Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4849/2025 25.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) “işləmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ. Ərizənin mahiyyəti: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) “işləmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985 - xx.xx.1989-cu illərin Ermənistan SSR Basarkeçər rayonu, Nərimanlı Kolxozunda işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Ərizəçi ərizə verərək iş üzrə maraqlı şəxsin əsl olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz olunmasını xahiş etdiyindən, maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixdə doğulmuşdur. xx.xx.1985-xx.xx.1989-cu illərdə Ermənistan SSR Basarkeçər rayonu, Nərimanlı kolxozunda işləmişdir. 1989-cu il tarixdə Ermənistandan qaçqın düşmüşdür. Ona görə də həmin dövrdə işləməsini təsdiq edən sənədi yoxdur. Həmin dövrlərdə işləməsini onunla bir kənddə yaşamış və işləmiş kəndliləri X4 və X10 şahid ifadələri ilə təsdiq edə bilərlər. Qeyd etdiyi kimi xx.xx.1985-xx.xx.1989-cu illərdə Ermənistan SSR Basarkeçər rayonu, Nərimanlı kolxozunda işləməsi onun ümumi iş stajına təsdiqlənsə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Ona görə də hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması ilə bağlı məhkəməyə müraciət edir. İİ. Ərizəyə dair etirazın dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəçinin ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialını iş üzrə maraqlı şəxs qismində cəlb edilməklə “iş stajı faktın müəyyən edilməsi" tələbinə dair ərzə ilə müraciət etmişdir. 2(125)- 4849/2025 nömrəli mülki iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, xx.xx.1969-cu ıl təvəllüdlü Ərizəçi 1984-cü il tarixindən 1988-ci tarixədək “Nərimanov” kolxozunda tütünçü kimi işlədiyini iddia edir. Ərizəçi ərizəsində 1984-1988-ci illərdə Ermənistan SSR Basarkeçər rayonu, Nərimanlı kəndində Nərimanov kolxozunda tütünçü kimi çalışdığı, lakin bu barədə əmək kitabçasında qeydlərin mövcud olmadığını qeyd etmişdir. Bu səbəbdən o, sözügedən dövrlərdə tütünçü kimi işləməsi faktını təsdiqləmək üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixində Mərkəzi Filialına müraciət edərək xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu İl tarixinədək "Nərimanlı” kolxozundakı əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının teyin edilməsini tələb etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-1M/2- B-94207/2025 nömrəli imtina məktubunda ərizəçinin təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajının 20 ildən az (15 il 11 ay 8 gün (xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991xx/xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi, güzəştli iş stajının isə müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş; “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün:
1. Ən azı iki nəfər şahid olmalı;
2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);
3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Normaların məzmunundan görünür ki, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil oma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, ərizəsində qeyd etdiyi kimi xx.xx.1985xx.xx.1989-cu illərdə Nərimanlı kəndində kolxozda tütünçü kimi fəaliyyət göstərmişdir. Lakin, 1989-cu ilin aprel ayında qaçqın düşmüş və indiki Göygöl rayonunda, daha sonra isə Samux rayonunun Ağasıbəyli kəndində məskunlaşmış və avtomobil zavodunda işləmişdir. Pensiyaya çıxan zaman güzəştli şərtlərlə əmək pensiyası almaq istəyir. Ona görə də hazırki ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının etibarnamə üzrə nümayəndəsi X9 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İV. Şahid ifadələri: Məhkəmənin 03 dekabr 2025-ci il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi Qayxanım ilə yaxın qonşu olmuşdur. Qayxanım Nərimanlı kəndində 1985-1989-cu illərdə kolxozda tütünçü işləməklə çox əziyyət çəkmişdir. Onun özü də kolxozda işləmişdir. Lakin, onun işlədiyi dövr ilə ərizəçinin işlədiyi dövr üst-üstə düşmür. Belə ki, o, 1980-1983-cü illərdə, Ərizəçi isə 1985-1989-cu illərdə adıçəkilən kolxozda işləmişdir. Daha sonra o, Qızıl mədəninə getmişdir. Məhkəmənin 03 dekabr 2025-ci il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi ilə 1985-ci ilin mart ayından birlikdə Nərimanlı kəndində kolxozda işləmişdir. Lakin, daha sonra qaçqın düşmüşlər. Elə həmin vaxtda kənddən çıxmışlar. Məhkəmənin 25 dekabr 2025-ci il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi tanıyır. Onunla birlikdə Nərimanlı kəndində tütünçü işləmişdir. 1985-ci ildən 1989-cu ilədək onunla işləmiş və ərizəçi onun işçisi olmuşdur. Lakin həmin kolxozda işləməsi barədə onun sənədləri yoxdur. V. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - X1 məxsus əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Nərimanlı kənd Kolxozunda işləmişdir. - Ərizəçi ünvanlanmış “güzəştli şərtlərlə pensiyadan imtina haqqında” 25 aprel 2025-ci il tarixli, 3-17-1/2-B-94207/2025 nömrəli məktubda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 aprel 2025-ci il tarixində daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndinin (11.1) fəhlələr yarımbəndində (a) metalların əridilməsi, doldurulması (tökülməsi), töküntünün vurulub çıxarılması və doğranması sahələrində məşğul olan tökmə istehsalatının nəzarətçiləri peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (15 il 11 ay 8 gün (xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda "xxxx" ASCnin 4 noyabr 2016-cı il tarixli İRD-89 nömrəli arayışında xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “X6 sahəsində əlvan metal məhsulları üzrə nəzarətçi vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi sahənin həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan tökmə istehsalatına aid olub-olmaması, həmçinin əlvan metal məhsulları üzrə nəzarətçi vəzifəsində işlədiyi müddətdə tökmə istehsalatının nəzarətçisi olub-olmaması, olduğu təqdirdə metalların əridilməsi, doldurulması (tökülməsi), töküntünün vurulub çıxarılması və doğranması sahələrində məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - Azərbaycan Respublikası Samux rayonu Dövlət arxivi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 67 nömrəli arayışdan görünür ki, Ərizəçi Zak.DMSS-nin təcrübə təsərrüfatında işləməsi stajı aşağıdakı qaydadadır: 1. 25 iyul 1989-cu il tarixli, 119 saylı əmrlə 3 nömrəli birqadaya fəhlə qəbul edilsin. 2. 19 noyabr 1990-cı il tarixli, 132 saylı əmrlə məzuniyyətə buraxılsın. 3. 10 aprel 1991-ci il tarixli, 31 saylı əmrlə işdən azad edilsin. - X8 məxsus əmək kitabçasının titul vərəqəsindən görünür ki, X5 29 sentyabr 1965-ci il tarixdə doğulması, təhsilinin orta, əmək kitabçasının doldurulduğu tarix 13 may 1991-ci il qeyd edilmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixlərdə Ermənistan SSR Basarkeçər rayonu, Nərimanlı kənd kolxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bununla bağlı özü ilə məhkəməyə 3 nəfər şahid dəvət etmişdir. Həmin şahidlərdən X4 məhkəmə iclasında verdiyi izahatında ərizəçinin işləmə faktının müəyyən edilməsini istədiyi Nərimanlı kəndində yerləşən kolxozda ərizəçi ilə eyni dövrdə işləmədiyini bildirmiş, habelə, məhkəmə təqdim etdiyi əmək kitabçasında da Uğurlu İsmayılovun xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Nərimanlı kənd kolxozunda işləməsi öz əksini tapmışdır. Digər şahidlərdən Səadət Əliyeva izahatında ərizəçi ilə eyni dövrdə işləməsini bildirsə də bunu təsdiq edən sənədi yox, əmək kitabçasının sadəcə titul vərəqəsini təqdim etmiş, digər şahid Həmidə Tağıyeva isə ümumiyyətlə ərizəçi ilə eyni dövrdə, eyni müəssisədə işləməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda ərizəçinin məhkəməyə təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 17-ci bəndinin tələblərinə uyğun gəlmədiyindən məhkəmə hazırki ərizənin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, ərizə rədd edildiyindən ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yekun olaraq məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) “işləmə faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilməli və ərizənin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi hökumət ödəniş portalına ödənilmiş 100 (bir yüz) manat Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) “işləmə faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov