Məhkəmə qərarları › İş №2(125)-5381/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5381/2023

16.11.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5381/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, babası - 1906-cı il təvəllüdlü X9 1941-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X22 1906-cı il tarixdə doğulmuşdur, o ərizəçinin ata babasıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, babası X9 Cavadxan küçəsi, 6-cı döngə 7 saylı ünvanda evi və 0,05 ha torpaq sahəsi vardır. O, babasının adına olan torpağı və evi qanun üzrə vərəsə kimi qəbul edib, idarə edir. Ancaq babasının ölümünə dair qeydiyyat aparılmadığı üçün mülkü öz adına keçirə bilmir. Ona görə məhkəmə qaydasında babası X9 ölmüş elan edilməsinə zəruri ehtiyac vardır. Babası 1941-ci ildə Gəncə şəhərində ölmüşdür. Babasının ölməsini məhkəməyə dəvət edəcəyi şahidlər təsdiq edəcəklər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi, bacısı Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, babası Gəncədə 1941-ci ildə ölmüşdür, bildiyinə görə Gəncə şəhərində dəfn olunub, ancaq harada dəfn olunması ilə bağlı məlumatları yoxdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçinin qardaşının həyat yoldaşıdır, ərinin babası X9 ölüm haqqında şəhadətnaməsi yoxdur, hansı ildə ölməsini dəqiq bilməsə də bilir ki, o, ölüb və Gəncə şəhərində dəfn olunubdur. X2 ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır, babası Əşrəf 1941-ci ildə ölübdür. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1906-cı ildə doğulmuş X9 1941-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon Qeydiyyat şöbəsinin 2855 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X9 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən onun ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan, Ərizəçi verilmiş 001240 nömrəli, xx.xx.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, Ərizəçi şəhid ailəsinin üzvüdür. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.1952-ci il tarixli, 1129 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçinin atası X15 14 may 1938ci il tarixdə doğulmuşdur, atası X22, anası X7r. Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində 17 dekabr 1964-cü il tarixli kitabın 1273 nömrəli səhifəsindən çıxarışdan görünür ki, X15 və X3 nikahları bağlanmış, nikah bağlandıqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadları verilmişdir. Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 994033 nömrəli, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2009-cu ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Yevlax filialının 3-48-1- 42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Yevlax rayon Tanrıqulular kənd ZDS İcraiyyə Komitəsinin (Mingəçevir kəndi üzrə) 1940-1942-ci illərə dair təsərrüfat kitabının 24-cü səhifəsinin 23 saylı qeydində X9 təsərrüfatı və ailə üzvləri haqqında aşağıdakı məlumatlar vardır:

1. ailə başçısı, 1906-cı il təvəllüdlü X22,

2. Həyat yoldaşı, 1918-ci il təvəllüdlü X4,

3. oğlu, 1932-ci il təvəllüdlü X8,

4. oğlu, 1934-cü il təvəllüdlü X10,

5. qızı, 1937-ci il təvəllüdlü X11,

6. qızı, 1939-cu il təvəllüdlü X12,

7. qızı, 1942-ci il təvəllüdlü X13. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X20 filialının 3-48-DA-4F/2-Ə-946//6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X20 Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyatı Şöbəsi arxiv fondlarının 1940-cı il üzrə mövcud ölüm qeydlərinin aktları yoxlanılmış, X14 ölüm qeydi aşkar olunmamışdır. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X21 cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, 1906-cı il təvəllüdlü X22 haqqında arxiv sənədinin (25 il) saxlama müddəti keçdiyi üçün heç bir məlumat verilə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 1906-cı il təvəllüdlü X22 ərizəçinin ata babasıdır və o, 1941-ci ildə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X9 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə babası X9 adına qeydə alınmış torpaq sahəsinin rəsmiləşdirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 1906-cı il təvəllüdlü X9 1941-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar