Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5669/2024 19.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halı bundan ibarətdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Samiq Qəhrəmanov küçəsində yerləşən 129 nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəsiylə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları və onlara məxsus əşyaların evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yaşamaq üçün mərhum oğlu Süleymanov Namiqə və gəlini Şəmsiyyəyə vermişdir. O, özü Daşkəsən rayonunda yaşayırdır. Oğlu Namiq işləmək üçün Rusiya Federasiyasına getmişdir, 2019-cü ildə vəfat etmişdir. Gəlini Şəmsiyyə oğlu vəfat etməmişdən əvvəl 10 ildən çoxdur ki, evi cavabdehlərə kirayəyə verib, Bakı şəhərinə getmişdir. Cavabdehlər evi pis və natəmiz vəziyyətdə saxlayaraq, evdə və həyətdə zibil tayaları yaratmışlar. Qonşular bir neçə dəfə ona şikayət etmişlər ki, cavabdehlər nəinki evi, həyəti, eyni zamanda küçəni də zibilxanaya çevirmişlər. O, bu barədə bir neçə dəfə cavabdehlərə iradını bildirsə də heç bir nəticəsi olmamışdır. Məcbur olub Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinə də müraciət etmişdir. Hazırda, o, ağır xəstələnmişdir. Həkimlər bildiriblər ki, ona yüksəklikdə yaşamaq olmaz. Ona görə də qayıdıb Gəncə şəhərində yaşamaq istəyir. Cavabdehlərdən tələb etmiş ki, evindən çıxsınlar. Dəfələrlə onlara bu barədə bildirsə də onlar evindən çıxmaqdan imtina edirlər. Onlar bildirirlər ki, guya Kəlbəcərdən məcburi köçkündürlər. Əslində isə onlar hələ məlum hadisələrdən əvvəl köçüb gəlmişlər. Onlar Daşkəsən rayonunun Mədənçilər qəsəbəsində olan evlərini satıb onun evində kirayədə yaşamışlar. Onlar ona heç vaxt kirə haqqı verməmişlər. Cavabdehlər onun evində pasport qeydiyyatında durmurlar, kirayəçi kimi onunla notariat qaydasında təsdiq edilmiş kirayə müqavilələri yoxdur. Uzun illər evində yaşayıb evini yararsız vəziyyətə salmışlar. Həyəti zibilxanaya dönmüş, siçan-siçovul yuvasına çevrilmişdir. Üfunət iyindən hətta qonşular evlərində rahat yaşaya bilmirlər, natəmizlikdən onların uşaqları küçədə oynaya bilmirlər. Bu barədə Akt tərtib etmişlər. Belə insanları evində saxladığı üçün, ondan narazılıq edirlər. Beləliklə, o, dəfələrlə cavabdehlərdən evi boşaltmalarını tələb etmiş, lakin, cavabdehlər müxtəlif bəhanələr gətirərək evdən çıxmaqdan imtina edirlər. O, öz evindən istifadə edə bilmir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı xx.xx.2019-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmış mübahisəli evdən cavabdehlərin çıxarılmasını xahiş etmiş və mülkiyyət hüququnu həyata keçirə bilməməsi ilə tələbini əsaslandırmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh tərəf mübahisəli yaşayış sahəsinə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin həmin evə hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun müəyyən edilməməsinə baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin əşyalarıyla birgə çıxarılmasını və evin təhvil verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə mülki işin faktiki hallarına qeyd olunan hüquq normalarını tətbiq etməklə belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evində cavabdehlərin qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan evdən əşyalarıyla birgə çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Samiq Qəhrəmanov küçəsində yerləşən 129 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar və həmin ev İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5669/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5669/2024
19.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver