Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-489/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X4) “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti X4) qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2019-cu tarixdə aralarında əmək müqaviləsinin bağlanılması qeyd olunmuşdur. Lakin onun bundan xəbərim olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən həqiqətən də xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə onun arasında əmək müqaviləsinin bağlanması göstərilmiş və bu günə qədər də əmək müqaviləsi bildirişinin qüvvədə olduğu məlum olmuşdur. Qeyd olunan əmək müqaviləsinə xitam verilməsi üçün MMC-yə müraciət etmişdir. Lakin məlum olmuşdur ki, MMC-nin sədri X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Buna görə də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi mümkün olmamışdır. İşəgötürən hüquqi şəxs olduğuna görə əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq məhkəməyə müraciət olunmalıdır. Onunla Cavabdeh MMC arasında heç vaxt əmək müqaviləsi bağlanmamış və heç zaman adı çəkilən müəssisədə işləməmişdir. Ümumiyyətlə adı çəkilən şirkətlə heç vaxt əlaqəsi olmamışdır. Hətta əmək kitabçasında da həmin müəssisədə işləməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. 65 yaşı var və artıq təqaüdə çıxmaq istəyir. O, əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti X3 müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Məhz bu səbəblərdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.3-cü, 337.4-cü, Azərbaycan Respublikası Konstitusiyasının 6-cı, 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 7.2-1-ci və 42-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, onunla Cavabdeh MMC arasında heç vaxt əmək müqaviləsi bağlanmamış və heç zaman adı çəkilən müəssisə də işləməmişdir. Ümumiyyətlə adı çəkilən şirkətlə heç vaxt əlaqəsi olmamışdır. Hətta əmək kitabçasında da həmin müəssisədə işləməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. 65 yaşı var və artıq təqaüdə çıxmaq istəyir. O, əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti X3 müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmışdır. Odur ki, Əsli-4” MMC ilə onun arasında 01 yanvar 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə Cavabdeh MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 nümayəndəsi X14 izahatında bildirdi ki, iddiaçının iddiasında qeyd etdiyi hallar son zamanlara qədər baş verirdi. Belə ki, vətəndaşın şəxsi məlumatlarını əldə edib onun xəbəri olmadan müqavilə bağlayırdılar. Hazırda bu istiqamətdə qanunvericilikdə dəyişiklik olduğuna görə belə halların qarşısı alınmışdır. İddiaçı iddiasında göstərilən məsələ ilə bağlı Xidmətə müraciət edib və nümayəndəsi olduğu orqan iddiaçıya rəsmi cavab verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Odur ki, iddia tələbinin əsaslı olduğunu və təmin olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: - AZ-İİ seriyalı, 024652 nömrəli, 21 iyun 2019-cu il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11 iyun 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 iyun 2019-cu il tarixdə 1103 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi asfiksiyadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 filialı tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 3-17-2/2-M- 15194/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi qeydiyyata alınmışdır. Əmək müqaviləsində işçinin vəzifəsi xadimə olaraq qeyd edilmişdir. - Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsinin (peşəsinin) adı: məşğulluq təsnifatı üzrə; xadimə; əmək müqaviləsi üzrə: xadimə - İddiaçı adına açılmış PT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, onun Cavabdeh MMC-də hər hansı işə qəbul edilməsi barədə heç bir qeyd yoxdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti X1 22 fevral 2024-cü il tarixli, 3-17-5/2-M-10-196/2024 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinə qüvvədən salınma ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X10 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. - “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, 00682 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh MMC-nin mübahisə üzrə 18 aprel 2024-cü il tarixdə saat 12:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı 50 AZN mediasiya xərci və əlavə olaraq 5 AZN kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC tərəfindən İddiaçı barəsində 01 yanvar 2019-cu il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin gün qeyri iş günü olan bayram günü olmuşdur. Müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-də “xadimə” vəzifəsinə işə qəbul edilmişdir. Lakin iddiaçının əmək müqaviləsindən xəbəri olmamış və Cavabdeh MMC-də işləməmiş, tərəflər (işəgötürən və işçi) arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan tibarsızdır. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işə ötürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini onların iradə ifadəsinə uyğun olaraq əks etdirməlidir. Etibarsız hesab olunması tələb olunan müqavilə isə birtərəfli qaydada yalnız işə götürən tərəfindən bağlanmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi vacibdir. Göründüyü kimi 01 yanvar 2019-cu il tarixli əmək müqaviləsi, müqavilənin hər iki subyektinin, yəni işə götürən və işçinin iştirakı olmadan bağlanmışdır. Həmin müqaviləsinin qeyri iş günü olan bayram günü (Yeni il günü) bağlanması həmin müqavilənin bir daha iddiaçının iradəsini əks etdirmədiyini sübut edir. Başqa sözlə əlamətdar bayramlardan olan yeni ildə kiminsə əmək müqaviləsi bağlaması həm işəgötürən həm də işçi tərəfindən ənənəvi hal olmamaqla yanaşı ağlabatan da deyildir. Beləliklə əmək müqaviləsi qanunvericiliyin tələbi pozulmaqla bağlandığından etibarsız əqddir. Həmçinin etibarsız əqdlər bağlandığı andan etibarsız olduğundan Cavabdeh MMC tərəfindən bağlanmış 01 yanvar 2019-cu il tarixli əmək müqaviləsi həmin tarixdən etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli əmək müqaviləsi, etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-489/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-489/2025
28.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver