Məhkəmə qərarları › İş №2(125)-5516/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5516/2025

05.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5516/2025 05.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhəri MKTİB-ə qarşı «işə bərpa və əmək haqqı» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhəri MKTİB-ə qarşı «işə bərpa və əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına riayət etməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Həmçinin, iddia ərizəsində iki iddiaçı adı göstərilsədə İddiaçı2 cavabdehə qarşı hər hansı tələbi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə iddiaçılara izah edir ki, mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə, eyni zamanda hər bir iddiaçı cavabdehə qarşı tələbini ayrı-ayrılıqda konkretləşdirməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhəri MKTİB-ə qarşı «işə bərpa və əmək haqqı» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar