Məhkəmə qərarları › İş №2(125)-505/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-505/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-505/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxslər X4 və X2 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh (üçüncü şəxslər X8 və X5) qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh (üçüncü şəxslər X8 və X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, 6-cı Vağzal küçəsi, 54A nömrəli mənzildən cavabdehin istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 6-cı Vağzal küçəsi, 54A saylı mənzil Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) balansına aiddir. Həmin mənzil X6 verilmişdir. F.N.Əhmədov xx.xx.1986 tarixində vəfat etmişdir. Hazırda həmin mənzildə mərhumun həyat yoldaşı X11 yaşayır. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Hal-hazırda mərhumun həyat yoldaşı X11 yaşadığı 6-cı Vağzal küçəsi, 54A saylı mənzili özəlləşdirmək istəsə də, cavabdehin həmin mənzildə qeydiyyatda olması səbəbindən mənzilin özəlləşdirilməsi mümkün deyildir. Ona görə də, o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər hər biri ayrı-ayrılıqda cavabdehin illərdir Rusiya Federasiyasında yaşadığını və artıq sözügedən ünvanda yaşamadığını bildirdilər, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyi 5 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 54 nömrəli, xx.xx.2024-cü il tarixli məlumata əsasən, Gəncə şəhəri, 6-cı Vağzal küçəsi, 54A nömrəli mənzil mərhum X3 adına şəxsi hesab vərəqi açılmış və Balansa götürülmüşdür. Qeyd olunan ünvan Sovet dönəmində müsadirə edilmişdir, halhazırda mənzilə dair heç bir sənəd, Order və Məhkəmə qərarı yoxdur. Qeyd olunan ünvanda hal-hazırda arvadı X11 tək yaşayır və qeydiyyatdadır. Mənzildə digər qeydiyyatda olanlar: xx.xx.1985-ci il təvəllüdlü oğlu Cavabdeh; xx.xx.1986-cı il təvəllüdlü qızı X17; xx.xx.2010-cu il təvəllüdlü nəvəsi X21; xx.xx.2012-ci il təvəllüdlü nəvəsi X22; xx.xx.2014cü il təvəllüdlü nəvəsi X23. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyi tərəfindən verilmiş **********323 nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, 6-cı Vağzal küçəsi, 54A nömrəli mənzilin sahibi X7r. Ailə tərkibi: X9 (mülkiyyət sahibi, ölmüşdür), Cavabdeh, X11, X16, X12, X10, X13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X1 şəhəri, 6-cı Vağzal küçəsi, ev 54A ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.1956-cı il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014cü il təvəllüdlü X14r. İş materiallarında olan 319715 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 sentyabr 1986-cı ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 586 nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan Gəncə Şəhərə Mənzil Təmir İstismar Tresti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 353 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki əsas kirayəşin X6 arvadı Şölə, oğlu Anar və qızı Gülnardan ibarət ailə tərkibi nəzərə alınaraq Vağzal küçəsi, ev 54A ünvanında cəmi 35 kv.m olan yaşayış sahəsi verilmişdir. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğudan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölkə sərhədlərindən Rusiya Federasiyası istiqamətində kənara çıxmışdır. Hazırkı iş üzrə mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi xahiş olunan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh mübahisəli mənzilə köçdüyü xx.xx.1997ci ildən istifadə hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin istifadə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdir. Cavabdeh mübahisəli mənzilin verildiyi atası tərəfindən qeyd edilən yaşayış sahəsinə köçürülmüş və orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, bu halı istisna edən hər hansı saziş və (ya) sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin vaxtdan hal-hazıradək mübahisəli ünvanda yaşamır. Beləliklə, cavabdeh uzun müddətdir başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzili tərk etmişdir, mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Həmin müddət ərzində mübahisəli mənzildə yaşamamış olması cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehin mübahsiəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, 6-cı Vağzal küçəsində yerləşən 54A nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar