Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-522/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən (bundan sonra – mübahisəli mənzil) cavabdehlərin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Ş.Hüseynov küçəsi ev 1-li binanın 10-cu mənzili iki otaqlı yaşayış sahəsindən ibarət olmaqla, xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evə onun mülkiyyət hüququmu təsdiq edən xx.xx.2001-ci il tarixli, 4683 reyestrlə qeydə alınmış Qeydiyyat Vəsiqəsi vardır. Cavabdehlərdən Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə onun oğludur. Sahibə 1991-ci ildə Sədrəddin adlı şəxslə ailə qurub, Sədrəddinin atası Zakirin Gəncə şəhəri “Yeni İrəvan” adlanan qəsəbədə yerləşən evinə gəlin köçüb. Bir müddət sonra isə onlar Gəncə şəhəri Sadıllı qəsəbəsində 10-cu küçədə özlərinə ev tiktirib ora köçüblər. Daha sonra isə onlar həmin Sadıllı qəsəbəsindəki evi satıb, Gəncə şəhəri Səməd Vurğun küçəsində ev alıb orada yaşamışlar. 2007-ci ildən sonra isə Sahibə iki uşağı ilə birlikdə birdəfəlik olaraq Sumqayıt şəhərinə köçüb orada yaşayırlar. 20 ilə yaxındır ki, bacısı ilə qohumluq münasibətləri kəsilmişdir. Bacısı Sahibə 30 il əvvəl, 1991-ci ildə ər evinə daimi köçmüş, həmin vaxtdan hal-hazıradək başqa ünvanlarda yaşamaqda davam edir. Buna baxmayaraq onun 30 ildir ki, qanunsuz qeydiyyatı formal qalmaqdadır. Bacısının 1992-ci il təvəllüdlü Kənan adlı oğlu şəxsiyyət vəsiqəsi alarkən, o, razılıq vermədiyinə görə evə qeydiyyata alınmamışdır. Lakin onun 1997-ci il təvəllüdlü Kamran adlı oğlu onun xəbəri və razılığı olmadan evə qeydiyyata alınmışdır. Kamranın heç vaxt yaşamadığı, evdə qeydiyyata alınması, cavabdehlərin onun evində formal qeydiyyatlarının qalması onun mülkiyyət hüququnu pozur. Cavabdeh1 iddiaya etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 4 qardaş, 3 bacısı olmuşdur. Həmişə mehriban olublar. Son zamanlarda baş verən məsələlərlə bağlı qardaşı İddiaçı və ailəsi ilə onun arasında problemlər yaranmışdır. Ailəsi isə Özbəkistana köçərək orada yaşamışlar. Belə ki, o, uşaqlıqdan bəridir ki, qarşı tərəfin hal-hazırda onu qeydiyyatdan çıxarmaq istədiyi mübahisəli mənzildə baba və nənəsiylə yaşamışdır. Təxminən 1989-cu ildə atası Qasımov Nazim tək özü Özbəkistandan qayıtdı və onlarl birlikdə yaşamağa başladı. 1991-ci ildə isə o, Hüseynov Sədrəddinlə nikaha daxil olmuş və bu nikahdan 2 övladı - X2 və Cavabdeh2 anadan olmuşlar. Bundan sonra, o, həyat yoldaşının ailəsi ilə birlikdə yaşamağa başlamışdı. Buna baxmayaraq, o, hər gün babsıyla atasına baş çəkir və onların qayğısına qalırdı. Lakin babası 1993-cü ildə dünyasını dəyişdi və o, atasıyla birlikdə xərc çəkərək onu dəfn etdi. Bundan sonra o, yenə də həmin evə hər gün gedərək atasına baş çəkib onun qayğısına qalmağa davam etdi. Lakin atası da təxminən 1996-cı ildə dünyasını dəyişdi və bu zaman onun dəfn olunma xərclərini tək özü qarşıladı. Bu zaman ona yaxınlarının heç birinin maddi köməkliyi olmamışdır. Bu hadisələrdən sonra da o, hər gün mübahisəli mənzilə gedərək evin səliqəsi ilə məşğul olur və hətta bir müddət orada övladlarında birlikdə qalmağa davam edirdi. 1997-ci ilin yayında isə qardaşı-İddiaçı və ailəsi Özbəkistandan buraya köçdülər. Onların yaşayış yeri olmadığından onlara bu evdə yaşamalarına icazə verdi və onların bu evə pasport qeydiyyatına düşməyi üçün çalışdı. İlk öncə bunun üçün müraciət etsə də, ev ölü bir insanın adına olduğu üçün bu evi qanuni vərəsəliklə öz mülkiyyətinə saldı və qadaşı İddiaçı və onun ailəsinin də bu evə pasport qeydiyyatına düşməyə icazə verdi. Həmin zamanlar onların ailəsində narazılıqlar olmasın deyə o, təxminən 2001-ci ildə evi bağışlama müqaviləsi ilə qardaşı İddiaçı mülkiyyətinə verdi. Bu evi qardaşına yalnız onun həmin evdən istifadə hüququnun saxlanılması və qeydiyyatına xitam verilməməsi şərtilə bağışladı. Hüseynov Sədrəddin ilə onun arasında olan nikaha təxminən 2000-ci ildə xitam verilmişdir. Bundan sonra da o, yaşadığı evdə həyat yoldaşının ailəsi ilə birlikdə yaşamağa çalışsa da, mübahisələr yarandığına görə bu mümkün olmamışdır. Buna görə də öz övladlarıyla birlikdə qardaşımın ailəsi ilə birlikdə yaşadığı mübahisəli yaşayış sahəsinə köçərək yaşamaq istəsə də, qardaşı və onun həyat yoldaşı buna imkan verməmişlər və onun övladlarında birgə həmin evdən istifadə hüququnun olmasına baxmayaraq, onu qovmuşlar. Yalnız onun mənzildə burada yaşaya biləcəyini desələr də, o, övladlarımdan ayrıla bilmədiyi üçün bunu qəbul etmədi. Yenə də onların evində mübahisələr yaranmasın deyə o, övladlarında birlikdə Sumqayıta gələrək burada yaşamalı oldum. Lakin hər dəfə tez-tez Gəncəyə gedib orada yaşayan yaxınlarını görmək istədikdə həmin evə girə bilməmiş və həmişə qovularaq çıxmalı olmuşdur. Halbuki onun həmin evdə yaşayış hüququ və pasport qeydiyyatı vardır. İddiaçının öz qanunsuz hərəkətləri üzündən cavabdehlər istifadə hüququndan illərdir ki, istifadə edə bilmir. Buna baxmayaraq aralarındakı qohumluq münasibətlərini nəzərə alaraq, bu münasibətlərin pozulmaması üçün bu günədək iddiaçıya qarşı mənzil hüququndan istifadənin təmin edilməsi ilə bağlı iddia qaldırmamışdır. Lakin artıq bundan sonra bu iddianı qaldırmaq niyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 1, 10 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 1 ünvanında yerləşən 10 saylı mənzil Gəncə şəhəri 4 saylı Dövlət notariat kontorunun xx.xx.1991-ci il tarixli, 1-339 reyestr nömrəli “Xidməti Mənzilin bağışlama” müqaviləsinə əsasən, X4 adına qeydiyyata alınaraq xx.xx.1991 -ci il tarixli, 4683 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 01,07.1998-ci il tarixli, 2-286/1998 nömrəli qətnaməsinə əsasən, sözügedən mənzil Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.1998-ci il tarixli, 4683 reyestr nömrəli qeydiyyata vəsiqəsi verilmişdir. Gəncə şəhəri 3 saylı Dövlət notariat kontorunun xx.xx.2001-ci il tarixli, 4Ə-1-47 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, mənzil Cavabdeh1 tərəfindən İddiaçı bağışlanmışdır. Həmin müqavilə üzrə İddiaçı adına xx.xx.2001-ci il tarixli, 4683 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi xahiş olunan 1962-ci il təvəllüdlü Cavabdeh1 və 1997ci il təvəllüdlü Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəməyə təqdim edilən iddia ərizəsindən və iddiaya etirazdan Cavabdeh1 1991-ci il tarixdən, sonuncunun oğlu Cavabdeh2 1997-ci il tarixdən mübahisəli mənzildə yaşamaması mülki işin mübahisəsiz halı kimi müəyyən olunur. Beləliklə, cavabdehlər başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzili tərk etmişdir. Cavabdehlərin mənzili tərk etməsinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onların başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, onlar ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdehlər mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Həmin müddət ərzində mübahisəli mənzildə yaşamamış olması cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Digər tərəfdən, xx.xx.2001-ci il tarixli müqavilə əsasında bağışlamaqla mübahisəli mənzilə mülkiyyət hüququnu iddiaçıya verməsi Cavabdeh1 və həmin tarixdə 14 yaşına çatmadığı üçün yaşayış yeri valideyninin yanı olan oğlu Cavabdeh2 başqa bir yerdə daimi yaşayış yerinin olmasını təsdiqləyir. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusudur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin mübahsiəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 1, 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-522/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-522/2023
02.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver