Məhkəmə qərarları › İş №2(125)-4871/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4871/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4871/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki birgə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladının onun himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh əmək haqqından və başqa gəlirlərinin ¼ hissəsi pul məbləğində aliment ödənilməsi və mediasiya keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə ailə həyatı qurmuşlar. Cavabdehlə nikahları xx.xx.2009-cu ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 771 saylı aktla qeydiyyata alınmış və onlara AZ-İ ******* nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq aralarında tez-tez mübahisələr baş vermişdir. Artıq onların bir ailə kimi bir yerdə yaşamaları mümkün deyildir. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə övladları X3 anadan olmuşdur. Onun saxlanmasında maddi çətinliklər çəkir. Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş övladları X1 üçün maddi kömək göstərmir və onun qayğısına qalmır. Hal-hazırda cavabdehin maddi gəliri çox yaxşıdır. Belə ki, o, Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsində icra məmuru vəzifəsində işləyir. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin qarşı tərəf mediasiya prosesində iştirak etsə də, barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, hazırda cavabdeh nikahın pozulması tələbinə dair iddia qaldırmışdır, buna görə də iddiaçı aliment tələb edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 522895 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 771 nömrə ilə qeydə alınmışdır. AZ-İV 292807 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə Nurəddin adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/01503 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024cü il tarixdə, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini İddiaçı tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödənilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı, 27,50 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı, 27,50 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar