Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5731/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun anasına baxdığı 2012-ci ildən 2022-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəyə mülki mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli 2(043)- 1452/2012 saylı qətnaməsi ilə Ərizəçi 10 fevral 2000-ci il tarixdən 05 may 2012-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar sərbəst özünü idarə edə bilməyən anası X1 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilmişdir. Qeyd etmişdir ki, 10 fevral 2000-ci il tarixdən 2022-ci ilə qədər anası xəstə olduğu üçün o, anasına evində baxmış, anası özünü idarə edə bilməmiş, qulluğa ehtiyacı olmuş,ona görə də neçə illər anasına qulluq etmişdir. O, anasının qulluğunda durmuş, işləyə bilməmişdir. Anası 2022-ci ildə vəfat etmişdir. Anasına baxdığı illəri onun əmək kitabçasına əlavə etməyi DSMF-dən xahiş etsə də, onun xahişi nəzərə alınmamışdır. DSMF onun anasına qulluq etməyinin 2012-ci ilə qədər əmək stajına yazmışdır. Lakin o, 2022-ci ilə qədər yəni vəfat edənə qədər anasına baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: -307.2.3-doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; -307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Məhkəmə göstərir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin müəyyən etdiyi qaydalara görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələblərinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləninn 153.3-cü maddəsində göstərilmişdir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi anasına baxdığı 2012-ci ildən 2022ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması faktının müəyyən edilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-na müraciət etmək hüququnun olması, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-na müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5731/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5731/2024
02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver