Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5364/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-35/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, eyni zamanda faktiki nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi - iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 960 nömrə ilə qeyd etdirməklə 13 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-35/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlə olan nikahlarının pozulması, tərəflərin birgə nikahlarından 28 sentyabr 2013-cü il tarixdə anadan olmuş X1 nikahın pozulmasından sonra Nəcəfova (Verdiyeva) Zəhra Hacıbaba qızının himayəsində saxlanılması, Cavabdeh 28 sentyabr 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 yanvar 2017-ci il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Nəcəfova (Verdiyeva) Zəhra Hacıbaba qızının xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, tərəflərin faktiki nikahından bir uşaq - xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuş, həmin uşağın atasının Cavabdeh olmasına dair Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən “atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 392913 nömrəli, xx.xx.2020-ci il tarixli şəhadətnamə verilmişdir. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı ərizəsində göstərmişdir ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Məhkəmə qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması, Hüseynin saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2018-ci ilin əvvəllərində cavabdehlə barışıb birgə ər-arvad münasibətlərində yaşamağa başlamış, həmin müddətdə 10 fevral 2021-ci ildə ikinci oğlu Əli dünyaya gəlmişdir. Aralarında yaranmış narazılıq nəticəsində 2024-cü ilin iyun ayının ortalarında yenidən ayrılmışlar. Hazırda Hüseyn və Əli onun himayəsində yaşayır. Oğlu Hüseyn hazırda məktəblidir. Ona təyin olunmuş aliment onun tələbatını ödəmir, həmçinin iş tapa bilmədiyindən işləyə bilmir. Cavabdeh isə hazırda işsizdir, cavabdehlə aralarında alimentin ödənilməsi barədə saziş yoxdur. Cavabdeh könüllü olaraq uşaqların saxlanılmsı üçün maddi yardım etmir, Respublikada hər bir uşaq üçün minimum yaşayış həddi 235 manat müəyyən edilmişdir. O, alimentin miqdarının artırılması və digər uşaq üçün aliment tələbi ilə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Mediasiya Təşkilatı tərəfindən ona arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddianın həcminin azaldılmasına dair ərizəsinin məzmumuna uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək Hüseynin saxlanılması üçün məhkəmə qətnaməsi ilə tutulan alimentin artırılmasına razı olmadığını, lakin Əlinin saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödəmək imkanının olduğunu bildirdi, onu da əlavə etdi ki, həmişə bir ata kimi uşaqlarının qayğısına qalmışdır, əvvəllər poçtda işləsə də, hazırda işsizdir, buna görə də maddi imkanı tələb olunan aliment məbləğini ödəməyə imkan vermir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 191612/16 nömrəli, 21 oktyabr 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(043)-35/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh xx.xx.2013-cü il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Nəcəfova (Verdiyeva) Zəhra Hacıbaba qızına ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək icraata başlanılmış, bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icrasını təmin ctmək məqsədilə borclunun qeydiyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş və mobil telefon nömrələrinə SMS bildiriş göndərilmişdir. Tələbkar xx.xx.2024-cü il tarixində ərizə ilə İdarəyə müraciət edərək borclunun 9200 (doqquz min iki yüz) manat aliment borcu olduğunu qeyd edərək barəsində müvafiq tədbirlər görülməsini tələb etmişdir. Borcluya xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu ünvanlanmış və o, xx.xx.2024-cü il tarixində İdarəyə gəlmişdir. Borclu Cavabdeh verdiyi yazılı izahatında həmin borcla razılmaşadığını və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və tələbin yönəldilə biləcəyi digər əmlak və gəlirlərinin olubolmaması barədə “Elektron İnformasiya” Sistemi vasitəsi ilə bağlı elektron sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və tələbin yönəldilə biləcəyi digər əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Gəncə Şəhər Məhkəməsinə təqdimat verilmiş və həmin təqdimat Gəncə Şəhərə Məhkəməsinin 8(125)-664/2024 nömərli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmişdir. Lakin tələbkar xx.xx.2024-cü il tarixində ərizə ilə idarəyə müraciət edərək borclunun heç bir aliment borcu olmadığını və borclu barəsində görülən bütün məcburiyyət tədbirlərinin (ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması da daxil olmaqla) ləğv edilməsini xahiş etmişdir. Hazırda icra sənədi üzrə borclunun heç bir aliment borcu mövcud deyil. İcra işi nəzarətdə saxlanılmaqla zəruri icra tədbirləri davam etdirilir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanununa əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2017-ci ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa görə 2017-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 136,6 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və iddiaçı ilə yanaşı cavabdehin də uşaqları saxlamaq vəzifəsini, cavabdehin tələb olunan miqdarda alimenti ödəməyə qismən razılığını, aliment tələbinin həddini, habelə diqqətəlayiq digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə yuxarıda qeyd olunan əsaslarla yanaşı, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış digər uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X1 mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-35/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə, Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən aliment 06 sentyabr 2024-cü il tarixdən, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün miqdarı dəyişdirilmiş alimentin tutulması isə hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə xx.xx.2020-ci il təvəllüdlü X4 alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi alimentin alınması ilə bağlı olmaqla əsaslı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 38 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçının ödədiyi mediasiya xərcinin 38 manat hissəsi dövlət rüsumu kimi nəzərə alındığından həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-35/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Ödənilmiş məhkəmə xərcinin əvəzi kimi 38 (otuz səkkiz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin xx.xx.2020-ci il təvəllüdlü X5 üçün aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5364/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5364/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver