Məhkəmə qərarları › İş №2(125)-6197/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6197/2025

28.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6197/2025 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 4-a dair istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1996-cı ildə Gəncə şəhər Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Ailə qurduğu gündən ünvan 1 ünvanına gəlin köçmüşdür və yaxın müddətə kimi həmin ünvanda yaşamışdır. Birgə nikahdan övladları olmamışdır. Bu dövr ərzində ailə münasibətləri normal olsa da, son dövrdə cavabdehin ona qarşı olan münasibətləri dəyişmişdir ki, bu da ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Ailə münasibətləri pozulduqdan sonra həmin mənzildən qovulub və orada yaşamasına icazə verilməyib. Cavabdeh və digər ailə üzvləri gəlin köçdüyü Gəncə şəhəri, Ş.İ.Xətai pr., 237, ev 1, mənzil 10-da 1972-ci ildən yaşamışlar və xx.xx.2009-cü ildə qaynatası X4 adına qeydiyyata aldırmışlar. xx.xx.2014-cü ildə X9 həmin mənzili bəxşeyiş müqaviləsinə əsasən Cavabdeh adına bağışlamışdır. Həmin mənzilə dair istifadə hüququ vardır. Hazırda yaşayış üçün başqa yeri olmadığına görə qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə etiraz: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə övladı olmadığından onunla ayrılmaq qərarına gəlib. İddiaçı heç bir təzyiq olmadan könüllü şəkildə xx.xx.2022-ci il tarixdə özünə məxsus əşyaları evdən çıxararaq daimi başqa yerə köçmüşdür. Bunu qonşular: X6 (AA0268034), X2 (AA4238111), X7 (AA0182446) təsdiq edə bilərlər. Bundan sonra başqa qadınla qeyri rəsmi ailə quraraq həmin qadını və iki azyaşlı övladları birlikdə evə küçürmüşdür. Beləliklə, iddiaçı könüllü şəkildə evindən 3 ildən artıqdır ki, çıxmışdır, həmin evdən onu heç kim qovmamışdır. İddiaçıya məxsus evdə heç bir əşyası qalmamışdır. Hesab edir ki, iddiaçı həmin mənzilə olan istifadə hüququnu itirmişdir və onun mənzilə köçürülməsi təmin edilməməlidir. Həmçinin iddiaçı ilə nikahın pozulması ilə bağlı məhkəməyə iddia ilə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. İddiaçı ilə aralarındakı ailə münasibətləri xitam olunmuşdur. Əlavə olaraq bildirir ki, iddiaçı 2021-ci ildə atasından miras qalmış Gəncə şəhəri Tağı Arani küçəsi bina 27, mənzil 39-u sataraq həmin mənzilin qeydiyyatından çıxaraq onun mənzilinə qeydiyyata alınmışdır. 2024-cü ildə iddiaçı həmin evdən qeydiyyatdan çıxmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı çıxış edərək bildirdi ki, 1996-cı ildə cavabdehlə ailə qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüş və 2022-ci ilədək həmin mənzildə yaşamışdır. Birgə nikahlarından övladları olmamışdır. Bu səbəblə cavabdehlə aralarında olan razılığa əsasən, cavabdeh digər qadınla qeyri-rəsmi olaraq evlənib və 2022-ci ilədək onlar bir yerdə yaşayıblar. 2022-ci ildə bacısı qızı təzə doğuş etdiyi üçün uşağa baxmağa köməklik göstərmək məqsədilə yoldaşının icazəsi ilə bacısıgilə gedib və 40 gün bacısıgildə qalıb. Daha sonra evə geri qayıdanda cavabdehin anası onu evə girməyə qoymayıb və ona bildirib ki, “Emin deyir artıq bu evə girə bilməz, əşaylarını götürüb getsin bu evdən.” Bu səbəblə 2022-ci ildə sözügedən evdən çıxıb. Həmçinin İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirdi ki, atası 2000-ci ildə rəhmətə gedib və atasının ölümündən sonra ondan qalan evi bacısı ilə birgə 2021-ci ildə 35000 manata satıb, pulunu bacısı ilə aralarında bərabər şəkildə bölüblər. Ata evini satanda cavabdehlə aralarında mübahisə olmamışdır. Çıxışının sonunda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh çıxış edərək bildirdi ki, qeyd edilən mənzil order əsasında atasının və onların istifadəsində olmuşdur. Toydan sonra doğrudan da iddiaçı həmin mənzilə gəlin köçmüşdür. 2009-cü ildə həmin evi atası X4 adına qeydiyyata aldırmışlar. 2014-cü ildə atası həmin mənzili ona bağışlamışdır və ev hazırda onun mülkiyyətinədir. Birgə nikahlarından övladları olmamışdır. Bu səbəblə iddiaçı ilə aralarında olan razılığa əsasən, o, digər qadınla qeyri-rəsmi olaraq evlənib və 2022-ci ilədək onlar bir yerdə yaşayıblar. 2021-ci ildə iddiaçı atasından qalan evi satanda ona bildirib ki, evin pulunu versin, bankda iddiaçının adına hesab açaraq ora yerləşdirsinlər, ancaq Mehriban hər dəfə fərqli bəhanələr gətirərək pulu verməkdən boyun qaçırıb. Bacısıgilə getmək istədiyini bildirəndə ona icazə verib, ancaq cavabdeh 40 gün sonra gələcəyini ona demək əvəzinə qonşusuna xəbər verib. Bu səbəbdən də anasına bildirib ki, Mehriban evə gələndə onu evə buraxmasın. Çıxışının sonunda iddiaya etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materialları: Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh nikahı xx.xx.1996-cı ildə 256 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 3 saylı Gəncə Ərazi İdarəsinin 04 sentyabr 2025-ci il tarixli, 3-21-3-33/2-9673/2025 nömrəli əmlaka dair arxiv məlumatlarının verilməsi barədə məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil 40 nömrəli order, 09 saylı mənzil istismar sahəsinin 02 fevral 2009-cu il tarixli, 258 saylı forma 2 arayışına əsasən X1 Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusunun 03 fevral 2009-cu il tarixdə təsdiq edilmiş 7E-03- 1300 saylı razılıq ərizəsinə, X5 Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusunun 03 fevral 2009-cu il tarixdə təsdiq edilmiş 7E-03-1303 saylı razılıq ərizəsinə, Cavabdeh Gəncə şəhəru 7 saylı dövlət notariat kontorunun dövlət notariusunun 03 fevral 2009-cu il tarixdə təsdiq edilmiş 7E-03-1302 saylı razılıq ərizəsinə, X3 Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusunun 03 fevral 2009-cu il tarixdə təsdiq edilmiş 7E-03-1301 saylı razılıq ərizələrinə əsasən X4 adına qeydiyyata alınmış və ona 04 mart 2009-cu il tarixli, **********71-05101-093014 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusunun 30 yanvar 2014cü il tarixli, 4Ə-1-198 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X9 tərəfindən Cavabdeh bağışlanmış və sonuncunun adına Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 237, ev 1 ünvanında yerləşən 10 saylı mənzilə dair 19 fevral 2014-cü il tarixli , **********71-05101-093014 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2025-ci il tarixli, 3-21-3-33/2-11973/2025 nömrəli adına əmlakın olub-olmamasına dair ətraflı məlumatın verilməsi barədə məktubdan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə və Respublika üzrə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(125)-6594/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 02 iyul 1996-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 256 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixdən 1 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. -«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarı: Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. İddiaçı məhz həmin tarixdə cavabdeh və onun ailə üzvlərinin order əsasında istifadəsində olan ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinə gəlin köçmüş və 2022-ci ilədək həmin evdə yaşamışdır. 2022-ci ildə iddiaçı cavabdehin tələbi ilə həmin mənzildən çıxmış və hazırda bacına məxsus olan evdə yaşayır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə 1996-ci il tarixdə köçdüyündən hazır ki, mübahisəyə 08 iyul 1982-ci il tarixdən və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir, Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvdə olan qanunvericiliyin tələbi baxımndan iddiaçının qeyd edilən mənzildən istifadə hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, 2022-ci ildə iddiaçı öz istəyi ilə deyil cavabdehin tələbi əsasında evdən çıxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən mənzilə istifadə hüququ itirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli qərarında qeyd edilir ki, Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı öz istəyi ilə deyil onun tələbi ilə evdən çıxmışdır. Həmçinin hazırda tərəflər arasında nikaha xitam verilməsi həmin hüququn itirilməsinə səbəb olmur. Belə ki, Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixdən 1 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi nin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bundan başqa cavabdehin dəlil kimi iddiaçıya atasından qalmış evi satmasına münasibtədə məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edirlir ki, iddiaçı həmin mənzili cavabdehlə aralarında mübahisə yaranmasından bir il əvvəl satmışdır. Belə olan halda iddiaçı öz əmlakı barədə sərəncam vermək səlahiyyəti olmuşdur. Əgər iddiaçı həmin evi cavabdehlə aralarında olan mübahisədən sonra satmış olsa idi, hazırda servitutun əsası, yəni istifadə hüququnun zəruriliyi aradan qalxmış olacaqdı. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanına İddiaçı istifadə hüququ tanınmalı və o həmin ünvana köçürülməlidir. Bundan başqa iş materialları ilə müəyyən olurnur ki, iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarədətdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərini rəbər tutaraq, iddia tələbitam tam təmin olunmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanına İddiaçı istifadə hüququ tanınsın və o, həmin ünvana köçürülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar