Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5238/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Gəncə şəhər Sukanalı İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Gəncə şəhər Sukanalı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdehin verdiyi xx.xx.2025-ci il tarixli əmrin qanunsuz sayılmaqla ləğv edilməsinə və onun “maşinist” vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, işdən azad edilməyi barədə onun adından Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (işçinin öz ərizəsi ilə işdən çıxması) istinad edilərək ərizə yazılıb. Lakin vurğulamaq istəyir ki, bu ərizə onun azad və könüllü iradə ifadəsi olmayıb. O, müxtəlif təzyiqlərə və məcburiyyətə məruz qalaraq həmin ərizəni yazmağa vadar edilib. İş fəaliyyətinin dövründə bu günə qədər heç bir intizam tənbehi, töhmət və ya xəbərdarlıq almayıb. O, işində daim məsuliyyətli və vicdanlı olub, tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Sadəcə, ənənəyə uyğun olaraq onlar hər zaman yas mərasimlərinə su veriblər. Bu dəfə də xəbər vermədən, təşəbbüskarlıq göstərərək yas mərasiminə su verdiyi üçün rəhbərlik tərəfindən irad bildirildi. Halbuki bu hal qanunvericiliyə əsasən işdən çıxarılma üçün əsas ola bilməz. Əmək Məcəlləsinin müddəalarına görə işçinin işdən çıxması barədə ərizəsi yalnız onun azad və könüllü iradəsi əsasında hüquqi qüvvəyə malikdir. Əgər ərizə məcburi yazdırılıbsa, bu, hüquqi cəhətdən etibarsız hesab edilməlidir. Onun ərizəsi isə təzyiq altında yazılmışdır və bu əmək hüquqlarının kobud şəkildə pozulmasıdır. İşdən çıxarılmağı nə onun iradəsinə, nə də qanuna uyğun deyil. Məhkəmə iclasında iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını və tələbinin təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, əmək münasibətlərinə xitam verilməsi barədə ərizədəki imza onun tərəfindən icra edilmişdir, həmin vaxt o, boş kağızı imzalamışdır, cavabdehin nümayəndəsi ona təzyiq göstərdiyi üçün ərizəni imzalamışdır, başqa işə keçiriləcəyinə dair vədlə aldadıldığı üçün ərizəni imzalamışdır və bu halları təsdiqləyən hər hansı sübut təqdim edə bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 251 nömrəli əmək müqaviləsinin surətinə əsasən, İddiaçı su və kanalizasiya şəbəkələrinin istismarı və qəza bərpa sahəsi-nasos qurğularının maşinisti vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixli, 51-K nömrəli əmrinə əsasən “Gəncə Sukanal” törəmə səhmdar cəmiyyəti ilə bağlanmış müqavilə üzrə su və kanalizasiya şəbəkələrinin istismarı və qəza bərpa sahəsi-nasos qurğularının maşinisti vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal idarəsinə verilmiş xx.xx.2025-ci il tarixli ərizənin surətinə əsasən, İddiaçı əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal idarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 40-k nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən İddiaçı – Subartezianlar üzrənin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdən – xx.xx.2025-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ilə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən işəgötürən İri Şəhərlərin birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx000201 nömrəli əmək müqaviləsi bildirişi ləğv edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, K M5887 nömrəli qəbzinə əsasən “Gəncə Sukanal” TSC tərəfindən X1 ******************** nömrəli hesabına 485 manat məbləğində əmək haqqı mədaxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Hazırkı iş üzrə iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını və əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmiş, əmək münasibətlərinə xitam verilməsi əsas olan ərizənin onun iradəsini əks etdirməməsi ilə tələbini əsaslandırmışdır. Sübutetmə yükü daşıyan iddiaçı tələbinin əsaslandığı halları – boş kağızı imzalamasını, təzyiq altında ərizəni imzalamasını, başqa işə keçiriləcəyinə dair vədlə aldadılaraq ərizəni imzalamasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının tələbini əsaslandırdığı hallar bir-birilə uyğunsuzluq təşkil edir. Digər tərəfdən, cavabdehin təmsilçisi qeyd edilən hallardan hər hansı birini təsdiqləməmişdir. Beləliklə, hazırkı iş üzrə tələbin əsaslandığı hal - əmək münasibətlərinə xitam verilməsi üçün əsas olmuş ərizədə ifadə olunan iradənin həqiqi niyyətə uyğun olmaması sübuta yetirilmədiyi üçün mübahisələndirilən əmrin qanuni və əsaslı olması təkzib olunmur, buna görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Gəncə şəhər Sukanalı İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5238/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5238/2025
21.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver