Məhkəmə qərarları › İş №2(125)-5854/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5854/2025

21.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5854/2025 21.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilmə faktının müəyyən etməklə payın müəyyən edilməsi” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X2 miras qalmış Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, JN-047B Kod-50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahəsindən ibarət miras əmlaklar üzərində onun tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı atası X15 xx.xx.2004-cü il tarixdə Goranboy rayonunda vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış Goranboy rayonu Əzizbəyov kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, JN- 047B Kod-50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahəsinə iddiaçı tərəfindən faktiki istifadə və sahiblik həyata keçirilmiş, mərhumun ölümündən sonra iddiaçı anası ilə birlikdə miras qoyana məxsus evdə yaşamış, ondan qalan torpaq sahəsininin bir hissəsini özləri əkib-becərmiş, bir hissəsini isə bir müddət əkibbecərdikdən sonra icarəyə vermişlər və hazırda da hər üç əmlak iddiaçının faktiki sahiblik və istifadəsindədir.(Ərazi dairəsi üzrə nümayəndəliyin arayışı əlavə edilir). Xüsusi ilə qeyd edilməlidir ki. iddiaçının atası ölümündən qabaq hər 3 əmlakı qızı İddiaçı vəsiyyət etmişdir(vəsiyyətnamə əlavə edilir.) Qeyd edilməlidir ki. iddiaçının anası miras qoyanla yalnız faktiki nikah münasibətlərində olduğundan, ona pay düşmür və o bununla razılaşaraq pay tələb etmir. Faktiki nikah münafibətlərində olaraq bir yerdə yaşadıqları öçün Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının anası X16 və onun başqa kişidən olan övladları X22 və X28 və sonuncunun uşaqları X23 və X11 adları hər iki şəhadətnaməyə salınmışdır. Bu hal onların özü tərəfindən də etiraf edilir, mübahisəiəndirilmir və doğum haqqında şəhadətnamələrlə də öz təsdiqini tapır. İddiaçı xx.xx.2016-cı il tarixdə evlənərək Şəkiyə gəlin köçmüş və soyadımda Allayarov soyadına dəyişmişdir.(şəhad sur əlavə edilir). Miras qoyanın başqa qadından olan 2 qız övladı, yəni hazırki cavabdehlər isə miras əmlakı qəbul etməyə-etməyə Goranboydakı torpaqlardan pay istəyir və bunun üçün atasının ölümündən 11 il ötdükdən sonra Gəncə şəhəri 3 saylı Notariat ofisinə müraciət etmiş, özlərini vərəsə kimi təqdim edərək onun vərəsə kimi mövcudluğunu gizlədərək yalnızca ikisinin vərəsə olduqlarını bildirmişlər. Digər cavadeh Cavabdeh1 isə 21 il sonra yəni 27 fevral 2025-ci il tarixdə notariusa müraciət edərək özünü vərəsə kimi tanıtmışdır. Notariusda öz növbəsində sistem vasitəsi ilə miras qoyanın başqa övladının, yəni İddiaçı olmasını bildirərək onlara pay verməkdən imtina etmişdir. Qeyd edilməlidir ki, hər iki cavabdeh Goranboy rayonu Əzizbəyov kəndində yerləşən miras əmlaklardan pay istəsələr də, həmin əmlakları nə faktiki qaydada qəbul etmiş, nədə ki, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə notariusa ərizə verməklə mirası qəbul etmişlər. Cavabdehlər nəinki miras əmlakda, heç Goranboy ərazisində belə yaşamamış. yalnızca mərhumun dəfn mərasimində iştirak etmişlər. Cavabdehlərin var olması barədə iddiaçı dəfn günü məlumatlanmış və daha iki ögey bacısının olmasını öyrənmişdir. Həmçinin qeyd edilməlidir ki. miras qoyanın bir oğul övladı yəni X29 da vardır ki, onun notarius orqanına müraciəti yoxdur və miras kütləsindən pay almaq iddiasında deyil və bu səbəblə cavabdeh kimi cəlb edilməsi zərurəti yaranmamışdır. O cümlədən qeyd edilməlidir ki, miras qoyanın valideyinlərinin hər ikisi dünyasını dəyişmişdir və bu barədə, həm notariat işində şəhadətnamələr var, həm də ailə tərkibi haqqında arayışda bu öz təsdiqini tapmışdır. Bundan başqa cavadehlər Gəncə şəhəri 3 saylı Notariat ofisinə müraciət edərək Gəncə şəhərində yaşadıqları Gəncə şəhəri Kəpəz rayonu Tağı Arani küçəsi bina 13, mənzil 24-ün miras kütləsinə daxil olduğunu düşünərək həmin mənzilin faktiki qəbulu barədə arayış gətirmişlər ki, mirası ancaq özləri qəbul ediblər, lakin notarius tərəfindən araşdırma aparılaraq onlara bildirilmişdir ki, həmin əmlak miras kütləsinə daxil deyil və özəlləşdirilmə yolu ilə həmin əmlak cavabdehlərin adma keçirilmişdir. Miras kütləsini bütövlükdə iddiaçı qəbul etməsinə baxmayaraq Gəncə şəhəri, 3 saylı Notariat Ofisi buna dair şəhadətnamə verməkdən imtina edərək, bu barədə qərar qəbul edərək təqdim etmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin ilkin dəqiqləşdirilməsi: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı mərhum atası X2 miras qalmış Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən, həmçinin JN-047B Kod-50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahələrindəki mərhum X8 məxsus olan hissədən, yəni mərhuma məxsus olan pay hissədən ibarət olan miras əmlaklardan vərəsə İddiaçı tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi iddia ərizəsində qeyd edilən iki torpaq sahəsinə münasibətdə, yəni JN-047B Kod-50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahəsində yalnızca mərhumun payı yox, digər şəxslərin də payları mövcuddur və həmin şəxslər hazırda həyatdadır. Bu səbəbdən də JN-047B Kod- 50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahələrindəki mərhum X8 məxsus olan hissədən, yəni mərhuma məxsus hissədən ibarət olan miras əmlakdan tam pay almaq hüququ ilə əlaqədardır. Digər torpaq sahəsi, yəni Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində X6 payı tam olduğundan həmin miras əmlaka bütünlükdə tam pay hüququnun tanınması tələbi mövcuddur. İddia tələbinin son dəqiqləşdirilməsi: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı mərhum atası X2 miras qalmış Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən, həmçinin JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahələrindəki mərhum X8 məxsus olan hissədən, yəni mərhuma məxsus olan pay hissədən ibarət olan miras əmlaklardan vərəsə İddiaçı tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasını onunla əsaslandırmışdır ki, JN-047B Kod-50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsinə məhkəmə tərəfindən yerli baxış keçirilərkən məlum olmuşdur ki, həmin əmlaka dair digər şəxsin də sənədləri mövcuddur. Bu səbəblə də iddia tələbinin həcmini azaldaraq JN-047B Kod-50905018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsinə deyil, Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evin və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahələrindəki mərhum X8 məxsus olan hissədən, yəni mərhuma məxsus hissədən ibarət olan miras əmlakdan tam pay almaq hüququ ilə əlaqədardır. Digər torpaq sahəsi, yəni Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində (reyestr nömrəsi:**********08- 10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində X6 payı tam olduğundan həmin miras əmlaka bütünlükdə tam pay hüququnun tanınması tələbi mövcuddur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi dəqiqləşmə ərizəsinin məzmununa uyğun çıxış edərək İddiaçı mərhum atası X2 miras qalmış Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən, həmçinin JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahələrindəki mərhum X8 məxsus olan hissədən vərəsə İddiaçı tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxışında bildirdi ki, miras qoyan onun atası olmuşdur. Atası ilk öncə anası ilə evlənmişdir. Daha sonra atası anasından ayrılaraq Goranboy rayonuna qayıtmış, orda yeni ailə həyatı qurmuş və həmin birgəlikdən iddiaçı dünyaya gəlmişdir. Atası 2004-cü ildə vəfat etmiş və atasının dəfnində də iştirak etmişdir. Atası vəfat etdikdən sonra atasından qalan Goranboy rayonu Əzizbəyov kəndində yerləşən evdə iddiaçı Fəridə və onun anası yaşamışdır. Dəfndən sonra atasından qalan hər hansı bir əmlakı qəbul və idarə etməyib. Gəncədəki ev isə 1972-ci ildə atası zavodda işləyəndə orderlə alınıb. Atası rəhmətə gedəndən sonra anası o evdə yaşayıb. Anası da rəhmətə gedəndən sonra isə həmin evi özəlləşdirmişdir. Atası mərhum X2 qalan hər bir mülkdən pay istədiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia qarşı münasibətində bildirmişdir ki, atası 2004-cü ildə vəfat edib. Atasının dəfnində iştirak edib. Dəfndən sonra atasından qalan hər hansı bir əmlakı qəbul və idarə etməyib. Atası vəfat etdikdən sonra atasından qalan Goranboy rayonu Əzizbəyov kəndində yerləşən evdə iddiaçı Fəridə və onun anası yaşamışdır. Goranboy rayon Əzizbəyov kəndində 0.25 ha torpaq sahəsində yerləşən yaşayış evini isə bibisi Dünya idarə edir və bütün kommunal ödənişləri, digər xərcləri bibisi çəkir. Həmçinin bildirmişdir ki, babasından qalan Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsindən (həmçinin onun üzərində yerləşən evdən) pay istəyir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən baxış iclasında şahid qismində dindirilmiş X12 çıxışında bildirdi ki, miras qoyan X15 onun qardaşdır. Qardaşı ilk öncə Gəncə şəhərində cavabdehlərin anası ilə evlənib, daha sonra isə ondan ayrılaraq iddiaçının anası ilə birgə yaşayıb. İddia tələbində qeyd edilən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi (həmçinin onun üzərində yerləşən ev) mərhum atası İsgəndərə məxsus olmuşdur. Həmin torpaq sahəsində olan evdə qardaşı Gəncədən qayıtdıqdan sonra bir müddət yaşasa da, daha sonra özünə ayrıca ev tikmişdir. Həmin yeni evdə qardaşı Yusif, qızı Fəridə və onun anası birlikdə yaşayıblar. Həmçinin bildirdi ki, Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsinə (həmçinin onun üzərində yerləşən evə) dair onun hüquq müəyyən edici sənədləri vardır. Bu səbəbdən də həmin əmlakın miras olaraq iddiaçıya verilməsinə etiraz edir. İddiaçı və iş üzrə digər cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: - 294410 nömrəli, 26 sentyabr 1990-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1990-cu ildə Goranboy rayon, Əzizbəyov kəndində doğulmuşdur, atası X17, anası X9r. - 566782 nömrəli, xx.xx.1951-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1929-cu ildə doğulmuşdur, atası X5 oğlu, anası X25r. Bu barədə doğum haqqında akt qeydləri kitabında - 2 saylı Gəncə Regional ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X7 qızı İddiaçıdır. - Goranboy rayon Əzizbəyov kənd icra nümayəndəsi tərəfindən tərtib olunmuş 30 iyun 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, Goranboy rayon Əzizbəyov kəndində yaşayan X15 ona məxsus olan Goranboy rayon Əzizbəyov kəndində yerləşən yaşayış evini, həyatyanı torpaq sahəsini, kəndin aşağı hissəsində olan pay torpağını qızı X13 vəsiyyət etmişdir. Vəsiyyətnamə reyestrdə 02 nömrə ilə qeydə alınıb. - Gəncə şəhər ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 101681 nömrəli, xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X1 Fəridə Yusif qızı ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil omuş və akt qeydləri kitabında 426 nömrəsi ilə akt qeydi aparılmışdır. Nikahdan sonra arvada Allahyarova soyadı verilmişdir. - 22 sentyabr 2025-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərardan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vəfat etmiş mərhum atası X6 vəfatından sonra adına miras qalmış əmlakına dair tam payda irs almaqla vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X2 qalmış miras qəbuluna dair qızı Cavabdeh2 müraciəti əsasənda Gəncə şəhər 3 saylı notariat ofisində xx.xx.2015-ci ildə V-76 nömrə ilə qeyd edilmiş vərəsəlik işi açılmışdır. xx.xx.2025-ci il tarixdə 8i-780 reyestr nömrəsi ilə qeyd edilmiş mirasın qəbulu ilə bağlı mərhumun digər qızı Cavabdeh1 da notariat ofisinə ərizə ilə müraciət etmişdir. Tərəflər arasında mübahisə olması səbəbindən mərhumdan miras qalmış əmlaka dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Goranboy rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli məktubdan görünür ki, X8 məxsus olan həyətyanı sahəsi və pay torpağını xx.xx.2015-ci il tarixədək qızı İddiaçı istifadəsində olmuşdur. - Goranboy rayon Kəhrizli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 395403 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2004-cü il tarixdə Goranboy rayon Kəhrizli kəndində böyrək çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli 05 nömrəsi ilə akt qeydi aparılmışdır. - Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 663726 nömrəli, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində asistoliya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixli 423 nömrəsi ilə akt qeydi aparılmışdır. - Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsəürrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 8135 nömrəli arayışda qeyd olunur ki, atası X15 və mərhum anası X20 vəfat edənə qədər Gəncə şəhər, T.Arani küçəsi, 13 saylı binanın 2 nömrəli mənzilində yaşamışdır. Mərhumların vəfatından sonra həmin ünvanda yaşayan qeydiyyatda olan Gəncə şəh., MKTİB-nin 11 nömrəli sahəsinə məlum olan, sağ qalan və müraciət edən aşağıdakı ailə üzvləri vardır: qızı-X21, oğlu- X29, qızı- Cavabdeh2. - Daşınmaz Əmlakın Dövlət Reysetrindən verilən xx.xx.2025-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Goranboy rayon, Əzizbəyov kəndində mülkiyyətində olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 138 nömrəli vərəqində qeydə alınmışdır. - JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfatlı torpaq sahəsi X15 və onun ailə üzvləri X16, X28, X22, X10 mülkiyyətinə verilib. - JN-047B Kod 50905018 saylı 05 avqust 2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Goranboy rayon Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi X6 və onun ailə üzvləri X16, X28, X22, X24, X26, X14 mülkiyyətinə verilib. Tətbiq edilən hüquq Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin məcəllənin xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş redaksiyası: 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. xx.xx.2023-ci il tarixinədək qüvvədə olmuş redaksiyası: 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «Notariat haqqında» Qanunun 18-ci maddəsinə əsasən: Notariat kontorları olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri təsdiq edirlər "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli fərmanının 3.5-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin adında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər; Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci addəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair Konstitusiya Məhkəməsinin Plenumunun «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı - Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı: Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarı - Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək, tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X15 xx.xx.1929-cu ildə doğulmuşdur. O, cavabdehlərin anası- X20 ilə ilk dəfə ailə həyatı qurmuş birgə nikahdan onun dörd övladı dünyaya gəlmişdir. Daha sonra o, cavabdehlərin anası X3 ayrılaraq, iddiaçının anası olan X16 ilə qeyri-rəsmi nikah münasibətlərində yaşamışdır. Miras qoyan X6 bu birgəlikdən bir uşağı, yəni İddiaçı dünyaya gəlmişdir. Miras qoyan xx.xx.2004-cü il tarixdə vəfat etmiş, vəfatından öncə ona məxsus olan Goranboy rayon Əzizbəyov kəndində yerləşən yaşayış evini, həyatyanı torpaq sahəsini, kəndin aşağı hissəsində olan pay torpağını, Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsini 30 iyun 2004-cü il tarixli vəsiyyətnamə ilə qızı X13 vəsiyyət etmişdir. İddiaçı həmin əmlaklara bağlı şəhadətnamə almaq üçün notariat orqanına müraciət etdikdə məlum olmuşdur ki, cavabdehlər daha öncə notariat orqanında vərəsəlik işi açdırmış, lakin vərəsələr arasında mübahisə olduğu üçün onlara şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda İddiaçı ilk öncə məhkməyə müraciət edərək, atasından qalan hər üç əmlakdan- Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, JN-047B Kod-50905018 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnaməyə əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən atasının payına düşən hissələrdən tam pay tələb etmişdir. Daha sonra isə Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 0.25 ha torpaq sahəsi ilə bağlı atası X6 bacısı X4 da həmin torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərinin olmasını əsas gətirərək, həmin hissədə iddia tələbini azaltmışdır. Hazırda Goranboy rayonu Əzizbəyov kəndində olan 0.22 ha torpaq sahəsində (reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə münasibətdə tam payının, Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən atasının payına düşən hissədən tam pay tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, miras qoyan X15 xx.xx.2004-cü il tarixdə vəfat etdiyindən və hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan normaları tətbiq edilməlidir. Belə ki, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu baxımdan araşdırılmalı olan ilkin məsələnin iddiaçının qanunvericilikə müəyyən olunmuş müddətdə mirası qəbul edib-etməməsidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi təcrübəyə əsasən məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Mülki işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı mirası müəyyən olunmuş müddətdə formal üsulla yəni notariat orqanına ərizə verməklə qəbul etməmişdir. İddiaçının atasından qalan mirası faktiki qəbul etməsi isə işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlərin özləri məhkəmə iclası zamanı bildirmişlər ki, atası vəfat etdikdən sonra ögey bacıları İddiaçı və onun anası atasından qalan Goranboy rayonunda evdə yaşamış və həmin evi idarə etmişlər. Deməli iddiaçının mirası qəbul etməsi işin mübahisəsiz halıdır. Hazırda payın müəyyən edilməsi tələb edilən hər iki əmlak miras qoyan tərəfindən ölümündən əvvəl iddiaçıya vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamə ilə bağlı məhkəmə qeyd edir ki, vəsiyətnamə qanunvericiliyin tələbinə uyğun tərtib edimiş, həmçinin miras qoyanın sağlığında ləğv edilməmişdir. Belə ki, «Notariat haqqında» Qanunun 18-ci maddəsinə əsasən Notariat kontorları olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri təsdiq edirlər. Həmçinin həmin vəsiyyətnamənin etibarsız olmasına dair cavabdehlər tərəfindən hər hansı bir tələb məhkəməyə bildirilməmiş və məhkəmənin özü tərəfindən də vəsiyətnamənin etibarsız olmasına dəlalət edən hallar aşkar edilməmişdir. Belə ki, «Notariat haqqında» Qanunun 18-ci maddəsinə əsasən Notariat kontorları olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri təsdiq edirlər. Qeyd edilən xx.xx.2004-cü il tarixli vəsiyyətnamə vəsiyət edənin sözləri ilə və iki şahidin iştirakı ilə yazılıb və müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsi tərəfindən təsdiq edilib. Cavabdehlərin isə atalarından qalan qeyd edilən əmlaklara dair artıq vəsiyyətnamə olduğu üçün onların yalnız həmin əmlakdan məcburi pay hüquqları ola bilərdi. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, həmin dövr qüvvədə olan qanunvericiliyin tələbi baxımdan hər iki cavabdeh mirası mirasın açıldığı andan 3 aylıq müddət ərzində qəbul etməli idilər. Lakin, cavabdehlərin mirası qəbul edib-etməmələri barədə sədrlik edənin suallarına cavab olaraq hər iki cavabdeh bildirmişdir ki, atalarını dəfn etdikdən sonra, Gəncəyə gəlmişlər, atalarından qalan hər hansı bir əmlakı nə idarə etmişlər,nə yaxşılaşdırma işləri aparmışlar,nə də ki atalarının hər hansı bir öhdəliyini icra etməmişlər. Belə ki, iş üzrə Cavabdeh2 məhkəmin xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, atası vəfat etdikdən sonra mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməyib. (xx.xx.2025-ci il tarixli hazırlıq iclası, video görüntü 21:36-cı dəqiqə; 22:30-cu dəqiqə). İş üzrə digər Cavabdeh1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, atası vəfat etdikdən sonra mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməyib. (xx.xx.2026-cı il tarixli baxış iclası, video görüntü 9-cu dəqiqə). Beləlikə cavabdehlərin atalarından qalan mirası nə formal,nə də faktiki olaraq qəbul etmədiyi üçün onların miras əmlak üzərində məcburi pay hüququları da mövcud deyil. İddiaçının vəsiyyətnamədə qeyd edilən əmlaklarına münasibətdə qeyd edilməlidir ki, həmin əmlaklardan Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində (reyestr nömrəsi: **********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində miras qoyanın tam mülkiyyət hüququ olduğundan həmin əmlak üzərində tam, digər əmlak yəni JN-0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən isə miras qoyanın payına münasibətdə iddiaçın tam pay hüququ müəyyən edilməlidir. Bundan başqa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyi üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. İddiaçı atası X2 miras qalmış Goranboy rayonu Əzizbəyov kəndində 0.22 ha torpaq sahəsində(reyestr nömrəsi:**********08-10301) yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış 24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə münasibətdə tam və JN- 0129 Kod 50905018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 3.12 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən mərhum X6 payına məxsus olan hissədən İddiaçı tam pay hüququ müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar