Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5321/2023 15.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən (bundan sonra – mübahisəli ev) Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi və onunla bərabər digər Cavabdeh2 mübahisəli evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə mübahisəli evə - ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214,5 kv.metr olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlərdən biri oğlu digəri isə oğlunun həyat yoldaşıdır. Cavabdeh olan oğlu fabrikdən yumurta alıb evdə satır. Əvvəllər yumurta alqı-satqısına iddiaçı baxsa da, gəlin gələndən sonra buna imkan verməmişdir. Öz evində kirayəçi kimi qalırdı. Cavabdehlər evin sənədini və iddiaçıya aid olan hər şeyi onun əlindən alıblar. H.Ağabəyov küçəsi, ev 85 ünvanında gəlinin evi var idi. Oğlu hər iki evi satıb pulunu götürüb. İddiaçı onların əlindən normal yaşaya bilmir. İddiaçı, oğluna ev alıb vermişdir ki, mübahisəli evdən çıxsın, ancaq oğlu həmin evi satıb pulunu xərcləmişdir. İddiaçı torpaq almış, oğlu torpağı da satmışdır. Hazırda oğlunun adına Gəncə şəhərində, Bakı şəhərində evlər var. Bir sözlə, oğlu öz evində yaşamır. İddiaçı hesab edir ki, cavabdehlər və ailə üzvləri iddiaçıya məxsus evdən məhkəmə qaydası ilə çıxarılmalıdır. İddiaçı həmçinin iddia ərizəsində göstərir ki, cavabdehə satmış olduğu torpağın pulu kimi 34000 manat pulu iddiaçının əlindən alıb vermir. Pulunu da qaytarmır. Evi də onun adına rəsmiləşdirmir. Oğlunun özünəməxsus evi olsa da, deyir ki, “sən evini mənə ver, sonra evi sənin adına rəsmiləşdirim”. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, 1989-cu ildə ona iş yerindən sərəncamla torpaq sahəsi verilmiş, o isə həmin torpaq sahəsində sözügedən evi tikərək 1992-ci ildən həmin mübahisəli əmlakda yaşamağa başlamışdır. Mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı isə 2018-ci ildə almışdır. Cavabdehlərlə yola getmirlər, oğlu - Cavabdeh1 1992-ci ildə onunla bərabər həmin evə köçmüşdür, digər Cavabdeh2, yəni gəlini 2008-ci ildən həmin evə gəlin köçmüşdür, həmin vaxt ev tikili olmuşdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə məhkəmə bildirişi Cavabdeh1 qeydiyyatda olduğu ünvana və cavabdehlərin məlum olan sonuncu yaşayış yeri üzrə icra hakimiyyətinə göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbi barədə məlumat vermədiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********45 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, ünvan 3 ünvanında 0,0283 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53,5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə əldə edilmiş elektron sorğuya cavab məlumatından görünür ki, Gəncə şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 5di yaşayış evi, ünvan 6 ünvanında yerləşən mənzil, Daşkəsən rayonu, ünvan 7 ibarət kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi və ünvan 8i ünvanında yerləşən 0,08 ha-dan ibarət həyətyanı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən X1 verilmiş 01/4865 nömrəli, 26 oktyabr 2018-ci il tarixli “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, ünvan 9 ünvanında yerləşən obyektin 26 oktyabr 2018-ci il tarixinə olan bazar dəyəri 60000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən üç övladı – qızları xx.xx.1971-ci il təvəllüdlü X4, xx.xx.1973-cü il təvəllüdlü X3 və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı 15 sentyabr 2005-ci ildən ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır, həmin mübahisəli əmlakda qeydiyyatda olan digər şəxslər – X7, Cavabdeh1, X2, X5 və X6r. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının oğlu və gəlinidir və onlar uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayırlar. Cavabdeh1 mülkiyyətində müxtəlif ünvanlarda üç mənzil və iki torpaq sahəsi vardır. İddiaçı mütəmadi davam edən ailə-məişət mübahisələri zəminində cavabdehlərin öz mülkiyyətində olan fərdi yaşayış evində yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir və onların mülkiyyətində olan evindən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçının ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. İddiaçı ilə Cavabdeh1 ana-oğul olduqlarından onlar arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar yazılı razılaşma bağlanmamışdır. Lakin, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış sahəsindən istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində Gəncə şəhəri ərazisində müxtəlif ünvanlarda iki fərdi yaşayış evi və ünvan 11publikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində üç yaşayış sahəsi olduğundan və onun iddiaçıya məxsus yaşayış evində yaşamasına ehtiyacının olmaması müəyyən edildiyindən, iddiaçı onun yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən çıxarılmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçının izahatına görə Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə faktiki olaraq ailə həyatı qurmuş və iddiaçıya məxsus yaşayış evinə gəlin kimi köçmüşdür. Lakin, məhkəmə hesab edir ki, cavabdehlər rəsmi nikahda olmuş olsalar belə həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həm də Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh2 iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri dedikdə, onun əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə Cavabdeh2 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da Cavabdeh2 qeyd edilən yaşayış evindən istifadə hüququ yaranmadığından, iddia tələbi Cavabdeh2 aid hissədə də təmin edilməlidir. Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlə daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməli, Cavabdeh1 həmin evə dair istifadə hüququ itirilməli və hər iki cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5321/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5321/2023
15.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver