Məhkəmə qərarları › İş №2(125)-5440/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5440/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5440/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh isə onun qardaşı olmaqla, həmin evdə yaşamaqdadır. Onun cavabdehlə birlikdə yaşaması qeyri-mümkündür və gələcəkdə onun kompensasiya verilməklə evdən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Hazırda qalmağa yeri olmadığından qızına məxsus evdə müvəqqəti olaraq yaşamağa məcburdur. Cavabdeh isə ona məxsus evdə yaşayır və onu həmin fərdi yaşayış evinə buraxmır. Mülkiyyətçi o, ola-ola, ev onun adına qeydə alınmağına baxmayaraq evə yaxın gedə bilmir. Məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzildən çıxarılması qət edilsə də, sonradan həmin qətnamə ləğv edilərək iddia rədd edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ vardır. Göründüyü kimi, cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan mənzildə yaşamağa və mülkiyyətindən istədiyi kimi istifadə edib sərəncam verməyə imkan vermir. Cavabdehin bu hərəkətləri onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. O, hazırda mülkiyyətində olan evdə yaşaya bilmir, dəfələrlə bu barədə mübahisələri yaranmışdır. Sonda məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh onun qardaşıdır. Hazırda cavabdeh sözügedən evin baba mülkü olduğunu bildirərək həmin evdə yaşamaqdadır, onu isə həmin fərdi yaşayış evinə buraxmır. Cavabdeh bundan əvvəl ona məxsus başqa fərdi yaşayış evini də baba mülkü olduğunu bildirərək satmışdır. Hazırda ona məxsus sözügedən evi də onun əlindən almaq istəyir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, iddiaçı atası, cavabdeh isə əmisidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun atasına, yəni iddiaçıya məxsusdur. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi (əvvəllər Kirovabad şəhəri, Kollektiv küçəsi, ev 30) atasının babası X1 istifadəsində olmuşdur. Babası vəfat etdikdən sonra 1960-cı ildə həmin torpaq sahəsində atası Vidadi, Köçəri, Yahya və atasının əmisioğlu ev tikdirmişlər. Belə ki, atası 2-3 il ərzində evi tikdirib başa çatdırmış, evin tikintisi başa çatdıqdan sonra köçüb orada yaşamışdır. Fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında hazırda iddiaçıya məxsusdur, bununla bağlı ona dövlət reyestrindən çıxarış verilib və həmin çıxarış hazırda qüvvədədir. Cavabdeh isə evin baba mülkü olduğunu bildirərək həmin evdə qeyri-qanuni olaraq heç bir hüquqi əsas olmadan yaşayır, iddiaçını isə həmin fərdi yaşayış evinə buraxmır. Bundan başqa, cavabdehin özünəməxsus Bakı şəhəri, Yasamal rayonunda evi vardır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi ünvanında istifadədə olan 0,0086 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 56,5 m2 olan 99 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 199 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********48-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-62/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 62/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-62/2022 qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4383/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 332/2023 nömrəli mülki iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüquqi ilə ona məxsusdur, özünə məxsus əmlakdan sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirməkdə maneələrlə üzləşmişdir, bu səbəbdən də özünün həmin mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir (228.4). Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Həmçinin də, yaşayış sahəsinə köçürülmə özözlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, - iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, - iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbi yaşayış sahəsinə olan mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1, 152.5-ci mad.). Hazırkı işdə qeyd olunan daşınmaz əmlakın iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı mülkiyyətində olan əmlaka münasibətdə mülkiyyət hüququnun həyata keçirilməsində maneələrlə üzləşmişdir. Belə olan təqdirdə məhkəmə bildirir ki, iddiaçının mənzilə köçürülmə barədə tələbi mülkiyyət hüququna əsaslandığı üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi qiymətləndirilməyən iddia olduğuna və iddia təmin olunduğuna görə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar