Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5667/2023 29.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 120 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi rəsmi reyestrdən çıxarışa əsasən ona məxsusdur. Həmin ev xx.xx.1958-ci il tarixli torpaq qeydinə, layihə sənədlərinə və inventarlaşdırma sənədlərinə əsasən X1 adına qeydə alınmışdır. X1 vəfatından sonra, anası X5 5/8 hissə payını ona bağışlamış, digər vərəsələrin payı isə 2/8 hissədə açıq saxlanmışdır. Cavabdeh1 həyat yoldaşı, digər Cavabdeh2 isə oğludur. Cavabdeh1 qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, iş hazırda məhkəmənin icraatındadır. Cavabdehlərlə aralarında narazılıqlar olmuşdur. Belə ki, cavabdehlər ona qarşı nalayiq ifadələr işlətmişdirlət. 2 oğlu vardır. Balaca oğlu Hüseynov Rəşad qaçalmalçılıq cinayətində ittiham olunmuş, hazırda həbsdədir. Digər oğlu, hazırki Cavabdeh2 isə pis vərdişlərlə məşul olur, bununla bağlı pis yoldan əl çəkməli olduğunu dedikdə isə oğlu ona qarşı nalayiq ifadələr işlətmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 1982-ci ildə ailə qurmuş, həmin evə gəlin köçmüşdür. Qayınanası ilə qayınatası evi onlara vermişdir. Artıq 41 ildir ki, həmin evdə yaşayır. İddiaçının öz atası iddiaçını evdən necə çıxarmışdırsa, o da uşaqlarını evdən çıxarmaq istəyir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı atasıdır. Babası həmin evi tikib qurtaran vaxt atası Ukraynada olmuşdur. Digər qardaşı ilə birlikdə evin mətbəxini, tualetini təmir etdirmişdir. Nənəsi vəfat etdikdə də, onun dəfn xərclərini özü qarşılamışdır. Atasının 16-17 yaşlarından bəri əqli qüsurunun zəif olması ilə bağlı sənədləri vardır. Bir ata olaraq özünə yaraşmayan, uyğunsuz hərəkətlər edir. Məhz buna görə o, evinə dostlarını, tanışlarını çağırıb, qonaq qəbul edə bilmir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 21524 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Şəddadilər küçəsi,120 ünvanda yerləşən yaşayış evinin 6/8 hissəsi İddiaçı, 2/8 hissəsi X4 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İİİ-JQ 264104 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikahları xx.xx.1982-ci il tarixdə qedə alınmışdır. . Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evlərindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi tərəflər arasında olan hüquq münasibətləri 1982-ci ildə yaranmışdır. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi)-123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının arvadı, digər cavabdeh İddiaçı isə iddiaçının oğlu olmaqla onun ailə üzvləridir. Cavabdehlər ünvan 3 ünvanında qeydiyyatda olmaqla, hazırki vaxtda da həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsinin məzmunundan görünür ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi iddiaçı hazırki mənzilin mülkiyyətçisi olmaqla cavabdehlər onun ailə üzvləridir. Cavabdehlərin də iddiaçı ilə eyni qaydada mənzildən istifadə hüquqları vardır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5667/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5667/2023
29.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver