Məhkəmə qərarları › İş №2(125)-6213/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6213/2023

20.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6213/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı (həmçinin digər İddiaçı2 qanuni nümayəndəsi) İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (iddiaçıların vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə, ümumi istifadə qaydalarının müəyyən edilməsi” tələbinə iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə, ümumi istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onların Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülmələri və yaşayış evindən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə xx.xx.2003-cü il tarixdə ailə qurmuş və cavabdehlərin yaşadıqları ünvan 2 ünvanına gəlin köçmüşdür. 2003-cü il tarixdən həmin ünvanda yaşamışdır. Cavabdeh1lə birgə nikahından xx.xx.2005ci il tarixdə İddiaçı3 və xx.xx.2007-ci il tarixdə isə İddiaçı2 adlı uşaqları doğulmuşdur. İddiaçılar 2020-ci il tarixədək həmin mübahisəli evdə yaşayıb birgə təsərrüfatı idarə etmişlər. İddiaçı1 ilə Cavabdeh1 arasında olan narazılıqlara görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-633/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 İddiaçı1 yanında saxlanılmış və İddiaçı1 məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə öz ata evinə - ünvan 3 ünvanına qayıtmışdır. Cavabdehlərdən Cavabdeh2 Cavabdeh1 atasıdır. İddiaçı olaraq onlar hazırda ünvan 4 ünvanında qeydiyyatdadırlar. Lakin, buna baxmayaraq hər iki cavabdeh mübahisəli evdən istifadə etmək hüquqlarının olduğu halda onların həmin evə köçmələrinə maneçilik törədirlər. İddiaçı1 Cavabdeh1 ilə 17 il rəsmi nikahda olmaqla yaşayıb birgə təsərrüfatı idarə etdikləri üçün və onunla birgə nikahdan iki uşağı olduğuna görə nikahı məhkəmə qaydasında pozulmasına baxmayaraq, iddiaçıların mübahisəli evdə yaşamaq hüquqları vardır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onu da qeyd edirlər ki, hazırda mübahisə edilən Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 2V-1-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən 39.0 kvadratmetr olan yaşayış otağı, 30.5 kvadratmetr örtülü eyvan, 13.2 kvadratmetr açıq eyvan, 7.6 kvadratmetr mətbəx, 6.8 kvadratmetr hamamdan ibarət fərdi yaşayış evi Cavabdeh2 keçmiş və ona xx.xx.1999-cu il tarixli, 13497 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Yəni Cavabdeh2 hazırkı vaxtadək mübahisəli ev üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırmamışdır. Məhkəmə iclasında iddiaçı (həmçinin digər İddiaçı2 qanuni nümayəndəsi) İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 həmçinin bildirdi ki, özünün mübahisəli ünvana köçürülməsi barədə iddiası ona münasibətdə təmin edilməyəcəyi halda uşaqlarının onsuz mübahisəli ünvana köçürülməsinə də razı deyildir. Məhkəmə iclasında İddiaçı2 iştirak etməmiş, onun hüquqları qanuni nümayəndəsi İddiaçı1 tərəfindən müdafiə olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (iddiaçıların vəkili) Vəkil iddia tələbindən qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, İddiaçı1 qeyd etdiklərini təsdiq edir. İddiaçı1 Cavabdeh1 ilə 2003-cü ildə rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuş və mübahisəli Gəncə şəhəri Ə.Qarayev keçəsi 15V ünvanında yerləşən evə gəlin köçmüş və 2020-ci ilin sonunadək orada yaşamışdır. İddiaçılar hal-hazıra kimi mübahisəli evdə pasport qeydiyyatındadır. İddiaçı1 mübahisəli ünvana gəlin köçən zaman həmin evə dair Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan hesab edir ki, tərəflər arasında olan mübahisəli hüquq münasibətinə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123cü maddəsinin müddəaları tətbiq olunmalı və cavabdehlər mübahisəli evə köçürülməlidir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçılardan İddiaçı1 onun keçmiş arvadı, digərləri isə onun uşaqlarıdır. O, İddiaçı1 ilə 30 dekabr 2003-cü il tarixdə rəsmi nikaha girmiş və sonuncu atası Cavabdeh2 məxsus ünvan 7 ünvanında yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarında Fəqan və Fidan adlı uşaqları doğulmuşdur. İddiaçı1 ilə münasibətləri tutmadığına görə onunla faktiki olaraq 2011-ci il tarixdə ayrılmış və Vüsalə həmin tarixdən etibarən atası evinə qayıtmışdır. Ümumiyyətlə oğlu Fəqana doğulandan bəri qayınanası baxmışdır. Cavabdehlərə məxsus əşyalar mübahisəli evdə yoxdur. O, Vüsalədən boşanmaq üçün bir neçə dəfə məhkəməyə müraciət etmək qərarına gəlsə də anasının təkidinə əsasən bu fikrindən daşınmışdır. Hətta 2017-ci ildə məhkəmədə nikahın pozulması barədə iddia qaldırmış, anasının xahişindən sonra ərizəsini geri götürmüşdür. Bundan sonra anası vəfat etmiş, 2020-ci ildə İddiaçı1 nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmış və 27 aprel 2021-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçıların atası Cavabdeh2 məxsus olan ünvan 7 ünvanında yerləşən evə köçüb orada yaşamalarını istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçılardan İddiaçı1 onun keçmiş gəlini, digərləri isə nəvələridir. Oğlu Cavabdeh1 İddiaçı1 ilə 30 dekabr 2003-cü il tarixdə rəsmi nikaha girmiş və Vüsalə ona məxsus ünvan 7 ünvanında yerləşən evə gəlin köçmüşdür. Vüsalə ona məxsus olan mübahisəli evə gəlin köçən zaman onun heç bir yazılı razılığı olmamışdır. Mübahisəli ev ona vərəsəlik qaydasında keçmiş və o, həmin evə 1999-cu ildə qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. Elmarla Vüsalənin münasibətləri tutmadığına görə onlar faktiki olaraq 2011-ci il tarixdə ayrılmış və Vüsalə həmin tarixdən etibarən atası evinə getmişdir. Cavabdehlərə məxsus əşyalar mübahisəli evdə yoxdur. Elmar 2017-ci ildə Vüsalədən boşanmaq üçün məhkəmədə iddia qaldırmış, lakin mərhum arvadının xahişindən sonra Elmar ərizəsini geri götürmüşdür. 2020-ci ildə İddiaçı1 Cavabdeh1 qarşı nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmış və 27 aprel 2021-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda o, mübahisəli evə qeydiyyat vəsiqəsi əsasında çıxarış da almışdır. Hesab edir ki, cavabdehlərin mübahisəli evə dair heç bir hüquqları yoxdur. Odur ki, cavabdehlərin ona məxsus ünvan 7 ünvanında yerləşən evə köçüb orada yaşamalarını istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili X5 çıxışında bildirdi ki, mübahisəli ev 1999-cu ildən hal hazıra kimi Cavabdeh2 mülkiyyətindədir. İddiaçı1 2003-cü ildə həmin evə gəlin köçmüş və 2011-ci ilədək orada yaşamışdır. Gəlin köçən zaman evin mülkiyyətçisi olan Cavabdeh2 ilə evin gəlin arasında evdən istifadə etmə ilə bağlı heç bir yazılı müqavilə olmamışdır. Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından iddiaçıların mübahisəli evdən istifadə etmələrinə dair heç bir hüquqları yaranmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri 2005-ci ildən yaransa da qanunvericiliyə görə həmin tarixədək inventar bürolar tərəfindən verilən qeydiyyat vəsiqələri də mülkiyyət hüququnu əvəz edən sənəd hesab olunurdu. Ona görə də hazırkı mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları deyil, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalı və iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 8 ünvanında pasport qeydiyyatındadırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(044)- 633/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh1 arasında 30 dekabr 2003-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 anası X1 himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30 mart 2023-cü il tarixli məktubundan və 13497 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 2V-1-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən 39.0 kv.m olan bir yaşayış otağı, 30.5 kv.m örtülü eyvan, 13.2 kv.m açıq eyvan, 7.6 kv.m mətbəx, 6.8 kv.m hamamdan ibarət fərdi yaşayış Cavabdeh2 adına keçmiş və ona xx.xx.1999-cu il tarixli, 13497 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. **********29 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.0223 ha torpaq sahəsində yerləşən 81.5 kvadratmetrdən ibarət (yeni qaydalarla) ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X1 Cavabdeh1 qarşı “cehiz, qızıl-zinət əşyalarının və ya onların ümumi dəyərinin alınması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 ilə Cavabdeh1 2003-cü ildə rəsmi nikaha daxil olmuş və İddiaçı1 keçmiş qayınatası (hazırkı iş üzrə cavabdeh) Cavabdeh2 məxsus ünvan 11 ünvanında yerləşən evə gəlin köçmüşdür. Cavabdeh1 ilə İddiaçı1 arasında olan nikahdan İddiaçı3 və İddiaçı2 doğulmuşdur. Tərəflər yola gedə bilmədiklərindən aralarında olan nikah 27 aprel 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlar anasının yanında saxlanılmışdır. Eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X1 Cavabdeh1 qarşı “cehiz, qızıl-zinət əşyalarının və ya onların ümumi dəyərinin alınması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Hazırda İddiaçı1 məxsus əşyalar mübahisəli ünvanda yoxdur. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 2V-1-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən 39.0 kv.m olan bir yaşayış otağı, 30.5 kv.m örtülü eyvan, 13.2 kv.m açıq eyvan, 7.6 kv.m mətbəx, 6.8 kv.m hamamdan ibarət fərdi yaşayış Cavabdeh2 adına keçmiş və ona xx.xx.1999-cu il tarixli, 13497 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra **********29 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.0223 ha torpaq sahəsində yerləşən 81.5 kvadratmetrdən ibarət (yeni qaydalarla) ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar hal hazırda mübahisəli ünvanda pasport qeydiyyatındadırlar. İddiaçı tərəf iddiasını müdafiə etmiş, cavabdeh tərəf isə iddiaya etiraz etmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, İddiaçı1 2003-cü ildə gəlin kimi Cavabdeh2 həmin vaxt və hazırda mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evə gəlin köçmüş və Cavabdeh1lə faktiki olaraq ayrılana kimi orada uşaqları ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılır. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüuququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. İş materialları ilə də müəyyən olunduğu kimi mübahisəli ev mübahisəli hüquq münasibətinin yarandığı dövrdən də əvvəl olmaqla hal hazıra kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçılardan İddiaçı1 mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün cavabdehlərin İddiaçı1 ailə üzvü olub-olmaması məsələsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə İddiaçı1 ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, İddiaçı1 mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli evin qanuni sahibinin digər ailə üzvləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin İddiaçı1 Cavabdeh2 ailə üzvü hesab olunmadığından İddiaçı1 mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Bu baxımdan məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, diqqət yetirərək belə qənaətə gəlir ki, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü olmadığına görə onun mübahisəli evdə yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan yaşamaq hüququ yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı1 Cavabdeh2 arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma da mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, İddiaçı1 hazırkı iş üzrə Cavabdeh2 ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə İddiaçı1 mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmə hüququ yaranmamışdır. Məhkəmə həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 mübahisəli ünvana köçürülməsi barədə tələbinə də münasibət bildirərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə qeyd edir ki, iddiaçılardan İddiaçı2 və İddiaçı3 uzun müddətdir ki, mübahisəli ünvanda yaşamamaqla yanaşı anası İddiaçı1 ilə birlikdə başqa ünvanda yaşayırlar. Belə olan halda onların babaları Cavabdeh2 mülkiyyətində olan mübahisəli evə köçüb yaşamaq kimi hüquqları artıq itmişdir (hüquqa xitam verilmişdir). Digər tərəfdən həmçinin məhkəmə qeyd edir ki, İddiaçı1 münasibətdə mübahisəli evə köçürülməsinə dair tələbi təmin edilmədiyindən digər iddiaçı olan xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 mübahisəli evə köçməsi məntiqi baxımdan düzgün olmazdı. Belə ki, Fidan 2021-ci il tarixdən anası İddiaçı1 himayəsinə verildiyi və hazırda da yetkinlik yaşına çatmadığı üçün onun mübahisəli ünvana köçürülməsi faktiki olaraq anasının himayəsindən çıxmasına səbəb olacaqdır. Həmçinin məhkəmə iclasında İddiaçı1 da uşaqlarının ondan kənar mübahisəli ünvana köçürülməsinə razı olmamışdır. Digər İddiaçı3 nümayəndəsi Vəkil İddiaçı1 fikrini dəstəkləmişdir. Belə olan halda məhkəmə hesab edir ki, digər iddiaçıların anaları İddiaçı1 mübahisəli ünvana köçürülməyəcəyi halda özlərinin mübahisəli evə köçürülməsi barədə hüquqi maraqlarının olmaması və digər qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia tələbi digər iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə də təmin oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ünvan 13 ünvanında yerləşən yaşayış evinə köçürülmə və həmin evdən ümumi istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı1 tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ünvan 11 ünvanında yerləşən yaşayış evinə köçürülmə və həmin evdən ümumi istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar