Məhkəmə qərarları › İş №2(125)-503/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-503/2025

19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-503/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı «miras əmlakda payın müəyyən olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı mərhum X8 miras qalmış Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən “A”-28,8 kv/m sahəsi olan fərdi yaşayış evinə vərəsə kimi tanınıb miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A»-28,8 kv/m sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə onun mərhum atası X13 məxsus olmuşdur. Onun atası R.M.Hüseynovla anası X2 birgə ailə münasibətlərindən xx.xx.1996-cı il tarixdə bacısı Cavabdeh2 və xx.xx.1999-cu il tarixdə o, anadan olmuşdur. Lakin onun valideynləri arasındakı nikah qeydə alınmamışdır. Onun atası X18 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının İvanovo vilayətinin Komsomolskiy rayonunda ölmüşdür. O, R.M.Hüseynovun ölümündən bir müddət sonra sözügedən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat osifinə müraciət etsə də, notariat ofisindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Halbuki, o, 2007-ci il tarixdən hazırki tarixədək Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A» literli 28,8 kv/m sahəsi olan mənzildə yaşayır. Həmçinin atası R.M.Hüseynov öldükdən sonra həmin mənzilin bütün kommunal xərclərini də o, özü qarşılamışdır. Sonda İddiaçı mərhum atası X8 miras qalmış Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A» literli 28,8 kv/m sahəsi olan mənzildə tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan teleqramında Cavabdeh2 məhkəmə iclaslarını iştirak olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu Nəcəf Qurbanov məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşı X10 oğludur. X18 2 dəfə nikaha daxil olmuşdur. R.M.Hüseynov ilk nikaha X23 ilə girmiş, həmin nikahdan uşaqları olmadığına görə aralarında olan nikah pozulmuş və X23 vəfat etmişdir. R.M.Hüseynov ikinci dəfə X7 ilə nikaha girmiş, lakin nikahı qeydə aldırmamışdır. Həmin nikahdan R.M.Hüseynovun Cavabdeh2 və Hüseynov (Altay) Sadiq Rəşid oğlu adlı iki uşağı anadan olmuşdur. Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən mənzildə Hüseynov (Altay) Sadiq Rəşid oğlu anadan olduğu vaxtdan yaşamışdır və hazırda da həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İddiaçı onun bacısı Elmiranın oğludur.İddiaçı anadan olduğu vaxtdan atası X10 mülkiyyətində olmuş mənzildə yaşamışdır. Hazırda da həmin mənzildə yaşayır. Qeyd olunan mənzil Gəncə şəhəri, Bakı küçəsində yerləşir. R.M.Hüseynovun ümumilikdə 2 uşağı olmuş, həmin uşaqların adları Cavabdeh2 və İddiaçıdur. Bundan başqa, X7 və X18 arasında olan nikah qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun qaynı X10 oğludur. Belə ki, onun əri X19 və mərhum X18 qardaş olmuşdurlar. Təxminən 10 il bundan öncə X18 vəfat etmişdir. X10 faktiki ailə münasibətlərində olduğu arvadı Elmira isə onun xalası qızıdır.Həmçinin mərhum X10 mülkiyyətində olmuş mənzil onların yaşadığı Gəncə şəhəri, Qasım bəy Zakir küçəsi, 14 nömrəli evin qonşuluğunda, yəni bir küçə kənarda yerləşir. Bütün bunlara görə o, X18 haqqında çox məlumatdan xəbərdar olmuşdur. R.M.Hüseynovun birinci arvadının adı Şahnaz olmuş, həmin nikahdan uşaqları olmamış və Şahnaz vəfat etmişdir. R.M.Hüseynovun İddiaçı və Cavabdeh2 adlı iki uşağı vardır. İddiaçı atası X18 vəfat etdiyi tarixdən atasının mülkiyyətində olan və Gəncə şəhəri, Bakı küçəsində yerləşən mənzildə yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Axitektura Komitəsi Gəncə X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 15410 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən “A”-28,8 kv/m sahəsi olan 1 otaqlı yaşayış otağı X10 mülkiyyətindədir. İşdə olan AZ-İV seriyalı 634897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə anadan olmuş İddiaçı atası X18, anası isə X4r. İş materiallarında olan AZ-İ seriyalı 010987 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.1999-cu il təvəllüdlü X1 «Altay» olaraq dəyişdirmişdir. İşdə olan AZ-İİ seriyalı 281493 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2577 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair məktubun surətindən görünür ki, X10 vəfatından sonra adına miras qalmış əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İşdə olan Cavabdeh2 notarial qaydada Naxçıvan «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2024-cü il tarixdə, 8İ-17354 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2015-ci il tarixində vəfat etmiş X8 harada harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-132863/2024 nömrəli məktubunun surətindən görünür ki, X10 ailə üzvləri qızı xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2, oğlu xx.xx.1999-cu il təvəllüdlü İddiaçı,atası X20 (xx.xx.1989-cu il tarixdə vəfat edib) və anası X11r (xx.xx.1988-ci il tarixdə vəfat edib). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 14854/2024 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri 7 saylı Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1-211 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Gəncə şəhəri, ünvan 1 ünvanında 300 kv/m torpaq sahəsində yerləşən: Tik. «A»-28,8 kv.m. bir otaq, 30,8 kv/m köməkçi sahə, 8,9 kv/m açıq eyvan, Tik. «B» 10,4 kv/m hamam və Tik. «V»-13,5 kv/m-dən ibarət mənzili X12 və X18 tərəfindən X14 bağışlanmışdır. Müqaviləyə uyğun olaraq sonuncunun adına xx.xx.2004-cü il tarixli, 15410 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A»-28,8 kv/m sahəsi olan yerləşən mənzil X10 mülkiyyətində olmuş və X18 xx.xx.2015-ci ildə ölmüşdür. R.M.Hüseynovun vərəsələri qızı xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 və oğlu xx.xx.1999cu il təvəllüdlü İddiaçı ibarətdir. İddiaçı R.M.Hüseynovun ölümündən sonra sonuncudan miras qalmış Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A»-28,8 kv/m sahəsi olan yerləşən mənzildə yaşamaqla, həmin mirası faktiki qəbul etmiş və onun idarəçiliyini həyata keçirmişdir. R.M.Hüseynovun sağ qalan digər vərəsəsi olan qızı Cavabdeh2 isə miras qoyanın ölümündən ondan miras qalmış əmlakı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmiş, məhkəməyə ünvanladığı notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsində də qeyd olunan xüsusatı ifadə etmişdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras xx.xx.2015-ci ildə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X10 vəfatından sonra İddiaçı X8 miras qalmış Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A»-28,8 kv/m sahəsi olan ymənzildə yaşamış və onun idarəçiliyini həyata keçirmiş, bununla da miras əmlakı faktiki qəbul etmişdir. Həmin xüsusat şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa mərhum X3 qalan digər vərəsəsi Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsində X8 qalmış mirası faktiki və rəsmi qəbul etmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, X10 adına qeydə alınmış, Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən «A»-28,8 kv/m sahəsi olan mənzildən ibarət miras yalnız İddiaçı tərəfindən qəbul etmişdir. Buna görə də İddiaçı X8 miras qalmış, Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən, «A»-28,8 kv/m sahəsi olan mənzildən ibarət miras əmlaka tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı X8 miras qalmış, Gəncə şəhəri, Bakı küçəsi, ev 79a/81 ünvanında yerləşən, «A»-28,8 kv/m sahəsi olan mənzildən ibarət miras əmlaka tam hissədə payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar