Məhkəmə qərarları › İş №2(125)-5297/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5297/2025

18.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5297/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 2006, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi alıcı İddiaçı satmışdır; Gəncə şəhəri, Turgenev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi Yeni qaydalarla: AZ 2006, ünvan 2 (bundan sonra –mübahisəli ev) xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır; İddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Turgenev küçəsi, istifadədə olan 0,006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,3 kv.metr olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi öhdəliyinin Reyestr Xidmətinin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024cü il tarixli, 2(125)-3815/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar ayrıayrılıqda apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(104)-228/2025 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1788/2025 nömrəli qərarı ilə iddiaçıların birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş; iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2(104)-228/2025 saylı qətnaməsi dəişdirilmədən saxlanılmış; qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 20006, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onlara məxsus əşyalarının evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər onun mülkiyyət hüquqlarını pozaraq, ona məxsus fərdi yaşayış evindən çıxmırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus ona mübahisəli evdən cavabdehlərin əşyalarıyla birlikdə çıxarılmasını xahiş etmiş və həmin daşınmaz əmlaka mülkiyyət hüququnu həyata keçirə bilməməsi ilə tələbini əsaslandırmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh tərəf mübahisəli yaşayış sahəsinə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin həmin evə hüququ tədqiq edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmasını və həmin evin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə yaşamaları iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Gəncə şəhəri, Turgenev küçəsi, ev 21, Yeni qaydalarla: AZ 20006, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar və həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar