Məhkəmə qərarları › İş №2(125)-5055/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5055/2025

20.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5055/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakını geri almaq - vindikasiya” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakını geri almaq - vindikasiya” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, bir ədəd sepin (zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram - 1235 manat dəyərində), bir ədəd qolbağının (pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram - 845 manat dəyərində), bir ədəd qolbağının (mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram - 975 manat dəyərində) və bir ədəd üzüyün (ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram - 260 manat dəyərində) naturada özlərinin, yaxud onların 3315 manat olan dəyərinin, o cümlədən 54 manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödənilmiş 100 manat məbləğin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, bir ədəd sepin (zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram - 1235 manat dəyərində), bir ədəd qolbağının (pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram - 845 manat dəyərində), bir ədəd qolbağının (mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram - 975 manat dəyərində) və bir ədəd üzüyün (ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram - 260 manat dəyərində) naturada özlərinin, yaxud onların 3315 manat olan dəyərinin, o cümlədən 54 (əlli dörd) manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödədiyi 100 (bir yüz) manat və İddiaçı tərəfindən vəkilə xidmət haqqı kimi ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

4. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbinin əsaslandığı hallar:

5. Bildirir ki, Cavabdeh dırnaq ustası kimi tanımışdır. Onunla 2023-cü ildən başlayaraq rəfiqə olmuş, hətta münasibətləri də çox yaxın olmuşdur. O, 2024-cü ilin iyul ayında özü kirayədə qaldığı üçün özünə məxsus qızılları: bir ədəd sep (zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram - 1235 manat dəyərində), bir ədəd qolbağı (pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram - 845 manat dəyərində), bir ədəd qolbağı (mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram - 975 manat dəyərində) və bir ədəd üzük (ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram - 260 manat dəyərində) etibar edərək cavabdehə saxlaması üçün vermişdir. O, təxminən 10 - 15 gün keçəndən sonra ona məxsus qızılları qaytarmasını istəməyinə baxmayaraq, bu günədək cavabdeh ona məxsus qızılları ona qaytaracağına söz versə də, müxtəlif bəhanələr gətirərək, ona məxsus qızılları qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış, qızıl əşyalarını ondan xəbərsiz lombarda qoyaraq pul götürmüşdür. Özünə məxsus qızıl əşyalarını cavabdehdən istəsə də, cavabdeh ona çox saylı vədlər verərək əşyalarını verməsini günlərlə, aylarla təxirə salaraq bu günə qədər həmin əşyaları ona verməmişdir. Məsələ ilə bağlı o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə cavabdehin hərəkətlərindən şikayətdə etmişdir. Hətta cavabdehin bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahatında vardır və ondan qızıl aldığını etiraf etmişdir. Bundan başqa cavabdehin onunla “WhatsApp” ani mesajlaşma proqramında yazışmaları və səs qeydləri də vardır. Cavabdehlə aralarında baş tutmuş həmin yazışmalar və danışıqlarda da cavabdeh qızılları götürdüyünü dəfələrlə etiraf etmiş və qaytaracağını bildirmişdir.

6. İddiaçı iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 386.1-ci, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı

7. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını geri tələb etdiyi müddətədək cavabdehə saxlaması üçün vermiş, lakin iddiaçı cavabdehdən sözügedən qızıllarını tələb etsə də cavabdeh həmin qızılları qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş;

9. 06 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram çəkidə sep 1235 manat, bir ədəd pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram çəkidə qolbağı 845 manat, bir ədəd mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram çəkidə qolbağı 975 manat və bir ədəd ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram çəkidə üzük 260 manat dəyərindədir.

10. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı təxminən 2 ildir tanıyır. O, yaşadığı evdə dırnaq qaynağı ustası kimi işləyir. Ayşənlə dırnaq qaynaq etdirərkən tanış olmuş və sonradan münasibəti yaranmışdır. Təxminən 2024-cü ilin iyul ayının əvvəllərində Ayşən onun kirayə yaşadığı Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən mənzilə gəlmişdir. Ayşən ona “məni narahat edən adam var, qızıllarımın evdə qalması təhlükəlidir, qızıllarımı sən saxla” demişdir. O, Ayşənlə razılaşmış və Ayşən 1 ədəd təxminən 10.84 qram qızıl sep, 1 ədəd hərbi 6.4 qram və 1 ədəd 7.6 qram qızıl qolbaqlar və 1 ədəd təxminən 2 qram qızıl üzüyü saxlamağı üçün ona vermişdir. Ayşən qızılları ona verərkən onları saxlamasını və istifadə etməməsini və tez bir zamanda götürəcəyini demişdir. O, da qızılları saxlayacağını bildirmişdir. Onun həmin dövrdə başqa şəxsə borcu olmuşdur. Ayşən qızılları ona verdikdən təxminən 1 həftə sonra o, borcunu bağlamaq üçün onları Gəncə şəhəri, X3 prospektində yerləşən “Lombarda” girov qoyub 1700 manat kredit götürmüşdür. Həmin kreditin müddəti 12 aylıq və aylıq ödənişi isə 189 manat olmuşdur. O, qızılları lombarda girov qoyarkən Ayşənə məlumat verməmişdir. Təxminən 1 həftə sonra Ayşən qızılları ondan istəmişdir. O, bu zaman Ayşənə qızılları girov qoyduğunu və bəlkə avqustda pulları ödəyib qızılları girovdan çıxardacağını demişdir. 2024-cü ilin avqust ayında Ayşən qızılları istəyərkən o, ona noyabrda çıxardacağını demişdir. 2024-cü ilin noyabr ayında Ayşən qızıllarını istəyərkən 2025-ci ilin mart-aprel aylarında qızılları girovdan çıxarıb qaytaracağını demişdir. 2025-ci ilin mart ayında Ayşən qızılları ondan istəyərkən ayın sonu və yaxud aprel ayında qızılları girovdan çıxarıb verəcəyimi bildirmişdir. O, qızılları hazırda da girovdan çıxara bilməmişdir. Söz verir ki, 2025-ci ilin may ayının 10-dək Ayşənin ona saxlamaq üçün verdiyi qızılları girovdan çıxarıb tam şəkildə özünə qaytaracaqdır. Məhkəmə tərəfindən müəyyən olunan hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh rəfiqə olmuşlar. 2024-cü ilin iyul ayında iddiaçı özün məxsus olan bir ədəd zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram çəkidə sep 1235 manat, bir ədəd pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram çəkidə qolbağı 845 manat, bir ədəd mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram çəkidə qolbağı 975 manat və bir ədəd ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram çəkidə üzük 260 manat dəyərində qızıl-zinət əşyalarını geri tələb etdiyi müddətədək saxlaması üçün cavabdehə vermişdir. Daha sonra iddiaçı həmin qızıl zinət əşyalarını cavabdehdən geri istəsə də cavabdeh həmin əşyaları iddiaçıya qaytarmamışdır. Bundan sonra iddiaçı cavabdeh barəsində polis orqanlarına müraciət etmiş, cavabdeh vermiş olduğu izahatında həmin faktı təsdiq etmişdir. Daha sonra iddiaçı cavabdehə qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmişdir. Cavabdeh isə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərməyərək gəlməmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq:

12. Məhkəmə, iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

13. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, müqavilənin şərtinə görə iddiaçı cavabdehə geri tələb etdiyi müddətədək yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını saxlaması üçün vermiş, lakin geri tələb etdikdə cavabdeh iddiaçının qızıllarını qaytarmamışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı qeyd edilən tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

14. Azərbaycan Respublikası Konstitusiyasının:

15. 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. Maddə 822. saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

18. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

19. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

20. Maddə 823.3. Tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir.

21. Maddə 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.

22. Maddə 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır.

23. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.

24. Maddə 825.1. Saxlayıcı şərtləşdirilmiş saxlama növünü dəyişdirmək hüququna o halda malikdir ki, tapşıranın vəziyyəti bildikdən sonra buna razı olacağını şəraiti nəzərə almaqla ehtimal edə bilsin. Buna qədər isə saxlayıcı dəyişiklik barəsində tapşırana bildiriş verməli və əgər ləngimə risklə bağlı deyildirsə, onun qərarını gözləməlidir.

25. Maddə 825.2. Əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

29. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

30. Maddə 106.1. İştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının mövcud olması və həmin əşyaların iddiaçı tərəfindən cavabdehə saxlaması üçün verməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür.

36. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının mövcudluğunu eləcə də həmin əşyaları cavabdehə saxlaması üçün verməsini və əşyaların cavabdehdə olmasını sübut etmişdir.

37. Bundan başqa 06 avqust 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, bir ədəd zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram çəkidə sep 1235 manat, bir ədəd pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram çəkidə qolbağı 845 manat, bir ədəd mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram çəkidə qolbağı 975 manat və bir ədəd ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram çəkidə üzük 260 manat dəyərindədir. Məhkəmə həmçinin işin müəyyən edilmiş hallarını araşdıraraq hesab edir ki, həmin əşyaların dəyəri ağlabatan olduğu üçün qəbul edilməlidir.

38. Bu səbəbdən, İddiaçı bir ədəd zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram çəkidə sep 1235 manat, bir ədəd pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram çəkidə qolbağı 845 manat, bir ədəd mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram çəkidə qolbağı 975 manat və bir ədəd ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram çəkidə üzük 260 manat dəyərində qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınmasını cavabdehdən tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud iddia əsaslı olduğundan təmin edilməlidir.

39. Beləliklə məhkəmənin qənaətinə əsasən Cavabdeh bir ədəd zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram çəkidə olan 1235 manat dəyərində sep, bir ədəd pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram çəkidə olan 845 manat dəyərində qolbağı, bir ədəd mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram çəkidə olan 975 manat dəyərində qolbağı və bir ədəd ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram çəkidə olan 260 manat dəyərində üzükdən ibarət qızıl-zinət əşyaları naturada alınıb İddiaçı verilməli, naturada alınması mümkün olmadıqda isə həmin qızılzinət əşyalarının hər birini münasibətdə dəyəri tutulub İddiaçı ödənilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

44. İş materiallarından aydın olur ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün hökumət ödəniş portalına 54 (əlli dörd) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 350 (üç yüz əlli) manat və mütəxəssis rəyinin alınması üçün 100 (bir yüz) manat ödəmişdir.

45. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (bir yüz) manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 350 (üç yüz əlli) manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

46. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh bir ədəd zəncir formalı Türkiyə istehsalı olan 585 əyarlı, 9,5 qram çəkidə olan 1235 manat dəyərində sep, bir ədəd pandora formalı Türkiyə istehsalı olan 585 əyarlı, 6,5 qram çəkidə olan 845 manat dəyərində qolbağı, bir ədəd mismar formalı Türkiyə istehsalı olan 585 əyarlı, 7,5 qram çəkidə olan 975 manat dəyərində qolbağı və bir ədəd ürək formalı Türkiyə istehsalı olan 585 əyarlı, 2 qram çəkidə olan 260 manat dəyərində üzükdən ibarət qızıl-zinət əşyaları naturada alınıb İddiaçı verilsin, naturada alınması mümkün olmadıqda isə həmin qızıl-zinət əşyalarının hər birinə münasibətdə dəyəri tutulub İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (bir yüz) manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 350 (üç yüz əlli) manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar