Məhkəmə qərarları › İş №2(125)-4735/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4735/2025

03.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4735/2025 03.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Avarat şəhəri, Kiçik Vedi kəndində doğulmuş, 1988-ci il tarixdə oradan köçərək ünvan 2 ünvanında yaşamağa başlamışdır.O,1993-1994-cü illərdə X5 ilə nikaha girmiş, həmin şəxslə 14 il nikahda olduqdan sonra aralarında olan nikah pozulmuş və 2007-ci ildən yenidən M.Y.Axundzadə küçəsi, döngə 6, ev 36 ünvanında yaşamağa başlamışdır. Lakin 2025-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində anası Cavabdeh2 onun mənzildən çıxarılmasını tələb etmiş və o məcburi qaydada mənzildən çıxarılmışdır. Hazırda o, kirayə tutuduğu mənzildə yaşayır. Lakin kirayə haqqını ödəməyə maddi imkanı çatmır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməsinə razı olduğunu, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan ərizəsində Cavabdeh1 məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməsinə razı olduğunu, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-8675/2025 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngə, ev 36 ünvanında fərdi yaşayış evi Kirovabad şəhər 3 saylı notariat kontorunun 23 mart 1986cı il tarixli, 3-214 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış, Cavabdeh1 24 mart 1989-cu il tarixli, 1400 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi əsasında Cavabdeh1 adına 17 avqust 2024-cü il tarixli, **********78- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi, 6-cı döngədə yerləşən 36 nömrəli fərdi yaşayış evindən istifadə ilə bağlı hüquq münasibətlərinin 1 sentyabr 2000-ci ilə qədər yarandığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, X4 küçəsi, 6-cı döngədə yerləşən 36 nömrəli fərdi yaşayış evindən istifadə hüququ 1989-cu il tarixdə yaranmışdır. Bundan sonra İddiaçı uzun müddət ərzində mübahisələndirilən mənzildə yaşasa da, 2025-ci ilin mart-aprel ayında Cavabdeh2 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar məcburi şəkildə həmin evdən çıxarılmış və xx.xx.2025-ci il tarixdə, yəni 6 aydan az müddət keçdikdən sonra məhkəməyə müraciət edərək fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi, 6-cı döngədə yerləşən 36 nömrəli fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi, 6-cı döngədə yerləşən 36 nömrəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar