Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5672/2025 17.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı «iddiaçının xüsusi mülkiyyətində olan mənzilə dair bağışlama müqaviləsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, yeni qaydalarla Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evinin nəvəsi X2 adına bağışlamağına dair müqavilənin evində pasport qeydiyyatında olan oğlu X1 razılıq ərizəsi olmadan təsdiq edilməsi öhdəliyinin cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, yeni qaydalarla Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, həmin yaşayış evini nəvəsi X3 bağışlamaq istəyir. Belə ki, uzun illərdir ona nəvəsi baxır, onun bütün xərclərini (əməliyyat, müalicə və s.) xərclərini nəvəsi Elvin çəkir. Bundan başqa qeyd edilən yaşayış evi təmirsiz və şəraitsiz idi. Evi nəvəsi Elvin Bağırovun vəsaiti hesabına təmir etdirmişdir. Buna görə o, özünə məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, yeni qaydalarla Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evini nəvəsi X3 bağışlamaq istəyir. Bağışlama müqaviləsinin təsdiq edilməsi üçün o, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə yaxınlaşmışdır. Notariat Ofisində ona bildirilmişdir ki, bağışlama müqaviləsinin təsdiqi üçün evdə pasport qeydiyyatında olan bütün ailə üzvlərinin razılığı alınmalıdır. Lakin evdə pasport qeydiyyatında olan oğlu X4 razılıq vermədiyi üçün notarius bağışlama müqaviləsini təsdiq etməkdən imtina etmişdir. O, notariusun imtinası ilə razı deyildir. Belə ki, evin mülkiyyətçisi odur. Mülki qanunvericiliyin tələblərinə görə mülkiyyətçi öz əmlakına dair istədiyi kimi sərəncam verməkdə azaddır. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinin notariusu Nurçin Novruzova məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********21-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhəri 3 saylı notariat ofisinin qərarından görünür ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Bu səbəbdən bağışlanma müqaviləsinin təsdiq edilməsi mümkün deyildir. İddiaçı ona məxsus Gəncə şəhəri Vəli Xuluflu küçəsi ev 87A, Yeni Qaydalarla: AZ2001 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin nəvəsi X3 bağışlanmasından imtina edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evinin nəvəsi X3 bağışlanmasına dair əqdin təsdiq edilməsi üçün Gəncə şəhəri 3 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi «Notariat hərəkətlərinin aparılması» haqqında Təlimatın 49-cu bəndinə əsasən yəni «yaşayış sahəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır» bəndinə görə əmlaka dair notariat qaydasında bağışlanma müqaviləsinin təsdiq edilməsindən imtina etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan mənzili nəvəsi X3 bağışlamaq istədiyini lakin həmin mənzildə oğlu X4 pasport qeydiyyatında olduğuna görə bunu həyata keçirə bilmədiyini bildirmişdir. İlk öncə qeyd etmək lazımdır ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir.Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, «Notariat haqqında» Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan,qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinə görə yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qeydiyyatda olan şəxsin razılığı notariat fəaliyyəti ilə tənzimlənir. Lakin əqdin etibarsızlığı Mülki Məcəllə ilə müəyyən edilir. Yəni notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsininin zədələnməsinə dəlalət etmir. Digər tərəfdən İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququ, o cümlədən mənzil üzərində sərəncam vermək hüququ həmin mənzildə qeydiyyatda olan oğlu X1 hüquqları ilə məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə əsas deyildir. Buna görə də İddiaçı mülkiyyətində olan evi nəvəsi X3 bağışlaması oğlu X1 hüquqlarının məhdudlaşdırılmasına və ya hüquqlarının hər hansı nöqteyi nəzərdən pozulmasına gətirib çıxarmır. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında göstərilir ki, «... mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə mülki işin müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyi Gəncə şəhəri 3 saylı notariat ofisininin notariusuna həvalə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 87A, Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 134 ünvanında yerləşən fərdi yaşayış evini nəvəsi X3 bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyi Gəncə şəhəri 3 saylı notariat ofisininin notariusuna həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5672/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5672/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver