ona xəyanət etdiyi və o gələcəkdə həmin mənzilə evlənərək arvadını gətirəcəyi üçün ora köçürülə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Gəncə rayon Mənzil-istismar hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Gəncə rayon Mənzil-istismar hissəsinin mülkiyyətindədir. Həmin vaxt evə dair cavabdehin atası mərhum Səbuhi Bağırovun adına şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçı 2010-cu ildə həmin mənzilə gəlin köçərkən mənzil onun qaynatası Səbuhi Bağırovun sahibliyində və istifadəsində idi. Səbuhi Bağırovun ölümündən sonra heç kimlə mənzilə dair şəxsi hesab vərəqəsi açılmamış, nə də mənzil özəlləşdirilməmişdir. Mübahisəli mənzil xüsusi təyinatlı mənzil hesab edilir. Bu baxımdan ora razılıq olmaqdan heç kim köçürülə bilməz. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - 20 may 2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, Cavabdeh və X9 arasında 26 noyabr 2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində 959 nömrəli nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Bağırov”, arvada “Bağırova” soyadı verilmişdir. - AZ-İİ 748421 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 sentyabr 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-T 290558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 iyul 2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Gəncə Şəhər Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(125)-2445/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 noyabr 2010-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış 959 nömrəli rəsmi nikah pozulmuşdur. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə X11 adlarında yetkinlik yaşına çatmayan iki uşağın valideynlərinin boşanmasından sonra anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə X11 adlarında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmalar üçünm 12 mart 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, Cavabdeh, İddiaçı, X5 və X1 şəhəri, Hərbi şəhərcik 38, bina 400, ev 16 ünvanında pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 15 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-istismar hissəsinin 1 nömrəli Mənzil-İstismar hissəsində verilmiş 229 nömrəli şəxsi hesabdan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı X7 22 aprel 1985-ci ildə verilmişdir. Mənzilin sahəsi 47,31 kvadratmetrdən ibarət olmaqla mənzil haqqı 0,95 manatdır. - Gəncə 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT-033/2025 nömrəli arayışdan görünür ki, İddiaçı “əmlak və evə köçürülmə” tələbinə dair mübahisə predmeti ilə qeyd edilən mediasiya təşkilatına müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmənin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 26 noyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı mənzilə gəlin köçmüşdür. Həmin vaxt mənzil cavabdehin atası Səbuhi Bağırovun sahiblik və istifadəsində olmuşdur. Daha sonra Səbuhi Bağırov 06.10,2023-cü ildə vəfat etmişdir. Həmin vaxtdan sonra mənzilə dair heç kimin adına şəxsi hesab açılmamışdır. Həmçinin mübahisəli mənzil özəlləşdirilməmişdir. Tərəflərin birgə nikahlarından 2 uşaqları xx.xx.2011-ci ildə X5 və xx.xx.2013-cü ildə X6 anadan olmuşdur. Bundan sonra tərəflər 2024-cü ilin noyabr ayında faktiki olaraq ayrılmış, onların aralarında olan rəsmi nikah isə məhkəmə qaydasında 17 sentyabr 2025-ci il tarixdə pozulmuşdur. Hazırda cavabdeh iddiaçının mübahisəli mənzildə yaşamasına razı deyil. Ona görə də iddiaçı qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, cavabdeh və üçüncü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli mənzilə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə 2010-cu ildə gəlin köçməklə, orada gəlin kimi bir neçə il yaşayaraq 2024-cü ilin noyabr ayında mübahisəli evi tərk etdiyindən və həmin dövrdə və hazırda mübahisəli mənzil xüsusi təyinatlı mənzil kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətində olmaqla sahiblik hüququ ilə iddiaçının keçmiş qaynanası X7 verildiyindən iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəası tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə İddiaçı mübahisəli evin sahibi – iddiaçının keçmiş qaynatası olan X3 ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin sahibi olan hazırki iş üzrə iddiaçının keçmiş qaynatası X10 ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Digər tərəfdən iddiaçının mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçi və sahibi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, o cümlədən mənzilin mülkiyyətçisi olan Azərbaycan Respublikası Müdafiə Nazirlinin iddiaçının mübahisəli mənzilə köçməsinə dair razılığı olmadığından iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi təyinatlı mənzil katerqoriyasına aid edilməklə yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətindədir (balansındadır). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: Maddə 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin keçmiş sahibi olan mərhum X8 ailə üzvü olmadığından o, Ailə Məcəllənin 102-ci maddəsinin tələbinə görə mübahisəli mənzilə köçürülə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya münasibətdə mübahisəli mənzilə köçürülməsinə dair tələbi təmin edilmədiyindən onun faktiki olaraq himayəsində olan azyaşlı uşaqlarının da mübahisəli mənzilə köçməsi məntiqi baxımdan düzgün olmazdı. Belə ki, azyaşlı uşaqlar hazırda anası İddiaçı himayəsində olmaqla onların mübahisəli ünvana köçürülməsi faktiki olaraq anasının himayəsindən çıxması ilə nəticələnir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, İddiaçı Cavabdeh qarşı «onun və övladları – X5 və X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “onun və övladları – X5 və X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar