Məhkəmə qərarları › İş №2(125)-4594/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4594/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4594/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, onun vəkili, Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçını 06 avqust 2022-ci ildə anadan olmuş X7 ilə birlikdə iddiaçının gəlin gəldiyi və cehiz əşyalarının yerləşdiyi, cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzilinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh onun qaynanasıdır. L.V.X1 və X5 adlı 2 uşağı vardır. Cavabdeh oğlu E.İ.Qədirovla o, 14 iyun 2019-cu ildə nikaha girmiş və onlar nikahlarını qeydə aldımışlar. O, E.İ.Qədirovla el adəti üzrə toy edib, nikaha daxil olarkən ona məxsus cehiz əmlak Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzilə yığılmışdır. Onların birgə nikahından 06 avqust 2022-ci ildə X7 anadan olmuşdur. 17 fevral 2023-cü il tarixdə isə E.İ.Qədirov vəfat etmiş və 21 may 2023-cü il tarixdə L.V.Qədirov onu Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzildən qovmuşdur. Bundan sonra o, azyaşlı övladı ilə birlikdə öz valideynlərinin mülkiyyətində olan mənzildə yaşamağa başlamışdır. Cavabdeh mülkiyyətində hazırda 2 mənzil olsa da, həmin mənzillərdən heç birində yaşamağa şərait yaratmır. Buna görə də o, məcburiyyət qarşısında qalaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili X.M.Əkbərov iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzil onun mülkiyyətindədir. Əvvəllər o, oğlu E.İ.Qədirovla İddiaçı həmin mənzildə yaşamasına icazə vermiş, bununla əlaqədar İddiaçı 2019-cu ilin yay aylarından 2023-cü ilin may ayınadək həmin mənzildə yaşamışdır. Lakin 17 fevral 2023-cü il tarixdə onun oğlu E.İ.Qədirov vəfat etdikdən sonra İddiaçı ona və onun oğlunun ruhuna hörmətsizlik, hətta başqa bir şəxslə E.İ.Qədirova xəyanət etmişdir. Buna görə də o, İddiaçı öz mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzildən çıxmasını tələb etmişdir. Hazırda İddiaçı ilə onun arasında heç bir qohumluq əlaqəsi yoxdur və onun İddiaçı saxlamaq vəzifəsi yoxdur. İddiaçı onun mülkiyyətində olan mənzilə köçürülməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 341813 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Əliyeva (Qədirova) Ayişən Kərim qızı nikahlarını 14 iyun 2019-cu ildə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan AZ-İV seriyalı 744548 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 avqust 2022-ci ildə anadan olmuşdur. Həmin uşağın atası X8, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı 356656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 fevral 2023-cü ildə ölmüşdür. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzilinə (**********46-05101- 093003 reyestr nömrəli əmlak) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində 09 mart 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı və X8 14 iyun 2019-cu ildə nikaha girmiş, Cavabdeh E.İ.Qədirovla nikaha girərkən Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzilinə gəlin köçmüşdür. Cavabdeh və E.İ.Qədirovun birgə nikahından 06 avqust 2022-ci ildə X7 anadan olmuşdur. Cavabdeh oğlu E.İ.Qədirovun 17 fevral 2023-cü ildə ölümündən sonra 2023-cü ilin may ayında İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 9 nömrəli evin 4 nömrəli mənzildə yaşamasına icazə verməmişdir. Məhkəmə mənzilə köçürülmə üçün qeyd olunan mənzilə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi məsələsi həll edilərkən, iddiaçının həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin İddiaçı və X3 14 iyun 2019-cu ildə nikaha girməsindən sonra yaranmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi mülkiyyətçinin ailə üzvü dedikdə, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, digər qohumlar dedikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan qardaş (bacı), baba (nənə), nəvə və ögey oğul (qız) başa düşülür. Gəlin və qaynananın isə bir-birini saxlamaq vəzifəsi qanunla nəzərdə tutulmadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi gəlin-qaynana münasibətlərini özündə ehtiva etmir. Buna görə də gəlinin mülkiyyətçi olan qaynanaya məxsus mənzilə Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə nəzərdə tutulan istifadə hüququ da yaranmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçını saxlamaq vəzifəsi olmadığından cavabdehin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar