Məhkəmə qərarları › İş №2(125)-5457/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5457/2025

04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5457/2025 04.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu Ərizəçi (Maraqlı şəxs) «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) doğum haqqında şəhadətnamədə göstərildiyi kimi ata adının «Valeh» olduğunu tanınması, şəxsiyyət vəsiqəsində və digər rəsmi sənədlərində ata adının «Məhəmməd» əvəzinə «Valeh» kimi qeyd olunması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin hüquqi marağı doğum haqqında şəhadətnamədə, eləcə də onun əsasında verilmiş şəxsiyyət vəsiqəsində ata adının «Valeh» kimi qeyd olunmasıdır. Lakin Ərizəçi ərizəsinə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13- 47/25 nömrəli məktubda Ərizəçi barəsində Samux rayon Qovlarsarı İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1960-cı il tarixli 121 nömrəli doğum haqqında akt qeydinin aşkar olunduğu və həmin doğum haqqında akt qeydində adı «Huseyn», ata adı «Valeh» qeyd edildiyi göstərilmişdir. Göründüyü kimi hazırki halda Ərizəçi hüquqi marağının təmin olunması üçün ilk növbədə doğum akt qeydi ilə onun əsasında verilmiş doğum haqqında şəhadətnamə arasındakı uyğunsuzluq aradan qaldırılmalı, daha sonra isə əldə edilmiş yeni doğum haqqında şəhadətnamə əsasında yeni şəxsiyyət vəsiqəsi əldə olunmalıdır. Buna görə də Ərizəçi qeyd olunan xüsusatın həlli məqsədi ilə qeydiyyat orqanına, qeydiyyat orqanının qərarından (hərəkət və ya hərəkətsizliyindən) narazı qaldığı halda isə aidiyyəti üzrə inzibati məhkəməyə mütaciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» 13-cü bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 16-cı bəndində göstərilir ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi xx.xx.2025, qəbz nömrəsi:********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs) «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi xx.xx.2025, qəbz nömrəsi:********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar