Məhkəmə qərarları › İş №2(125)-4948/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4948/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4948/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X49 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, rəhmətlik anası X7 miras qalmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, rəhmətlik anası X21 xx.xx.1993-cü il tarixdə rəhmətə getmişdir. Nənəsindən ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Anası öləndən sonra mirası qəbul etmiş və idarəçiliyini həyata keçirmişdir. Bu barədə digər vərəsələrlə aralarında heç bir mübahisə yoxdur. Onların hamısı və onları tanıyan digər qohumlar və qonşular bu faktı təsdiq edirlər. O, vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin orada imtina məktubu vermiş və izah etmişdirlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sözügedən mülkdə oğlu ilə birlikdə yaşamış, kommunallar da oğlunun adına gəlmişdir. 6 bacısından 3-ü rəhmətə getmiş, 3-ü sağdır. Aralarında heç bir mübahisə olmadığını göstərərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş digər vərəsələr:- X2 vərəsəsi (oğlu) X27 mərhum nənəsi X7 miras qalmış mülkün anası X9 payına düşən hissəsini qəbul etmək istəmədiyini və dayısı Ərizəçi tərfindən qəbul edilməsinə etirazının olmadığını göstərdi. X34 izahatında göstərdi ki, sözügedən mülk anası X7 miras qalmış, həmin evdə qardaşı Ərizəçi oğlu Bəylərlə birlikdə yaşamışdır. Özünə düşən payı qəbul etmək istəmədiyini və qardaşı Ərizəçi tərfindən qəbul edilməsinə etirazının olmadığını göstərdi. X6 izahatında göstərdi ki, sözügedən mülk anası X7 miras qalmış, həmin evdə qardaşı Ərizəçi oğlu Bəylərlə birlikdə yaşamışdır. Hər birinin ayrıca öz evlərinin olduğunu, özünə düşən payı qəbul etmək istəmədiyini və qardaşı Ərizəçi tərfindən qəbul edilməsinə etirazının olmadığını göstərdi. X1 vərəsəsi (oğlu) X15 nənəsi X7 miras qalmış mülkün anası X8 payına düşən hissəsini qəbul etmək istəmədiyini və dayısı Ərizəçi tərfindən qəbul edilməsinə heç bir etirazının olmadığını göstərdi. X10 etibarnamə üzrə nümayəndəsi X28 izahatında göstərdi ki, sözügedən mülk nənəsi X7 miras qalmışdır. Həmin mülkə dair anası X22 payına düşən hissəni qəbul etmək istəmədiyini və dayısı Ərizəçi tərfindən qəbul edilməsinə heç bir etirazının olmadığını göstərdi. X3 vərəsəsi (oğlu) X16 nənəsi X7 miras qalmış mülkün anası X11 payına düşən hissəsini qəbul etmək istəmədiyini və dayısı Ərizəçi tərfindən qəbul edilməsinə heç bir etirazının olmadığını göstərdi. İş materiallarında olan:- xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0164 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə 8/14 hissədə X12, 1/14 hissədə X9, 1/14 hissədə X23, 1/14 hissədə X5, 1/14 hissədə X8, 1/14 hissədə X10 və 1/14 hissədə X11 adına rəsmi reyestrdə qeydə alınmışdır. İİ-JQ 251391 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.1980-ci ildə ölmüşdür. İV-JQ 336839 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.1993-cü ildə ölmüşdür. AZ-İ 977458 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2019-cu ildə ölmüşdür. AZ-İİ 111149 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2020-ci ildə ölmüşdür. AZ-İİ 440324 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2024-cü ildə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 2120 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2010-xx.xx.2025-ci il tarixlərini əhatə edən təbii qazdan istifadəyə dair **********00082 nömrəli abonentin saldosundan görünür ki, abonent X25 qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, X25 tərəfindən təbii qazdan istifadəyə görə ödənişlər edilmişdir. X17 göndərilmiş xx.xx.2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixdə sonuncu ödəniş edilmiş, 10,12 manat borcun ödənilməsi tələb olunmuşdur. İ-JQ 253873 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci ildə doğulmuş X13 ata qrafasında Ərizəçi, ana qrafasında X4 qeyd olunmuşdur. Məhkəmə ərizəçinin və digər vərəsələrin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin anası X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0164 ha. torpaq sahəsinin 8/14 hissəsi miras qalmışdır. Miras açılandan sonra mirasqoyanın vərəsəsi, oğlu Ərizəçi miras əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir. Mirasqoyanın digər vərəsələri isə miras əmlakın 8/14 hissəsinin ərizəçi X26 tərəfindən faktiki olaraq qəbul etməsini mübahisələndirməmiş, özlərinə düşən payı isə istəmədiklərini göstərmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinə hüquq normaları baxımından qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir.Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və başqa hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi mərhum anasından miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum anası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0164 ha. torpaq sahəsinin 8/14 hissəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0164 ha. torpaq sahəsinin 8/14 hissəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar