Məhkəmə qərarları › İş №2(125)-549/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-549/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-549/2022 26.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “əşyanın və yaxud dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyanın və yaxud dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Samsung” markalı LED televizorun və yaxud dəyərinin və mediasiya xərcinə görə 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keçmiş qaynanası, Cavabdeh2 isə keçmiş əridir. Cavabdeh2la 17 iyun 2005-ci ildə ailə qurmuş və cavabdehə məxsus evə gəlin köçmüşdür. 2018-ci ilin aprel ayında Cavabdeh2la ayrılmışlar. Lakin sonradan barışaraq birgə yaşamağa başlamışlar. O, xx.xx.2018-ci ildə kredit vasitəsilə “Samsung” LED markalı televizor almışdır. 13 iyun 2019-cu ildə Cavabdeh2 ayrılmış və evdən çıxarkən öz adına kreditlə aldığı televizor cavabdehlərə məxsus evdə qalmışdır. 14 avqust 2019-cu ildə Cavabdeh1 onun xəbəri olmadan televizoru sındıraraq "xxxx" MMCyə təhvil vermişdir. Bu barədə akt da tərtib olunmuşdur. O, televizoru cavabdehdən tələb etsə də cavabdeh televizoru qaytarmamışdır. Hal-hazırda televizor "xxxx" MMC-də saxlanılır. O, "xxxx" MMC-yə televizorun qaytarılması ilə bağlı müraciət etsə də, borcun ödənildikdən sonra qaytarılacağı bildirilmişdir. Hazırda həmin əmlakı cavabdehdən tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) X2 iddia tələbinə etiraz edərək və yazılı etirazı məhkəməyə təqdim edərək bildirdi ki, iddiaçı əvvəl Gəncə şəhəri Nizami Rayon Məhkəməsində Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia qaldırmış, Cavabdeh1 1279 manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbinin də əsası hazırki iddia tələbinin əsası olan “Samsung” markalı Led televizor olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-271/2021 saylı qətnaməsi ilə həmin iddia tələbi rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməmsinin 2(044)-271/2021 saylı, xx.xx.2021 saylı qətnaməsi ilə qüvvədə saxlanılmışdır. İddiaçı hazırda eyni əsasla televizoru və yaxud onun dəyərini tələb edir. İndiki iddia tələbində iddiaçı televizorun qiymətini 1249 manat deyil, 2040 manat məbləğində dəyərləndirsə də bu işin mahiyyətini dəyişmir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən avadanlığı iddiaçı hissə-hissə ödəmək şərtilə almış, lakin evi tərk edib gedərkən televizor onlara məxsus evdə qalmışdır. Bundan sonra dəfələrlə “Kontakt home” mağazasından zəng edərək ödənişlər edilməsi tələb olunmuş, lakin iddiaçı ödənişləri etməmişdir. O da oğlu Azərin tapşırığına əsasən televizoru aparıb mağazaya təhvil vermiş, lakin malda qüsur olduğundan bu barədə akt tərtib olunmuşdur. O, televizordan istifadə etməmiş, ona heç bir müdaxilə edib sındırmamışdır. İddiaçının televizoru onlardan tələb etməsini anlaya bilmir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçı həmin televizoru 2040 manat məbləğində pula alsa da bir qisim ödəniş edərək mağazaya ümumilikdə 1259 manat məbləğində borcu qalmışdır. Televizor mağazaya Cavabdeh1 tərəfindən qüsurlu şəkildə təhvil verilmiş və bu barədə akt tərtib olunmuşdur. Eyni zamanda, iddiaçının gecikdirilmiş borcu olduğundan televizora verilən zəmanət də qüvvədən düşmüşdür. İddiaçı borcunu ödəyəcəyi təqdirdə televizoru mağazadan təhvil götürə bilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 29 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən qiyməti 2010 manat olan “Samsung” markalı televizoru 134 manat ilkin ödəniş etməklə qalıq məbləği 14 ay ərzində hər ay 134 manat olmaqla hissə-hissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin 2.5-ci bəndindən görünür ki, müqavilənin bütün şərtləri yerinə yetirilənədək mal "xxxx" MMC-nin əmlakı hesab olunur, müştəri tərəfindən satıla bilməz və hər hansı formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 “Kontakt Home” mağazasından İddiaçı adına alınmış “Samsung” markalı televizoru mağazanın nümayəndəsi X3 təhvil vermişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-847/2020 saylı, 16 aprel 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 29 aprel 2018-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı televizor üçün 1065 manat ödənilməmiş hissə, 107 manat cərimə məbləğinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-271/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 televizora vurulmuş zərərin əvəzi qismində 1279 manat məbləğində pulun tutulması barədə iddiası təmin olunmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3213/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-271/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə hazırkı iş üzrə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı 14 ay müddətinə ödəmək şərtilə 2010 manat məbləğində “Samsung” markalı televizor nisyə qaydada satılmış və malın dəyəri tam ödənilənədək mülkiyyət hüququ satıcıda, yəni ABC Telecom MMC-də saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 həmin televizoru aparıb "xxxx" MMC-nin əməkdaşına təhvil vermişdir. İddiaçı hazırda özgənin qanunsuz sahibliyində olan əşyanın alınıb ona verilməsini tələb edir. İddiaçı mülkiyyətçi olmasa da Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən qanuni sahib kimi bu tələbi irəli sürə bilər. Özgənin qanunsuz sahibliyindən əşyanın tələb oluna bilməsi üçün əşya başqa şəxsin sahibliyində olmalı və bu sahiblik qanunsuz olmalıdır. Lakin işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının izahatlarından və iş materiallarına əlavə olunmuş aktdan da göründüyü kimi mübahisə predmeti olan televizor cavabdehlərin yox, "xxxx" MMC-nin sahibliyindədir. Belə olan halda iddiaçının cavabdehlərdən televizorun qaytarılmasını tələb etməsi əsassızdır. İddiaçının televizorun dəyərinin qaytarılması tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, əşyaya qanunsuz sahiblik etmiş şəxs əşyanın özünü qaytara bilmədikdə ondan əşyanın dəyərinin alınması həmin əşyanın özgəninkiləşdirilməsi, itməsi və ya məhv olması halında mümkündür. Hazırkı halda isə əşya onun mülkiyyətçisi olan "xxxx" MMC-nin sahibliyindədir və iddiaçı bu əşyanın dəyərinin ödənilməsini cavabdehlərdən tələb edə bilməz. O da nəzərə alınmalıdır ki, iddiaçı artıq Cavabdeh1 qarşı əşyaya vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu iddia təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə “Samsung” markalı televizorun və ya onun dəyərinin cavabdehlərdən alınması barədə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar