Məhkəmə qərarları › İş №2(125)-526/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-526/2025

14.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-526/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdən istifadə hüququnun tanınması və mülkiyyətə köçürmə” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdən istifadə hüququnun tanınması və mülkiyyətə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onu və himayəsində olan iki azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahları 20 oktyabr 2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirilərək dövlət reyestrində 2238 saylı aktla qeyd edilmişdir. Cavabdeh1 ilə birgə nikahlarından 02 yanvar 2015-ci il tarixdə X5 və 08 dekabr 2015-ci il tarixdə X6 adlı iki övladları dünyaya gəlmişdir. Halhazırda Cavabdeh1 ilə boşanma ərəfəsində olduğu üçün onu və iki azyaşlı övladını qeydiyyatda olduqları və daim yaşadıqları qaynanası Cavabdeh2 mülkdə olan ünvan 1 ünvanda məskunlaşmağa icazə vermir. O, hal-hazırda ata evində iki azyaşlı övladları ilə birlikdə darısqal evdə müvəqqəti məskunlaşmışdır. Maddi durumu acınacaqlı vəziyyətdə olduğundan və heç bir yerdən gəlir mənbəyi olmadığından kirayə ev tutmaq imkanı yoxdur. Onu da qeyd edir ki, həmin mülkdə təsərrüfat işləri aparmaqla yanaşı bu günə kimi övladları ilə birlikdə daimi olaraq yaşayır. Hal-hazırda onların yaşayış yerləri olmadığından onların Cavabdeh2 mülkdə olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və köçürülməkləri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etməsi qanunun müddəalarına müvafiqdir. Bundan sonra iddiaçı "tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək onun və himayəsində olan 02 yanvar 2015-ci il təvəllüdlü X5 və 08 dekabr 2015-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə 2014-cü il tarixdə ailə quraraq ünvan 2 ünvanına gəlin köçərək orada yaşamağa başlamışdır. Cavabdeh1la birgə nikahından Amin və Emin adlı 2 uşaqları doğulmuşdur. Həmin ev “JAK” tipli ev olmaqla cavabdehin nənə və babasının adına olmuşdur. Sonradan “JAK” tipli ev 45000 manata satılaraq, pul cavabdehin atası və əmiləri arasında bölüşdürüldü. Cavabdehlərə həmin evin satılmasından 17500 manat pul qalmışdır. Bundan sonra əri Orxanın və qayınatasının adına kredit götürülməsi nəticəsində alınan torpağı 5000 manata sataraq, Gəncə şəhəri, Sevinc qəsəbəsindən 24500 manata ev almışlar. 2018-ci ilin fevral ayında Sevinc qəsəbəsindəki evə köçmüşdür. Bundan sonra Orxanın problemləri ortaya çıxmış, qumar oynamış və ona xəyanət etmişdir. Buna görə Orxandan boşanmaq qərarına gəlmiş, lakin fikrindən daşınmışdır. X14 İdarəsində işləyən vaxtı onun çoxlu borcları yaranmışdır. Buna görə Sevinc qəsəbəsində olan evi satmaq qərarına gəlmişlər. Həmin evi 38000 manata satmaq istəsələr də evin vəziyyəti pis olduğuna görə müştəri tapa bilməmişlər. Belə olan halda həmin evdə bəzi kosmetik təmir işləri görülmüş, çardaq qurulmuşdur. Orxan buna görə avtomaşınını satmış və bankdan kredit götürmüşdür. Beləliklə həmin evin qiyməti 45000 manat dəyərinə gəlmişdir. Hətta o gəlin köçən zaman soyuducu gətirmədiyinə görə atası evin təmirinə soyuducunun əvəzi kimi 1000 manat köməklik etmiş, evin tikilməsində əməyi olmuşdur. Daha sonra 2024-cü ilin yanvar ayında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 23000 manata almışlar. Həmin evdə də təmir işləri aparılmışdır. Lakin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alınmasına valideynləri tərəfindən hər hansı maddi köməklik edilməmişdir. Bundan sonra Orxan maşın alverinə başlamış və Bakı şəhərinə getmişdir. Orxan yenə özünü şübhəli aparmış, ona hörmət qoymamışdır. Bundan sonra o, Orxanın ona xəyanət etdiyini görmüş və çıxıb atası evinə getmişdir. O, Cavabdeh1la aralarındakı nikahın pozulması barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və həmin iş məhkəmənin icraatındadır. Onun fikri Orxandan boşanmaqdır, həmin iş boşanmaları ilə nəticələnəcəkdir. Hətta uşaqların saxlanması üçün müvəqqəti hər ay hər uşağa görə 200 manat aliment təyin olunmuşdur. O, mübahisəli evə qayınatası və qayınanasının razılığı ilə pasport qeydiyyatına düşmüşdür. Bu barədə heç bir narazılıq olmamışdır. Hesab edir ki, onun mübahisəli evdə haqqı vardır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ünvan 4 ünvanında yerləşən ev onun qayınatasının evi olmuş, həmin evin satılması nəticəsində Sevinc qəsəbəsindəki ev alınmış, daha sonra Sevinc qəsəbəsindəki ev də satılaraq 2024-cü ilin yanvar ayında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi alınmışdır. Həmin ev onun mülkiyyətindədir. İddiaçı mübahisəli evdə 2024-cü il ərzində cəmi 8 ay yaşamışdır. İddiaçı həmin evə dava-dalaş nəticəsində qeydiyyata düşmüşdür. Heç bir evdə iddiaçının vəsaiti hesabına təmir-tikinti işləri görülməmişdir. İddiaçının mübahisəli evdə yaşamasına dair aralarında hər hansı razılıq yaxud müqavilə olmamışdır. Mülk onundur, iddiaçıya mübahisəli evdən istifadə hüququ verilməsinə və uşaqları ilə birlikdə həmin evə köçürülməsinə razı deyildir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 10 yanvar 2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 və X3 arasında 20 oktyabr 2014-cü il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində 2238 nömrəli nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Cabbarov”, arvada “Cabbarova” soyadı verilmişdir. - İşdə olan AZ-İİİ 463335 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 02 yanvar 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. - İşdə olan AZ-İİİ 662007 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 08 dekabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. - İşdə olan 17 yanvar 2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Nəriman Nərimanov prospekti ev 94, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 79,9 kvadratmetrdən ibarət mənzili 18000 manata Cavabdeh2 satmışdır. - İşdə olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. - İşdə olan 24 dekabr 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə, məhkəmə iclası 27 mart 2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 2 uşaqları doğulmuşdur. İddiaçı əvvəlcə Cavabdeh1 babasına məxsus ünvan 5 ünvana gəlin köçmüş, daha sonra həmin ev satılaraq, Sevinc qəsəbəsindən ev alınmışdır. Bundan sonra iddiaçı həmin evdə yaşamış, daha sonra Sevinc qəsəbəsində olan ev də satılmışdır. Mübahisəli ev olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 2024-cü ilin yanvar ayında iddiaçının keçmiş qaynanası Cavabdeh2 adına alınmış və onun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı Cavabdeh1 qarşı nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmış və həmin iş məhkəmənin icraatındadır. İddiaçı mübahisəli evdə 2024-cü ildə bir neçə ay yaşamış, daha sonra cavabdehlə münasibəti pisləşdiyindən oradan çıxıb getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2024-cü ilin fevral ayında gəlin köçdüyündən, orada gəlin kimi bir neçə ay yaşayaraq 2024-cü ildə mübahisəli evi tərk etdiyindən və xx.xx.2024-cü il tarixdə mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçının keçmiş qaynanası Cavabdeh2 adına dövlət qeydiyyatına alındığından iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə İddiaçı mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin və torpaq sahəsinin tam mülkiyyətçisi olan hazırki iş üzrə Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin iddiaçının keçmiş qaynanası olan Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin və eyni zamanda Cavabdeh2 ailə üzvü olmadığına görə iddiaçının özünün saxlanmasını həmin şəxsdən tələb etmək və yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yaranmamışdır. İddiaçı ilə onun keçmiş əri Cavabdeh1 arasında ailə münasibətlərinə faktiki olaraq xitam verilmiş, onlar ayrılmaqla, iddiaçı cavabdehə qarşı məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmışdır. Həmin iş məhkəmənin icraatındadır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ümumiyyətlə mübahisəli evin mülkiyyətçisi arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya münasibətdə mübahisəli evə istifadə hüququnun verilməklə onun həmin evə köçürülməsinə dair tələbi təmin edilmədiyindən onun faktiki olaraq himayəsində olan azyaşlı uşaqlarının da mübahisəli evə köçməsi məntiqi baxımdan düzgün olmazdı. Belə ki, azyaşlı uşaqlar hazırda anası İddiaçı himayəsində olmaqla onların mübahisəli ünvana köçürülməsi faktiki olaraq anasının himayəsindən çıxması ilə nəticələnir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özünün, 02 yanvar 2015-ci il təvəllüdlü X5 və 08 dekabr 2015-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşaqlarının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özünün, 02 yanvar 2015-ci il təvəllüdlü X5 və 08 dekabr 2015-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşaqlarının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar