Məhkəmə qərarları › İş №2(125)-52/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-52/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-52/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçıya aid ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçının atası Nümayəndə aralarında münasibət olmuşdur, yuxarıda qeyd edilən mülk çıxarışla iddiaçının adına notariat qaydada təsdiq olunubdur, mülk ünvan 1 ünvanında yerləşir, mülk torpaq sahəsindən və yaşayış üçün yararlı olan 2 otaqlı evdən ibarətdir. O, Bakı şəhərində işlədiyi üçün orada atası və anası ilə kirayədə yaşayır, cavabdehin atası, anası, qardaşı və onun ailəsi ilə yaşadıqları bina evi darısqal olduğu üçün müvəqqəti olaraq təmənnasız, pul vermədən yuxarıda qeyd olunan ünvanda yaşamalarına iddiaçının atası razılıq vermişdir. xx.xx.2009-cu il tarixdə iddiaçının atası barəsində həbs qəti imkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdə o, həbsdən azad edilmişdir. 2013-cü ildə Kəpəz Rayon Məhkəməsinin qərarı ilə yaşadıqları və qeydiyyatda olduqları bina evi müsadirə olunmuş və başqa vətəndaşa satılmışdır. Ona görə həmin ildən Bakı şəhərində kirayədə yaşayırlar. Artıq 15 ilə yaxın müddətdə cavabdeh ailəsi ilə bərabər həmin ünvanda yaşayır. Bir neçə müddətdir ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək Gəncə şəhərinə qayıdıb öz evində yaşamaq istədiyini bildirsə də, cavabdeh evi boşaltmır və iddiaçını getgələ salır. Cavabdeh bəhanə gətirir ki, o evdə ailəsinin normal yaşaması üçün iddiaçıya demədən və icazə almadan darvaza dəyişdirmiş, sanitar qovşağı təmir etdirmişdir, iddiaçı isə ona bildirmişdir ki, cavabdeh bunu iddiaçıdan razılıq almadan öz ailəsinin rahatlığı üçün etmişdir və 15 il ərzində iddiaçı ondan heç nə tələb etməmiş, müvəqqəti yaşamaq üçün verdiyi evdən pul da almamışdır. Hazırda cavabdeh yuxarıda göstərilənləri bəhanə gətirərək və digər ev axtarmağını bildirərək evdən çıxmır və iddiaçını aldadaraq vaxt uzadır. Mülkiyyət hüququ pozulduğundan iddiaçı mübahisəyə son verilməsi üçün məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə etmişdir ki, ünvan 1 ünvanında yerləşən mülk onun adına olsa da, həmin mülkdə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır, özü isə hazırda Bakı şəhərində kirayədə yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyərək 700 manat əmək haqqı alsa da, 400 manatı kirayə haqqı kimi ödəyir. Ona məxsus olan əmlakdan istifadə edə bilmir. Cavabdeh ilə atası Nümayəndə arasında olan danışıqlar və razılaşmalar onun mülkiyyəti ilə əlaqələndirilməməlidir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq bildirmişlər ki, aiddiyəti üzrə baş tutmuş məhkəmə iclasından əvvəl, məhkəmə iclasları zamanı və məhkəmə iclasından sonra aralarında müxtəlif gərginliklər yaşanmışdır. Bu səpkidə baş verən gərginliklərin yaşanmaması üçün, eyni zamanda onun və ailə üzvlərindən hər hansı birinin məhkəmə mühakiməsi zamanı və sonrası qarşı tərəfin təhdidləri ilə üzləşməməsi üçün məhkəmə iclaslarında iştirak etmələrini qeyri-məqbul hesab etmişlər. Məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşıb və qanunların aliliyini rəhbər tutaraq qanunamüvafiq qərar çıxarılmasını xahiş edirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə etmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının atası Nümayəndə ilə yaxın dost münasibətində olmuşlar. O, İddiaçının atasına etibar etmişdir. Lakin iddiaçının atası onu aldadaraq bir neçə sənədlərə qol çəkdirmişdir. Həmçinin sözügedən ünvan 1 ünvanında yerləşən mülkdə təmir işləri aparmışdır. Hazırda ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və nümayəndə kimi məhkəmə iclasında ətraflı izahat verəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınaraq başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin üzürlü halın nədən ibarət olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin, həmçinin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçının atası Nümayəndə Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X1, X3 və X4 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində Nümayəndə adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı Rafael oğluna bağışlamışdır. Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kvadrat metr fərdi yaşayış evi üzərində (**********71-10301 reyestr nömrəli) İddiaçı Rafael oğlunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı 15 fevral 2008-ci ildən ünvan 4 ünvanda yerləşən mənzildə qeydiyyatdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən hər hansı əmlak hüququnun olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh Məmmədov X2 Ramil Rəfael oğlu, X5 və X11 qarşı Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Nümayəndəla onun arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanına dair alğı-satqı müqaviləsinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1405/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən iddianı rədd birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzilə dair nəinki mülkiyyət və əmlak hüquqları, həmçinin həmin əmlaka gözlənti hüququ da mövcud deyildir. Qeyd olunan səbəbdən iddiaçının həmin mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də, iddia İddiaçı və Nümayəndə arasında Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi tələbi, Cavabdeh həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Beləliklə, hazırkı mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində iddiaçının atasının əvvəllər verdiyi razılığı ilə yaşayır və onun sözügedən evə har hansı əmlak hüququ yoxdur. Başqa sözlə, cavabdeh həmin evə ancaq mülkiyyət hüququnun olmasını mübahisələndirmiş, evə istifadə hüququnun olmasına istinad etməmişdir. İddiaçı cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir və onun, ailə üzvlərinin mülkiyyətində olan evindən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evində cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı həmin evdən mülkiyyət, o cümlədən istifadə hüququnu həyata keçirə bilmir. Halbuki, Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus evdə yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin və onların azyaşlı uşaqlarının iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmaqla ev boşalıdlmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, “cavabdehin ailə üzvləri ilə birlikdə” mübahisəli fərdi yaşayış evindən çıxarılması hissədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəxslərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi bu hssədə təmin edilməməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 62 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq ev boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinin əvəzinə görə 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar