Məhkəmə qərarları › İş №2(125)-5130/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5130/2025

14.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5130/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 28 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 28 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhəri 28 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 132 saylı əmrin ləğv edilməsi, onun həmin məktəbdə tam ştat üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və həmin dövrlər üçün maddi ziyana görə əmək haqqının hesablanaraq alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə H.Zərdabi adına X2 İnstitutunun Riyaziyyat fakültəsinə qəbul olmuş, həmin institutu 1986-cı ildə bitirmişdir. 1987-ci ildən xx.xx.2025-ci il tarixədək Gəncə şəhərində yerləşən 28 saylı tam orta ümumtəhsil məktəbində riyaziyyat fənni üzrə müəllimə işləmişdir. xx.xx.2025-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 2024-cü ilin iyun ayında keçiriləcək imtahanda səhhətində olan problemlərə görə xəstəxanada yatıb müalicə olunduğu üçün üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Bununla bağlı işlədiyi məktəbin rəhbərliyinə məlumat vermişdir. 2025-ci ilin iyun ayında işlədiyi məktəbin direktoru təhsilverənlərin peşəkarlıq səviyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçiriləcək imtahanda iştirak etməsini tələb etmişdir. 60 yaşdan yuxarı və 60 yaş da daxil olmaqla müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak etməkdən azad olduqlarını məktəb rəhbərliyinin nəzərinə çatdırmışdır. Lakin məktəbin direktoru artıq 60 yaşı tamam olmuş şəxslərin də imtahanda iştirakının məcburi olduğunu, yuxarı rəhbərliyin imtahanda iştirak etməsini məcburi qaydada tələb etdiyini bildirərək, onu məcburi qaydada 2025-ci ilin iyun ayında keçiriləcək imtahana göndərmişdir. Sonradan məlum olmuşdur ki, 60 yaşdan yuxarı və 60 yaş da daxil olmaqla müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak etməkdən azad olduqları qüvvədə imiş. Qeyd olunan imtahanda iştirak edərək, imtahanın keçid balından bir bal aşağı toplamışdır. İmtahandan bir bal aşağı topladığı üçün məktəbin direktoru öz ərizəsi ilə işdən azad olunmasını tələb etməyə başlamışdır. O isə məktəbin direktoruna təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilən imtahanda iştirak etməməli olduğu halda, onu aldadıb imtahana məcburi qaydada göndərdiyini qeyd etmiş, ona iradını bildirmişdir. Lakin 2024-cü ildə keçirilmiş imtahanda xəstəliyi ilə bağlı iştirak edə bilməməsini və 2025-ci ilin iyul ayında 60 yaşı tamam olduğu halda təkrar sertifikatlaşmadan keçməyən kimi qəbul edib onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "c" bəndinə əsasən xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. 38 ildir ki, müəllimə işləyir və minlərlə uşaqlara təhsil verib onların qayğısını çəkmişdir. Bir çox tələbələri isə ali məktəblərə qəbul olmuşdur. İşlədiyi 28 saylı tam orta ümumtəhsil məktəbində tələbələri və kollektiv tərəfindən sevilir. 38 ilin təcrübəli müəlliməsini sertifikatlaşdırmada iştirakı könüllü olduğu halda, iştirak etməsini məcbur edib və daha sonra isə bir bala görə işdən azad etmişdirlər. İşdən azad olunması ilə bağlı əmrin surətini və əmək kitabçasını ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə götürmüşdür. İşdən azad olunmasını qanunsuz və əsassız hesab etdiyi üçün işə bərpa tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İşin faktiki halından da görünür ki, 1-ci olaraq 60 yaşı tamam olmuş müəllimə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırma ilə bağlı imtahandan azad olduğu halda, məktəbin direktoru tərəfindən imtahanda iştirak etməyə məcbur edilmişdir. 2024-cü ilin iyun ayında keçirilən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırma ilə bağlı imtahanda xəstəliyi ilə bağlı iştirak etməməsi üzrlü hesab edilməmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçı 59 yaşında olarkən xəstəxanada stasionar müalicə aldığına görə sertifikasiya imtahanında iştirak edə bilməmiş, bu barədə məktəb rəhbərliyinə məlumat vermiş, lakin ikinci dəfə şans verilməmişdir. 60 yaşı tamam olduqdan sonra imtahanda iştirakı könüllü olduğu halda, məcburi olaraq imtahana göndərilmiş, 29 bal toplamış, 1 balı çatmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2-ci sertifikasiya imtahanı 2025-ci ildə olmuş, həmin vaxt iddiaçının 60 yaşı tamam olmuşdur. Birinci imtahanda iştirak etmədiyi üçün 2-ci imtahanda iştirakı məcburi xarakter daşımışdır. Əgər iddiaçı birinci imtahandan 30-dan yuxarı bal toplasa idi, 2-ci imtahanda iştirak etməyə bilərdi. Həmçinin sertifikasiyadan keçməyən şəxslərə məktəblərdə laborant işinin də təklif olunduğunu göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Gəncə şəhəri 28 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilməsi əmr edilmiş, əsas: xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3- 2-29F/2025 nömrəli əmri göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-29-69/2-Ə-3736/24/25 nömrəli məktubdan görünür ki, sertifikasiya imtahanından kəsilməsi ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Bundan başqa sertifikatlaşdırmadan keçməyən şəxslərin müraciətlərinə baxılması və onların digər vəzifələrdə məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradıldığı və sosial vəziyyəti ağır olan vətəndaşların işlə təmini istiqamətində müvafiq tədbirlər görülməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ona aid olan əmrin surətini və əmək kitabçasını almışdır. 0501306 nömrəli stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə Şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicədə olmuşdur. 0624943 nömrəli stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə Şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicədə olmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MTO33/2024-00448 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci ildə, saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı iddia etmişdir ki, 2024-cü ilin iyun ayında keçirilən sertifikatlaşdırma ilə bağlı imtahanda səhhətində olan problemlərə görə xəstəxanada yatıb müalicə olunduğu üçün üzrlü səbəblərdən iştirak edə bilməmiş, bu barədə məktəb rəhbərliyinə məlumat versə də, xəstəliyi ilə bağlı imtahanda iştirak etməməsi üzrlü hesab edilməmişdir. 2025-ci ilin iyun ayında keçirilən imtahanda isə 60 yaşı tamam olduğu halda iştirakı könüllü olsa da, məktəbin direktoru tərəfindən imtahanda iştirak etməyə məcbur edilmiş, bir bal az topladığına görə təkrar sertifikatlaşmadan keçməyən kimi qəbul edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək, iddiaçı birinci imtahandan keçməmiş sayıldığı üçün, ikinci imtahanda iştirakının könüllü yox, məcburi xarakter daşıdığını göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində göstərilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3 Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbayca Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs edən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv olunmuşdur. İddiaçı üzrlü səbəblərdən birinci sertifikatlaşdırmada iştirak etmədiyini iddia etsə də, qanunvericiliyə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxslərə 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 28 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 28 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar