Məhkəmə qərarları › İş №2(125)-4798/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4798/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4798/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «evdən çıxarılma və evin boşaldılaraq iddiaçıya təvil verilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı cavabdehin və ona məxsus əşyaların Gəncə şəhəri, 600 mənzilli Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli 1 otaqlı evdən çıxarılması və həmin evin boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Y.H.Abdullayev iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qayda»sı təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2015-ci il tarixli, 39 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X9 qaydanın tələbinə uyğun olaraq dövlət proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 600 ailəlik Yeni qəsəbədə 8 saylı küçədə yerləşən 39 nömrəli ev ilə təmin edilmişdir. Kəlbəcər rayon sakini X9 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Kommunal İstismar sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 39 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir.Sahə rəisi tərəfindən 39 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyriqanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlarla dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X9 ilə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2015ci il tarixli 39 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin surətindən görünür ki, Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli ev X3 müvəqqəti istifadəsinə verilmişdir. Həmin Müqavilənin 5.7.1-ci bəndinə görə kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıqmüddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Müqavilənin 5.7.2-ci bəndinə görə kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli evə baxış keçirilərkən həmin ünvanda başqa şəxslərin yaşadığı məlum olmuşdur. Aktların doğruluğunu MKİS-in mühəndisi X11, sahə nəzarətçiləri X10 və X6 öz imzaları ilə təsdiq etmişdir. İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o, Kəlbəcər rayonunun məcburi köçkünüdür. 2020-ci ildə Göygöl rayon ərazisində köçkünlər üçün inşa edilmiş 130 ailəlik Yeni qəsəbə, ev 1, mənzil 27 ünvanında yerləşən mənzili ona və ailə üzvlərinə yaşamaq üçün vermişdir. Təxminən 7 il bundan əvvəl yaşayış yerləri olmadığına görə Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli evdə yaşayan X4 evinə köçmüşdür.Buna görə X4 oğlu Bəhmənə 4.900 manat məbləğində pul ödəmişdir. Həmin vaxtdan indiyədək sözügedən evdə yaşayır. Əri ilə nikahları pozulduğudan müxtəlif ünvanlarda yaşayırlar. İş materiallarında olan Kəlbəcər rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 165 nömrəli məktubundan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021ci il tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 555 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 307 nömrəli və xx.xx.2024-cü il tarixli, 325 nömrəli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli evi boşaltmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 39 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Gəncə şəhəri, 600 mənzilli Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli 1 otaqlı ev L.Q.Nəzərovaya kirayəyə verilmişdir. L.Q.Nəzərova xx.xx.2021-ci ildə ölmüş, L.Q.Nəzərovanın ölümündən sonra Cavabdeh Gəncə şəhəri, 600 mənzilli Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli 1 otaqlı evdə yaşamağa başlamışdır. Lakin Gəncə şəhəri, 600 mənzilli Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli 1 otaqlı evdən istifadəyə dair Cavabdeh tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd əldə edilməmiş, habelə icarə müqaviləsi bağlanmamış, bununla da həmin istifadə hüququ əldə edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin tələbinə baxmayaraq, Cavabdeh Gəncə şəhəri, 600 mənzilli Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli 1 otaqlı evi tərk etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq aşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı aşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya Bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə istifadəsinə verir. Həmin Məcəllənin 99.6-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və ona məxsus əşyalar Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli evdən çıxarılmalı və həmin ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iddiası təmin edilsin. Cavabdeh və ona məxsus əşyalar Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə, 8 saylı küçədə yerləşən 39 nömrəli evdən çıxarılsın və həmin ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar