Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5030/2023 11.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Məhrəsə bağı, 16 saylı binada yerləşən 59 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmış **********41-05101-093004 reyestr nömrəli Gəncə şəhəri, Məhrəsə bağı, 16 saylı binada yerləşən ümumi sahəsi 70,5 kv.m olan 59 nömrəli mənzilin 6/8 hissəsinə İddiaçı, 1/8 hissəsinə Cavabdeh1 və 1/8 hissəsinə Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-889/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətində olan payın naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır və Gəncə Şəhər Məhkəməsinin 2(125)-889/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun paylı mülkiyyətdə olan payının naturada bölünməsi tələbinə dair iddiası əsassız hesab olunub rədd edilmişdir. Cavabdehlərdən Cavabdeh1 mənzilin satılıb satış pulunun aralarında paylara mütənasib surətdə bölünməsinə razı deyildir. Cavabdeh1 ərizə verərək qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzilin satış qiyməti 70000 manat civarındadır, iddiaçıya 6/8 hissə payına düşən 54000 manatı verməyə imkanı yoxdur, eləcə də mübahisəli mənzilin satılıb 1/8 hissə payına düşən 8000 manatı da istəmir, çünki yaşamağa başqa yeri yoxdur və mənzilin satılmağına da razı deyil. Məhkəmə iclaslarında iştirak edən iddiaçı bildirdi ki, Cavabdeh1 15000 manat təklif etsə də, o razılaşmamışdır, həmçinin onun hissəsinə düşən payına görə pul vermələrini cavabdehlərə təklif etsə də razılıq verməmişlər. Bacısı olan digər Cavabdeh2 payını istəmir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında qeyd etdi ki, ona iddiaçı tərəfindən rəsmi təklif gəlib, iddiaçının tələb etdiyi pulu verməyə imkanı yoxdur, gedəsi yeri olmadığına görə evin satılmasını da istəmir. O, halda razı olar ki, payın əvəzində verilən məbləğ ipoteka ilə ev götürməyə kifayət etsin. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, payına düşən hissə üçün 8000 manatın ödənilməsinə razı olsa da ona payına görə digər paylı mülkiyyətçilər tərəfindən hər hansı kompensasiya verilmədiyini bildirmiş, sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, iddiaçının və Cavabdeh1 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən ünvanlanmış təklifdən görünür ki, mənzilin naturada ayrılması mümkün deyil, həmin mənzilin hazırki vəziyyətdə dəyəri 60000 manat civarındadır, ona görə də öz payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsini təklif etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən ünvanlanmış təklifdən görünür ki, mübahisəli mənzildən onun 6/8 hissə payına Cavabdeh1 tərəfindən haqqı 54000 manat ödənilməsinə razıdır, eləcə də nağd şəkildə payına düşən 1/8 hissəyə 8000 manat ödəməyə razıdır. Əgər heç bir razılıq əldə edilməzsə, mənzilin hərracda satılıb əldə edilən pulun paylara mütənasib ödənilməsini istəyir. İş materiallarında olan Cavabdeh2 tərəfindən ünvanlanmış təklifdən görünür ki, mübahisəli mənzildən onun 1/8 hissə payına Cavabdeh1 tərəfindən nağd 8000 manat ödənilməsinə razıdır. Eləcə də payına düşən 1/8 hissəyə 8000 manatın iddiaçı tərəfindən ödənilməsinə də razıdır. Əgər heç bir razılaşma olmasa, əmlakın hərracda satılıb əldə edilən pulun paylara mütənasib ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Məhrəsə bağı, 16 saylı binada yerləşən ümumi sahəsi 70,5 kv.m olan 59 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. İddiaçı paylı mülkiyyətdə olan payının ayrılmasını tələb edir. İddiaçının bu tələbi əsaslıdır. Qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İddiaçının payının naturada ayrılmasının qeyri-mümkün olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Tərəflər arasında ümumi paylı mülkiyyətə kompensasiya vermək yolu ilə xitam verilməsi barədə razılıq əldə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, yalnız paylı mülkiyyətdəki evin açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında paylarına mütənasib bölünməsi yolu ilə paylı mülkiyyətə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,5 kv.m olan 59 nömrəli mənzil açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait İddiaçı 6/8 hissədə, Cavabdeh1 1/8 hissədə və Cavabdeh2 1/8 hissədə olan paylarına mütənasib surətdə paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünsün. Cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5030/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5030/2023
11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver