Məhkəmə qərarları › İş №2(125)-517/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-517/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-517/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 27 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri Şahlar Hüseynov küçəsi 9 saylı binanın 27 saylı mənzili onun tərəfindən 2014-cü ildə cavabdeh olan oğlunun adına alınmışdır. Həmin evi ona görə oğlunun adına almışdır ki, öldükdən sonra oğlu əziyyət çəkməsin. Həmin evdə o və arvadı ilə birlikdə yaşamışdır və onlara məxsus olan əşyalar həmin evdə idi. Evin açarı hər zaman onda olmuş, oğlu həmin evdə yaşamamış, oğlunda evin açarları belə olmamışdır. Oğlu onun mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 7A saylı binanın 19 saylı mənzilində yaşamışdır. 09 mart 2022-ci ildə oğlu ona bildirmişdir ki, evlə əlaqədar bəzən nəsə problemlər yaranır, ona görə də notariusda ona etibarnamə versin çünki onun 73 yaşı olduğundan, şəkər xəstəliyindən əziyyət çəkdiyindən onu ora-bura aparmaq məcburiyyətində qalmasın, özü bütün işləri tez həyata keçirsin. Buna razı olmuş və notariat kontorunda etibarnaməyə imza atmışdır. Lakin sonradan bilmişdir ki, oğlu onun adına olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 7A saylı binanın 19 saylı mənzilini satmış, hazırda isə onu yaşadığı evdən çıxarmaq istəyir. Oğlu ona qarşı məhkəmədə iddia qaldıraraq əşyaları ilə birlikdə evdən çıxarılmağı və ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh,ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi 9 nömrəli evin 27 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmədən sonra cavabdeh evin açarlarını dəyişdirirək onu və arvadını evə buraxmaqdan imtina edir. Evdəki bütün əşyalar onlara məxsus olan və daima istifadə etdikləri məişət əşyalarıdır. Əslində onun yaşamağa evi olsa da və mübahisəli mənzildə yaşamasının qeyri mümkünlüyünü dərk etsə də oğlunun ona qarşı hərəkətlərinə görə prinsipə həmin mənzilə köçmək istəyir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun atasıdır. İddiaçı 2006-cı il tarixdən özünə məxsus olan Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 2 mərtəbəli evdə yaşayır. Atası ilə ailə üzvü kimi bir evdə yaşamışlar. Lakin atası sonradan başqa bir qadınla ailə quraraq özü Şəmkir rayonunda yerləşən və Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 0,11 ha həyətyanı torpaq sahəsində inşa etdiyi evə köçmüşdür. Əslində atasının hazırki mübahisələndirilən mənzildə yaşamasına heç bir marağı və ehtiyacı yoxdur. Ailə qurduğu qadının diqtəsi ilə onlara qarşı qərəzli olaraq hazırki iddianı qaldırmışdır. İddiaçının iddia etdiyi mənzil isə bir otaqlı olmaqla bu mənzildə o, həyat yoldaşı və 3 övladı yaşayır. İddiaçının bu evdə yaşaması qeyrimümkündür.İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 cavabdehlə eyni məzmunda çıxış edərək iddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-962/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli evin 27 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilərək arvadı X3 və uşaqları xx.xx.2009cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülmələri təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli evin 27 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə İddiaçı və digər ailə üzvlərinin adlarına xx.xx.2006-cı il tarixli, JN-36B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi qanunvericilikdə zəruri ehtiyacı olan ailə üzvlərinin mülkiyyətçi ilə birlikdə yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının köçürülməsini tərləb etdiyi mənzil 1 otaqdan biarət olmaqla, həmin mənzilin mülkiyyətçisinin 5 nəfərdən ibarət ailə üzvü olmaqla onlarla birlikdə mənzildən istifadə etməsi qeyri mümkündür. Bununla yanaşı iddiaçı məhkəmə isclasında özü də qeyd etmişdir ki, onun rahat yaşaması üçün Şəmkir rayonunda fərdi yaşayış evi vardır və mübahisəli mənzilə prinsipə görə köçmək istəyir. İşdə olan sübutlardan və fotoşəkillərdən də görünür ki, iddiaçının Şəmkir rayonunda iki mərtəbədən ibarət fərdi yaşayış evi vardır və iddiaçı həmin evin ona məxsus olmamasını mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yaşamağa evi olmaqla onun mübahisəli mənzildən istifadə etməsinə ehtiyacı olmadığından və qarşı tərəfə təsir vasitəsi kimi formal olaraq qətnamə əldə etmək niyyəti olduğundan iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar