Məhkəmə qərarları › İş №2(125)-4597/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-4597/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4597/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən (bundan sonra – mübahisəli mənzil) cavabdehin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev ona məxsusdur. Evin ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışı ilə təstiq olunur. Cavabdeh oğludur, 2014-cü ildən evi tərk edərək naməlum ünvana getmişdir, hazırda da əlaqələri yoxdur. O, yaşadığı ünvandakı evi dəyişmək istəyir, lakin oğlu Cavabdeh orada qeydiyyatda olması buna mane olur. Cavabdeh axtarılması ücün Polis orqanlarınada müraciət etmişdir. Harada olması məlum olmayıb. Hazırda cavabdeh həmin evdə formal olaraq pasport qeydiyyatında durur. Cavabdehin həmin evdə passport qeydiyyatında qalması onun əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* saylı tarixli Çıxarışına əsasən, ünvan 1 ünvanı mülkiyyət hüquqları ilə İddiaçı adına xx.xx.2008ci il tarixdən qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 2(125)-4597/2023 nömrəli məktubunuzda ünvan 3 ünvanında yaşayan kimi göstərilən Cavabdeh ünvanlanmış məhkəmə bildirişinin təqdim edilməsi istənilmişdi. Tərəfimizdən həmin ünvana gedilmiş və Cavabdeh hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamadığı məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlakın hüquqi vəziyyəti barədə ətraflı məlumatın və hüquq müəyyənedici sənədlərin surətinin məhkəməyə göndərilməsi barədə (daxilolma qeydiyyatı: xx.xx.2023, **********, 3-21- 3-33/1-7321/2023) məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 4 ünvanında yerləşən mənzil Azərbaycan SSR Kirovabad şəhəri X1 xx.xx.1981-ci il tarixli, 46 nömrəli mənzil dəyişmək üçün Orderinə əsasən İddiaçı verilmişdir. Mənzilin özəlləşdirilməsi məqsədilə İddiaçı adına Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xx.xx.2008-ci il tarixli, 230 nömrəli Arayış-Forma N° 2 verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunda verilən xx.xx.2008-ci il tarixli, 7S-19-7575, 7S-19-7576 və 7S-19-7577 reyestr nömrəli ərizələrə əsasən, sözü gedən mənzilin İddiaçı adına özəlləşməsinə etiraz edilmədiyi bildirilmiş və İddiaçı adına xx.xx.2008-ci il tarixli, **********84-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı Ramiz onun atası, cavabdeh Telman isə onun qardaşıdır. Telman elə əvvəldən ünvan 1 ünvanında yaşamış, lakin 2014-cü ildə evdən getmişdir. Əvvəllər Telman arada onlarla əlaqə saxlayırdı, lakin sonralar bu əlaqə tam kəsildi. Hazırda Telman və onun harada olduğu barədə məlumatları yoxdur. Hazırkı iş üzrə iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi xahiş olunan xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh mübahisəli mənzilə istifadə hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da həmin evdə yaşamır. Cavabdeh könüll olaraq tərk etmiş və özünə başqa yaşayış yeri seçmişdir. Cavabdehin uzun müddətdir ki, mübahisəli evə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, 1-ci mikrorayon, ev 8 ünvanında yerləşən 45 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar