Məhkəmə qərarları › İş №2(125)-4921/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4921/2023

31.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4921/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın hərracdan satılması və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnamə ilə cavabdehlə onun arasında müəyyən edilmiş miras payları olan ünvan 1 ünvanda yerləşən evin, mülkün cavabdehə onun kompensasiya verməklə mülkiyyət hüququna xitam verilməsi və ya payın dəyərinə görə cavabdehin ona kompensasiya verməklə mülkiyyət hüququna xitam verilməsi və əgər bu mümkün olmazsa evin dəyərinin bazar qiymətlərinə uyğun qiymətləndirilməklə mülkün açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında, yəni ona dəyərinin 3/4 hissəsinin cavabdehə isə evin satış dəyərinin 1/4 hissəsinin bölüşdürülməsinə dair və bundan sonra əmlakın hər iki mülkiyyətçi tərəfindən boşaldılması və yeni mülkiyyətçilərə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, məhkəməyə ərizə təqdim edərək iş üzrə iddiadan imtina etdiyini və hüquqi nəticələrin ona aydın olduğunu bildirdi, ərizənin təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda ərizənin təmin olunmasına etiraz etmədilər. Məhkəmə tərəfləri dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın hərracdan satılması və sair” tələblərinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar