Məhkəmə qərarları › İş №2(125)-4918/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4918/2023

18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4918/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı cavabdehlərin ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, digər cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh4 onun mərhum qardaşı X1 qızıdır. X4 və Cavabdeh4 anası Cavabdeh5 1986-cı ildə nikaha girmiş, 1987-ci ildə isə ayrılmışlar. Həmin tarixdən sonra Cavabdeh5 onun mülkiyyətində olan mənzildə yaşamamışdır. Hətta S.F.Kərimov və Cavabdeh5 oğlu Seymur 1987-ci ildə, qızları Aynur isə 1988-ci ildə Cavabdeh5 valideynlərinin yaşadığı evdə doğulmuşlar. Buna görə də Cavabdeh4 heç bir vaxt ünvan 1 nömrəli fərdi yaşayış evində yaşamamışdır. Digər Cavabdeh6 onun qardaşı qızı X2 əri, X10 onun qardaşı oğlu X6 ilə 2014-cü ildə nikaha girmiş və 29 yanvar 2023-cü ildə aralarında olan nikah pozulmuşdur. Cavabdeh6 heç vaxt Gəncə şəhəri, Asəf Zeynallı küçəsində yerləşən 42A nömrəli fərdi yaşayış evində yaşamasa da, X5 bir neçə il həmin evdə yaşamışdır. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun əlavə ödənişlər etməsinə, eləcə də əmlak üzərində sərəncam verməsinə və istifadə hüququnun həyata keçirilməsinə mane olur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, onun bacısı İddiaçı qardaşı ilə təxminən 35-36 ildir nikahdadır. Buna görə də o, tez-tez İddiaçı yaşadığı ünvan 1 ünvanına gedib-gəlir. Hətta hər dəfə 7-10 gün olmaqla, ildə bir neçə dəfə həmin ünvanda qonaq kimi qalır. O, həmin ünvana gedib-gəldiyi müddətdə Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 orada yaşadıqlarını görməmişdir. Cavabdeh7 isə 2014-cü ildən 2020-ci ilədək orada yaşamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, təxminən 15 ildir Gəncə şəhəri, Asəf Zeynallı küçəsində yerləşən fərdi yaşayış evində yaşayır və İddiaçı onun qonşusudur. O, Cavabdeh4 və Cavabdeh5 heç vaxt görmədiyi üçün tanımır. Cavabdeh6 və Cavabdeh7 isə yalnız adlarını eşitdiyinə görə həmin şəxsləri qiyabi tanıyır. O, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 nömrəli fərdi yaşayış evində yaşadıqlarını görməmişdir. İşdə olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 831/2023 nömrəli qətnamədən görünür ki, X10 və X6 arasında 08 iyul 2014-cü il tarixdə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsində bağlanaraq, 1319 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evində qeydiyyatdadırlar. Həmin cavabdehlərdən Cavabdeh5 iddiaçının qardaşı arvadı, Cavabdeh4 qardaşı qızı, Cavabdeh6 qardaşı qızının əri, Cavabdeh7 isə qardaşı oğlunun keçmiş arvadıdır. Cavabdeh4 və Cavabdeh6 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, Cavabdeh5 iddiaçının qardaşı X4 ilə aralarında olan nikahın pozulmasından sonra 1987-ci ildə, Cavabdeh7 isə iddiaçının qardaşı oğlu X6 ilə aralarında olan nikahın pozulmasından sonra həmin ünvanı tərk etmişdir. Məhkəmə mövcud olmayan hüququn itirilməsinin və həmin hüquqa xitam verilməsinin mümkün olmamasını, hüququn itirilməsi və ya xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Cavabdeh5 istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqlarının xitam verilməsi məsələsi həll edilərkən, həmin şəxslərin qeyd olunan mənzildən istifadə hüquqlarının yaranıb-yaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətlərinin yarandığı tarixləri, yəni ünvan 1 nömrəli fərdi yaşayış evində Cavabdeh5 1986-ci ildən 1987-ci ilədək yaşamasını, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 isə həmin mənzildə ümumiyyətlə heç vaxt yaşamadıqlarını nəzərə alaraq, alaraq hesab edir ki, ünvan 1 nömrəli fərdi yaşayış evində Cavabdeh5 və Cavabdeh4 münasibətdə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, Cavabdeh6 və Cavabdeh7 münasibətdə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı tərəflərin ailə üzvü, yaxud digər şəxs olub-olmaması, əgər eyni ailə üzvləridirsə mülkiyyətçi ilə birgə yaşayıbyaşaması, mülkiyyətçi ilə birlikdə yaşamayan ailə üzvlərinin və digər şəxslərin mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yoxlanılmalıdır. Belə ki, qanunverici ailə üzvü, birgə yaşayan ailə üzvü və digər şəxslərə dair fərqli tənziməetmə qaydaları müəyyənləşdirmiş, ailə üzvü və digər şəxslərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin, birgə yaşayan ailə üzvlərinə isə həmin Məcəllənin 228.5-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə və eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri dedikdə, mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh6 və Cavabdeh7 iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri, yəni onun əri, valideynləri, uşaqları olmadığından, həmçinin iddiaçının Cavabdeh6 və Cavabdeh7 saxlamaq vəzifəsi olmadığından həmin cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Digər Cavabdeh4 isə iddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayıb təsərrüfat aparmadığına görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə uyğun olaraq, həmin fərdi yaşayış evindən istifadə hüququ əldə etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 Gəncə şəhəri, Asəf Zeynallı küçəsində yerləşən 42A nömrəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, mövcud olmayan istifadə hüququna xitam verilməsi isə qanunun tələbinə uyğun deyildir və iddia həmin hissədə təmin edilməməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mübahisəli mənzildən Cavabdeh5 istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının yaşadığı mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Cavabdeh5 sözügedən yaşayış sahəsində uzun müddət yaşamaması, o cümlədən həmin yaşayış sahəsindən köçərək özünə başqa yaşayış yeri seçməsi iddiaçının izahatı və şahidlərin ifadələri ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində Cavabdeh5 mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişdir. Cavabdeh5 yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdeh5 uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onların özünə başqa daimi yaşayış yeri seçməsi və həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması qənaətinə gəlməyə imkan verir. Cavabdeh5 mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh5 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh5 Gəncə şəhəri, Asəf Zeynallı küçəsində yerləşən 42A nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar