Məhkəmə qərarları › İş №2(125)-62/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-62/2023

14.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-62/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 və Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində hər bir ünvanda 0,04 ha torpaq sahələrinə Cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının cavabdehin hesabına götürülməsi və qazılmış torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, cavabdehin onun mülkiyyətində olan torpaq sahələrində özbaşına tikinti işləri görülməsinin qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 və Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində hər bir ünvanda 0,04 ha. torpaq sahələri olmaqla həmin sahələr iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başlamaqla daş, qum materiallarını həmin sahələrə tökdürərək tikinti işləri aparır. İddiaçının əri X4 bu haqda Gəncə şəhəri, Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək baş verən qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində araşdırma aparılmış və xx.xx.2021-ci il tarixlə cavab verilmişdir ki, yaranmış mübahisə mülki xarakterlidir və məsələnin həlli üçün məhkəməyə müraciət edilməlidir. Odur ki, iddiaçının mülkiyyətimdə olan, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 və Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində hər bir ünvanda 0,04 ha. torpaq sahələrinə Cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının cavabdehin hesabına götürülməsi və qazılmış torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, cavabdehin onun mülkiyyətində olan torpaq sahələrində özbaşına tikinti işləri görülməsinin qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatda göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin torpaq sahəsini ona ayırıblar, lakin sənədi yoxdur. Bu baxımdan iddia əsassız olduğundan iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 ünvanında 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi və **********22 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixdə X1 adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi və **********55 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X1 adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilmiş 780.0 kv.m torpaq sahəsinin 380.0 kv.m hissəsi **********55 reyestr nömrəli çıxarışa əsasən X1, 400 kv.m hissəsi **********22 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətindədir. İddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilmiş 780 kv. m torpaq sahəsinə digər şəxs və ya şəxslər tərəfindən daş tökülməsi səbəbindən, həmin torpaq sahəsindən faktiki olaraq iddiaçı istifadə edə bilmədiyini bildirmişdir. **********55 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan 400 kv.m hissəsinin 20 kv.m hissəsinin faktiki olaraq qonşuluqda yerləşən həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilmişdir. **********55 reyestr nömrəli və **********22 reyestr nömrəli çıxarışlara əsasən X1 mülkiyyətində ümumi sahəsi 800 kv.m torpaq sahəsində hər hansı tikili müəyyən olunmadı. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7552 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 3 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi ərazisində təqdim etdiyi 780.0 kv.m torpaq sahəsinin 380.0 kv.m hissəsi **********55 reyestr nömrəli çıxarışa əsasən X1, 400 kv.m hissəsi **********22 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətindədir. İddiaçının etibarnamə ilə nümayəndəsi tərəfindən naturada təqdim edilmiş 780 kv. m torpaq sahəsinə digər şəxs və ya şəxslər tərəfindən daş tökülməsi səbəbindən, həmin torpaq sahəsindən faktiki olaraq iddiaçı istifadə edə bilmədiyi müəyən edilmişdir. **********55 reyestr nömrəli və **********22 reyestr nömrəli çıxarışlara əsasən X1 mülkiyyətində ümumi sahəsi 800 kv.m torpaq sahəsində hər hansı tikili müşahidə olunmadı. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 ünvanında 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi və Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində hər bir ünvanında 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi X1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəslərinin 780 kv.m hissəsində Cavabdeh tərəfindən daş tökülməsi səbəbindən istifadə edə bilər. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi istifadə və sahiblikdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa istifadə və sahiblik hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da, əmlak hüquqları sayılır: Həmin məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçının istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə mübahisələndirilən 780 kv. m torpaq sahəsinə digər şəxs və ya şəxslər tərəfindən daş tökülməsi səbəbindən, həmin torpaq sahəsindən faktiki olaraq iddiaçı istifadə edə bilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi **********55 reyestr nömrəli və **********22 reyestr nömrəli çıxarışlara əsasən X1 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin 780 kv. m hissəsi cavabdeh tərəfindən daş tökülərək istifadə edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, **********55 reyestr nömrəli və **********22 reyestr nömrəli çıxarışlara əsasən X1 mülkiyyətinə verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 ünvanında və Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində yerləşən yaşayış məntəqələri torpaq sahəsinin 780 kv. m hissəsinə Cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin hesabına götürülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli, cavabdehə həmin torpaq sahələrində özbaşına tikinti işləri görülməsi qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 80 manatı Cavabdeh alınaraq iddiaçı X2 verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. **********55 reyestr nömrəli və **********22 reyestr nömrəli çıxarışlara əsasən X1 mülkiyyətinə verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 4 ünvanında və Gəncə şəhəri, Sadıllı qəsəbəsi X7 küçəsində yerləşən torpaq sahəsinin 780 kv. m hissəsinə Cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin hesabına götürülsün, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin və Cavabdeh həmin torpaq sahələrində tikinti işləri görülməsi qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 80 (səksən) manatı Cavabdeh alınaraq iddiaçı X2 verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar