Məhkəmə qərarları › İş №2(125)-5348/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5348/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5348/2023 19.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “18 yaşına çatanadək əlil olmağı faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “18 yaşına çatanadək əlil olmağı faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18 yaşına çatanadək əlil olmağı faktının müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 8.3-cü bəndində qeyd edilmişdir ki, bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədənkənar qaydada həll edilməlidir. Həmçinin həmin plenum qərarının 14-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Hazırki ərizənin məzmunundan görünür ki, Ərizəçi bu tələbi irəli sürməkdə hüquqi marağı 18 yaşına çatanadək əlil olmağı faktının müəyyən edilməsindən ibarətdir. Belə olan halda ərizəçinin qeyd edilən məsələ ilə bağlı xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi icraata qəbul edilmə bilməz. Bu səbəbdən də ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “18 yaşına çatanadək əlil olmağı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. Ərizə və ona əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi rəsmi qaydada geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar