Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4820/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı mərhum X3 miras qalmış "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi müəssisəsində olan 772 manat 19 qəpik pul vəsaitindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərdi ki, mərhum atası X10 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş, atasından pul vəsaiti miras qalmışdır. Onun mərhum atası "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsinin işçisi olub və halhazırda həmin müəssisənin mərhum atasına 772.19 manat borcu qalıb. Həmin pul vəsaitini almaq üçün notariusun vərəsəlik sənədi tələb olunmuşdur. Lakin notariat ofisi 6 ay müddəti ötürdüyü üçün ona imtina məktubu vermişdir. Halbuki o, mirası faktiki olaraq qəbul etmişdir və bu barədə mübahisə yoxdur. Atasının digər vərəsələri - bacısı və qardaşı bu faktı təsdiq edirlər. X1 2011-ci ildə rəhmətə getmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Ərizəçi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. 30.09.24-cü il tarixdə məhkəməyə məktub daxil olmuş ərizəsində 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu mülki işə onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə qərarının qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 386706 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 noyabr 2023-cü ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 462496 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 fevral 2011-ci ildə ölmüşdür. İş materiallarında olan İİ-ЖГ seriyalı 492101 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında 19 yanvar 1982-ci ildə nikah bağlanmışdır. İşdə olan İX-ЖГ seriyalı 465626 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü ildə anadan olmuşdur. X8 atası X10, X1dır. İş materiallarında olan olan Xİİ-ЖГ seriyalı 341212 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 dekabr 1987-ci ildə anadan olmuşdur. X6 atası X10, X1dır. İşdə olan Vİİ-ЖГ seriyalı 445416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 sentyabr 1982-ci ildə anadan olmuşdur. X8 atası X10, X1dır. İş materiallarında olan AZ-İ seriyalı 218203 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X16 arasında 05 may 2006-cı ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşdə olan 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mirasın qəbulu müddətini keçirməsi ilə əlaqədar Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-5-3/2-0110/2024 saylı arayışından görünür ki, X10 "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsinin işçisi olub və hazırda müəssisənin X9 772 manat 19 qəpik borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixdə imzanın həqiqiliyi notariat qaydasında təsdiq edilmiş R.R.Qurbanov tərəfindən verilmiş ərizədən görünür ki, X12 xx.xx.2023-cü ildə vəfat etmiş atası X7 ölümündən sonra ona məxsus olan bütün miras əmlakdan ona çatası mirası payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə imzanın həqiqiliyi notariat qaydasında təsdiq edilmiş S.R.Abbasova tərəfindən verilmiş ərizədən görünür ki, X15 xx.xx.2023-cü ildə vəfat etmiş atası X7 ölümündən sonra ona məxsus olan bütün miras əmlakdan ona çatası mirası payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, Ərizəçi atası X7 ölümündən sonra miras qalmış 772 manat 19 qəpik məbləğində pul vəsaitindən ibarət mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə mərhum X3 miras qalmış əmlaka dair digər vərəsələrin mirasdan imtinasını nəzərə alaraq, Ərizəçi mərhum X7 yeganə vərəsəsi kimi qiyymətləndirərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X3 miras qalmış "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq»İstehsalat Sahəsi müəssisəsində olan 772 manat 19 qəpik məbləğində pul vəsaitindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. "xxxx" ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi müəssisəsində olan 772 manat 19 qəpik məbləğində pul vəsaitindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4820/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4820/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver